Kursk vilayətində, Sumı istiqamətində Rusiya ordusu Ukraynaya hücum etmək üçün kifayət qədər qüvvə toplayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko telemarafon efirində məlumat verib.
"Rusiya Kursk vilayəti ərazisində şəxsi heyət və texnika baxımından kifayət qədər böyük qüvvə və imkanlara malikdir", – deyə Demçenko bildirib.
Onun sözlərinə görə, bu qüvvələrin cəmlənməsi hələ Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətindən geri çəkilməsi zamanı başlayıb. Rusiya qüvvələrinin canlı qüvvə və silahlanma baxımından tərkibində dövri olaraq dəyişikliklər müşahidə olunur.
"Rusların orada Ukrayna sərhədinə qarşı hücum cəhdi üçün kifayət qədər qüvvəsi var", – deyə o əlavə edib.
Demçenko onu da qeyd edib ki, Rusiya diversiya qruplarının fəaliyyəti azalmır. Onlar xüsusilə Sumı vilayətində aktivdirlər, Xarkov vilayətində də onların fəaliyyətinə dair cəhdlər ifşa olunub.
Belarusla sərhədə gəlincə, Demçenkonun sözlərinə görə, 29 may tarixinə olan məlumata əsasən, Ukraynanın təhlükəsizliyinə təsir edəcək hər hansı bir hadisə müşahidə olunmur. Lakin o hesab edir ki, gərginlik payız aylarında xeyli artacaq, çünki həmin vaxt Belarus ərazisində “Qərb-2025” hərbi təlimləri keçiriləcək.
"Bu istiqamət hələ də təhlükəli olaraq qalır. Xüsusilə Belarus və Rusiya tərəfindən elan edilən birgə hərbi təlimlərin aktiv fazası başlayanda təhlükə daha da artacaq. Bu faza sentyabr ayına təsadüf edir. Biz istənilən ssenariyə hazır olmalıyıq", – deyə o vurğulayıb.
Musavat.com