Musavat.com xəbər verir ki, İranın “Azeriha” adlı Teleqram kanalı Azərbaycanı növbəti dəfə sərt şəkildə ittiham edib. Kanalda yayımlanan yazıda iddia olunur:
“Bakı Respublikası Niderlandın Haaqa şəhər bələdiyyəsində sərgi təşkil edib və Təbrizlə Ərdəbildə toxunmuş İran xalçalarını ölkənin 30 illik mədəni irsi kimi təqdim edib. Bu isə İranın sosial şəbəkələrində geniş etiraz dalğasına səbəb olub.”
Eyni zamanda, Tehran Universitetinin müəllimi, Qafqaz üzrə baş analitik Ehsan Movahhedian Azərbaycanı və xüsusilə “Yeni Müsavat” qəzetini İran xalçalarını “oğurlamaqda” və Azərbaycan sərgisində Təbriz və Ərdəbil xalçalarını öz mədəni irsi kimi təqdim etməkdə günahlandırıb.
İddia edilir ki, “Yeni Müsavat” bu ittihamlarla bağlı belə cavab verib:
“Təbriz və Ərdəbil şəhərləri nə vaxtdan İranın olub ki, bu xalçalar da İrana aid sayılsın? Axı Arazın hər iki tərəfində bir millət, bir xalq yaşamırmı?”
Yazıda Ehsan Movahhedian “anti-türk şərəfsiz” və “ermənipərəst iranlı” adlandırılıb. Daha sonra isə bildirilir:
“Ermənilər Şuşadakı Gövhər Ağa məscidini İran üslubunda bərpa etmişdilər. Qarabağ azad olunandan sonra həmin məscid Azərbaycan üslubunda yenidən bərpa edildi ki, İran bu ərazilərdən Azərbaycanın izini silə bilməsin.”
Hətta iddia olunur ki, “İrəvandakı Göy məscid Bakıya məxsusdur və onun fasadı İrana sərf edən şəkildə dəyişdirilib. Movahhedian isə boş-boş danışmaqdansa, gerçək tarixi öyrənməlidir.”
Dr. Ehsan Movahhedian isə bu iddialara cavab olaraq yazıb:
“Bəli, Arazın hər iki tərəfində bir xalq yaşayır. Amma bölünənlər bir gün əvvəlki halına qayıtmalıdır. İranın yuxuda olan şiri vaxtı gələndə nərə çəkəcək. Əsas məsələ odur ki, İranda və dünyada əksəriyyət sizin kimi mədəniyyət və kimlik saxtakarlarına inanmır və sizi adam yerinə qoymur.”
“Yeni Müsavat”ın mövqeyi: İranlı müəllim özü ilə polemika aparır
“Yeni Müsavat” Media Qrupu bu iddialara cavab olaraq bildirir ki, söhbətin konkret olaraq hansı “Yeni Müsavat” məqaləsindən getdiyi bəlli deyil. Təqdim edilən yazıda heç bir istinad göstərilməyib. Bu isə onu deməyə əsas verir ki, Tehranlı müəllim – həm də “baş analitik” – sadəcə olaraq özü uydurduğu ifadə və ibarələrlə özü ilə polemika aparır.
Bu cür materiallar isə Azərbaycanla İran arasında münasibətlərin normallaşmağa doğru getdiyi, dövlətlərin qarşılıqlı konstruktiv addımlar atdığı bir vaxtda ortaya atılmaqla məqsədli şəkildə münasibətləri zədələməyə, pozmağa və təxribat yaratmağa xidmət edir.
Ayrıca diqqət çəkən məqam odur ki, “Azeriha” kanalı Azərbaycan dövlətinin rəsmi adını belə hörmətlə çəkməyərək, təhqiramiz şəkildə “Bakı Respublikası” kimi qeyd edib. Bu, İranın 1990-cı illərdən bu yana Azərbaycana qarşı yürütdüyü ideoloji kursun bir parçasıdır və görünən odur ki, bu xətt bu gün də davam etdirilir.
Bəzi İran dairələrinin bir tərəfdən Azərbaycanla münasibətlərin normallaşmasından danışması, digər tərəfdən isə belə təxribatlara yol verməsi, ikili oyun və diplomatik qeyri-səmimiyyət nümunəsidir.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti və Media Qrupu hər zaman Azərbaycanın birliyi, bütövlüyü və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla Şimali Azərbaycandakı dövlətin birləşməsi ideyasının tərəfdarı olub. Bunu heç vaxt gizlətməyib və açıq şəkildə bəyan edib ki, “Vahid Azərbaycan” hər bir azərbaycanlının, hər bir Azərbaycan türkünə mənsub şəxsin qızıl alması olmalıdır.
Bu ideyadan, milli kimlikdən və tarixi həqiqətlərdən yayınmağa çalışanlar isə həm gerçəyə, həm də xalqların haqqına qarşı çıxmış olurlar. Bu gün isə Azərbaycan xalçalarını mənimsəməkdə ittiham edənlər, əslində, tarixlə və millətimizlə mübarizə aparırlar.
Musavat.com