Təhsil ekspertindən SOS: “Kişi müəllimləri məktəblərə qaytarmalıyıq, əks halda...”

Azərbaycan məktəblərində müəllimlərin 81 faizi qadınlardır; Kamran Əsədov: “Bu durum təhsilimizə təhdid, genefondumuza təhlükədir”

Sentyabrın 15-dən yeni tədris ilinə start verildi. Statistik məlumata görəb bu il 150 min müəllim ümumtəhsil müəssisələrində fəaliyyət göstərəcək ki, onların da təxminən 19-20 faizi kişi müəllimləridir. Qeyd edək ki, hər ötən il məktəblərdə kişi müəllimlərin sayının azaldığı müşahidə olunur. Mütəxəssislər bildirir ki, sovet dövründə də müəllim peşəsini seçən kişi müəllimlərin sayı çox olmayıb, amma onların sayı indiki qədər də azlıq təşkil etməyib.

Araşdırmalar göstərir ki, məktəblərdə kişi müəllimlərin sayı məhz 1991-1992-ci illərdən sonra kəskin azalmağa başlayıb ki, bunun da əsas məlum səbəbi həmin dövrdəki böhranlı vəziyyət, müharibə şəraitinin mövcudluğu idi.

Mütəxəssislərə son illərdə məktəblərdə baş verən neqativ halları nəzərə alaraq, məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac olduğunu bildirir. Qeyd olunur ki, şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha uyğundur. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir, hətta idman dərslərini də qadın müəllimlər keçirlər. Belə olan halda şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar.

Bəs niyə kişilər orta məktəblərdə müəllim işləməyə can atmır? Məktəblərdə müəllimlərin 81 faizinin qadın olmasının hansı mənfi təsirləri var?

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, hazırda 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır və onların 81 faizini qadınlar təşkil edir: “Bu prosesə baxanda görürük ki, Azərbaycan müstəqillik əldə edən bu rəqəm fərqli idi. Yəni məktəblərdə çalışan müəllimlərin 56 faizi qadınlar, 44 faizi kişilər idi. Müstəqilliyin ilk illərində kişi müəllimlərin xeyli qismi Birinci Qarabağ müharibəsinə getdi. Həmçinin həmin dövrdə baş verən inflyasiya və devalvasiya müəllimlərin əmək haqqını çox ciddi şəkildə aşağı saldı. Beləliklə də, müəllimlərin əmək haqqı aşağı olduğu üçün kişilər bu sahədən getməyə başladı. 1991-2001-ci illər dövründə kişi müəllimlərinin sayında kəskin azalma baş verdi.

Ardınca işə qəbul prosesində daha çox kolleclərə üstünlük verilməyə başladı, nəticədə universitetlərdə müəllimlik ixtisasları üzrə plan yerləri kəskin azaldı. 2001-2011-ci illərdə ali təhsil müəssisələrində pedaqoji plan yerlərinin sayı kəskin azaldı, əvəzində orta ixtisas təhsil müəssisələrində, yəni kolleclərdə ingilis dili, Azərbaycan dili müəllimliyi ixtisaslarını kolleclərə saldılar. Bu zaman hərbi xidmətdən azad etmə olmadığına görə oğlan abituriyentləri kolleclərə getmədilər, əvəzində qız abituriyentləri kolleclərə getdi, ardınca ali məktəblərə gəldilər".

Təhsil eksperti qeyd edib ki, məktəblərdə kişi müəllimlərinin sayının kəskin az olması təhsilin keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir: “Aparılan tədqiqatlar göstərir ki, kişi müəllimlərin dərsində şagirdlərin aktivliyi, dərsə davamiyyəti, hazırlığı qadın müəllimlərlə müqayisədə kifayət qədər fərqlidir, yəni müsbət göstəricilər kişi müəllimlərə aiddir.

Ölkədə 1693 uşaq bağçası var, orada təlim-tərbiyə sahəsində çalışanların sayı 18 mindən çoxdur və hamısı da qadındır. Yəni bir bağçada belə nə direktor, nə də təlim-tərbiyə sahəsində çalışanların arasında kişi işçi yoxdur. Kişi işçilər bağçada yalnız bağban, dalandar, gözətçilərdir. Beləliklə də uşaqlar erkən inkişaf dövründə yalnız qadınlarla təlim-tərbiyə prosesinin iştirakçısı olurlar. Halbuki 2016-cı ildə qəbul edilmiş qaydalarda əks olunur ki, təhsil müəssisələrində kişi pedaqoqlar da olmalıdır.

Uşaqlar bağçadan sonra ibtidai siniflərə gəlirlər, orta məktəblərin ibtidai siniflərində də çalışan müəllimlərin yalnız 4 faizini kişi müəllimlər təşkil edir. Başqa sözlə, ibtidai siniflərdə çalışan müəllimlərin 96 faizi qadındır ki, bu da yetkinlik inkişaf dövründə şagirdlərin həm fiziki, həm də psixoloji inkişafına, xarakterinin formalaşmasına mənfi təsir göstərir. Hazırda orta məktəblərdə çalışan kişi müəllimlərin orta yaşı 46-dır. Bu o deməkdir ki, artıq çox cüzi sayda kişilər müəllim peşəsinə gəlir. Araşdıranda görürük ki, bu il orta məktəblərə qəbul edilmiş 8 min müəllimin cəmi-cümlətanı 1500 nəfəri kişi müəllimləri təşkil edir. İş o yerə çatıb ki, məktəblərdə hətta idman və hərbi fənlərə də qadın müəllimləri gəlir".

Ekspert bunu yeni nəslin genefondunun formalaşmasına  mənfi təsir göstərəcəyini düşünür: “Biz genefondun qorunması, həmçinin orta ümumtəhsil məktəblərində tədrisin digər yanaşmalarını dəyişmək üçün gender bərabərliyinin mütləq şəkildə tənzimləməliyik. Hesab edirəm ki, azı 5 il müəyyən strateji ixtisaslarda kişi müəllimərinin qəbuluna üstünlük verməliyik. Diqqət etsək görərik ki, son illərdə məktəblərdə neqativ halların sayı, şagirdlərin dərsə davamiyyətsizliyi, qayda-pozuntularının sayı kəskin artıb ki, fikrimcə, bunun da əsas səbəblərindən biri məktəblərdə kişi müəllimlərinin cüzi sayda olması ilə əlaqədardır. Təhlil edəndə görürük ki, özəl liseylərdə bu cür hallar yoxdur, çünki orada genefond, gender bərabərliyi qorunur.

Bir daha qeyd edirəm, vəziyyətin bu cür olması birbaşa təhsilimizə təhdid, genefondumuza təhlükədir. Bunun üçün də kişi müəllimlərini məktəblərə qaytarmalıyıq. Fikrimcə, ailə başçısı olan kişi müəllimlərinə güzəşt etməliyik və buna borcluyuq. Onları kommunal xərclərdən azad etməliyik ki, aldıqları əmək haqları ciblərində qalsın. Belə olarsa, kişilər yenidən müəllimlik peşəsinə gəlməyə başlayacaq".

HAZIRLADI: Xalidə GƏRAY

16.09.2023 09:50
1531