Tehran rejimi Güney Azərbaycan fəallarına divan tutur - AMANSIZ MƏHKƏMƏ HÖKMÜ ALANLARIN ADLARI

Musavat.com saytının verdiyi xəbərə görə, bir neçə Güney Azərbaycan siyasi təşkilatı Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən Güney Azərbaycan siyasi fəallarına qarşı çıxarılan ağır və ədalətsiz hökmləri şiddətlə qınayıb.

Təşkilatlar İranın milli azlıqlara, xüsusilə türklərə qarşı apardığı repressiv siyasətlərin davam etdiyini vurğulayıblar.

Tehran məhkəməsi “toplaşma və əlbir olma”, “casusluq” kimi əsassız ittihamlarla tanınmış fəallar Hüseyn Piri, Əbdüləziz Əzimi Qədim, Vüdud Əsədi və digərlərini uzunmüddətli həbs cəzasına məhkum edib. Bu ittihamların əsassız olduğunu bildirən bəyanat müəllifləri, İranın bu addımlarının beynəlxalq insan hüquqları prinsiplərinə zidd olduğunu qeyd ediblər.

İranın müxtəlif şəhərlərində keçirilən əməliyyatlar nəticəsində həbs olunan fəalların zorakılıq və işgəncələrlə üzləşdikləri, onların ailələrinin isə təzyiqlərə məruz qaldıqları bildirilir. Fəalların tək məqsədi türklərin hüquqlarını müdafiə etmək və ayrı-seçkiliyə son qoymaq olub.

Bəyanatın sonunda imzalayan partiyalar, Azərbaycan milli hərakatına qarşı bu təzyiqlərin nəticəsiz qalacağını və türklərin milli hüquqlarını müdafiə etməyə davam edəcəklərini bildiriblər. Həmçinin, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edilərək bu haqsız hökmlərin qınanması və fəalların azad olunması tələb edilib.

Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

• Azərbaycan Mərkəz Partiyası (AMP)
• Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
• Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
• Güney Azərbaycan Demokrat Partisi (GADP)

Musavat.com xəbər verir ki, bu siyasi təşkilatlar İran rejiminin insan hüquqlarına zidd siyasətlərini davam etdirdiyini və bunun türk millətinin milli kimliyini hədəf aldığını bəyan edərək, beynəlxalq ictimaiyyəti daha aktiv mövqe tutmağa çağırıblar.

 

Musavat.com

17.10.2024 23:02
574