Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah və təşkilatın bir çox liderləri, o cümlədən SEPAH generalı Abbas Nilfuruşanın qətlə yetirilməsi İranı ciddi sınaq qarşısında qoyub.
Təkcə ona görə yox ki, Hizbullah İslam Respublikasının Yaxın Şərqdə ən güclü müttəfiqi, “müqavimət cəbhəsi” adlanan xəttin mərkəzi, uğurlu hərbi-siyasi təşkilat nümunəsi, həmçinin Yaxın Şərq və hətta daha uzaq məntəqələrdə silahlı gerilla qruplarının hazırlanmasını həyata keçirən hərbi-siyasi güc idi.
Həm də ona görə ki, Beyrutda həyata keçirilən qəsd İranın 40 ildir Yaxın Şərqdə apardığı siyasi xətti və belə demək olarsa, hərbi doktrinasını zərbə altında qoyur. Rəsmi Tehranın bundan sonra atacağı addımlar böyük ölçüdə onun regiondakı siyasi varlığının taleyini müəyyən edəcək.
Suriyada Bəşər Əsəd hakimiyyətini qoruyub saxlayan, İraq, Yəmən kimi ölkələrdə dəstəklədiyi qüvvələrin hakimiyyətə (burada Hizbullahın da ciddi xidmətləri olub – K.R.) gəlməsinə nail olan, Livanda faktiki olaraq siyasi və hərbi gücü əlində cəmləyən İran İsrail və Qərblə həlledici qarşıdurmaya sürükləndiyini hiss edir.
7 oktyabr hadisəsi və ondan sonra Yaxın Şərqdə baş verənlər böyük mənada İsrail və İran, ya da “müqavimət cəbhəsi” deyilən xəttin qarşıdurması idi. HƏMAS İsrailə qəfil hücumu ilə ABŞ-ın müəllifi olduğu “böyük barışığın” və ya “İbrahim razılaşmalarının” növbəti raundu olan və İsraillə ərəb ölkələrini dəmir yolu və quru nəqliyyatını birləşdirəcək İMEC (India-Middle East-Europe Economic Corridor) nəqliyyat dəhlizi layihəsinə ağır zərbə vuraraq sıradan çıxardı. İsrail cənubda Qəzzada HƏMAS-la, şimalda isə Livan Hizbullahı ilə gerilla müharibəsinə cəlb olundu. Bu prosesin uzanması İsrail üçün yorucu və tədricən yeni cəbhələrin yaranmasına gətirəcək qədər təhlükəli idi. Bu səbəbdən də İsrail hakimiyyəti İranla açıq müharibəyə getmək və Qərbin də dəstəyi ilə İranı, eləcə də onun regionda dəstəklədiyi qüvvələri məhv etmək üçün Tehranı müharibəyə cəlb etməyə çalışdı.
Yanvar ayının ilk günlərində Beyrutun Dahiyə rayonunda HƏMAS-ın sədr müavini Saleh Aruri qətlə yetirildi, aprelin 3-də İranın Dəməşqdəki səfirlik binası vuruldu, iyulun 31-də İsmayıl Haniyə Tehranda, Hizbullah komandiri Fuad Şükür Livanda öldürüldü. Sentyabr ayında isə ardıcıl olaraq Hizbullahın ali komandirləri sui-qəsdə məruz qaldı, 17-də peycerlər, 18-də isə rabitə cihazları partladıldı. Ondan sonrakı 10 gün ərzində isə bir neçə Hizbullah komandiri, nəhayət, baş katib Seyid Həsən Nəsrullah öldürüldü.
Ard-arda baş verən bu hadisələrin iki əsas hədəfi var idi. Birincisi, İranı zəiflətmək, regiondakı hərbi gücünü sarsıtmaq və İsraillə, yəni ABŞ-la böyük müharibəyə sürükləmək. Çünki İranın Yaxın Şərqdəki yayındırıcı gücü məhz Hizbullah və onun kimi digər “müqavimət cəbhəsi” adı verdiyi təşkilat və qruplar idi. Bunların önündə isə heç şübhəsiz, Hizbullah gəlir.
Ancaq indi həm də İranın daxilində bölünmə var. Hazırkı prezident və onun “islahatçı” komandası Qərblə anlaşmaya getmək tərəfdarı olduğu üçün İsraillə qarşıdurmaya getmək istəmir. Dünən Nazirlər Kabinetinin iclasında çıxış edən prezident Məsud Pezeşkian deyib ki, ABŞ və Avropa dövlətləri İran hakimiyyətinə Haniyə sui-qəsdinə görə İsrailə cavab verməyəcəyi təqdirdə Qəzzada atəşkəs sözü veriblər, ancaq bu sözü yerinə yetirməyiblər.
Gözlənildiyi kimi, bu açıqlama İranda böyük rezonans doğurub, “mühafizəkar” camiədə Pezeşkian və “islahatçılar”a qarşı kəskin çıxışlar səslənib. Gecə saatlarında Tehranda Milli Təhlükəsizlik Şurası binası önünə toplaşan mühafizəkarlar dövlət orqanlarının cavab verməsini tələb ediblər.
Qeyd edək ki, İran hakimiyyətinin Qərblə razılaşması barədə ötən həftə Pezeşkianın xarici siyasət üzrə məsləhətçisi Cavad Zərif məlumat vermişdi. Nyu-Yorkda çıxışında Zərif bildirmişdi ki, Qərb ölkələri İranın qisas aktı həyata keçirməyi təxirə salmağa, qisas olarsa, bunun Qəzza atəşkəsi danışıqlarına mənfi təsir edəcəyini deyiblər. Lakin ötən iki ayda atəşkəs baş verməyib.
İndi isə prezident Pezeşkianın dilində bunun etiraf edilməsi İran cəmiyyətində, xüsusən də mühafizəkar qanadda qəzəblə qarşılanıb. Mühafizəkarlar hökuməti İsrailə qarşı qisas əməliyyatının qarşısını alaraq İranın Livan və Fələstində baş verənlərə səssiz qalmasına görə Pezeşkianı günahlandırır, onu Qərblə bazarlığa getməkdə ittiham edirlər.
Xatırladaq ki, iyulun 31-də Məsud Pezeşkianın inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gələn HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehranda qaldığı iqamətgahda öldürüldü. İran sui-qəsddə İsraili ittiham edərək qisas alınacağını ən yüksək səviyyədə elan etsə də, 2 ay keçməsinə rəğmən, Tehran Haniyə sui-qəsdinə görə İsrailə hər hansı cavab verməyib.
İranın Fələstin məsələsində kompromisə getməsi Pezeşkiana Qərbdə rəğbət qazandırsa da, ölkə daxilində ciddi zərbə altında qoyur. İran prezidenti 3 ayını tamam etməmiş Qərblə danışıqlar və razılaşma siyasəti zərbə altına düşdü. Mühafizəkar qanad bundan ona qarşı böyük ölçüdə istifadə edəcək.
Tehran isə çətin sınaq qarşısındadır. İndi həm hərbi-siyasi nüfuzunu isbat etməli, İsraili cəzalandırmalı, eyni zamanda böyük dağıdıcı müharibədən yan keçməlidir. Çünki böyük müharibə təkcə İranı deyil, bütövlükdə regionu fəlakətə sürükləyə bilər.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün