“Hizbullah” lideri Həsən Nəsrullahın Beyrutda çoxmərtəbəli binanın sığınacağına endirilən hava hücumu nəticəsində öldürülməsi bölgədə zəlzələ effekti yaradıb.
Musavat.com “Hürriyyet”ə istinadən xəbər verir ki, “Əl-Cəzirə” telekanalı Nəsrullahın ölümünü “dönüş nöqtəsi” kimi dəyərləndirib.
ABŞ mediası isə veriləcək cavablarla bağlı İran hökuməti daxilində fikir ayrılıqlarının olduğunu və İsrailin sərhəd əməliyyatlarına başlamağa hazırlaşdığını yazıb.
Digər tərəfdən, İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə Livanın paytaxtı Beyrutda təşkil edilən hava hücumunda “Hizbullah”ın yüksək səviyyəli rəhbərlərindən Nabil Kaukun öldürüldüyünü açıqlayıb.
Nabil Kauk
Açıqlamaya görə, N.Kauk “Hizbullah”ın “profilaktik təhlükəsizlik bölməsi”nin komandiri və mərkəzi şurasının yüksək vəzifəli üzvü olub.
“Times of Israel” qəzeti Kaukun “Hizbullah” liderlərinə yaxın olduğunu və İsrailə qarşı hücumlarda birbaşa iştirak etdiyini yazıb.
Məlumata görə, İsrailin son hava hücumları Beyrutda böyük dağıntılara səbəb olub.
Livan mediası hücumları 2006-cı ildə İsrail və “Hizbullah” arasında müharibədən sonra Beyrutun məruz qaldığı ən ağır hava bombardmanı kimi qiymətləndirib.
Qeyd olunub ki, “Hizbullah” lideri Nəsrullah və bəzi yüksək vəzifəli şəxslərin ölümü ilə nəticələnən İsrailin hava zərbələri Beyrutun Dahiyə rayonunda 6 binanı dağıdıb.
İsrail tərəfi hücum əməliyyatı zamanı Hatzerim Hava Bazasından havaya qalxan “F-15I” döyüş təyyarələrinin görüntülərini yayımlayıb.
“New York Times” qəzetinin məlumatına görə, İsrailin istifadə etdiyi səkkiz “F-15I” təyyarəsi hücumda “Bunker buster” bombalarından istifadə edib.
İqbal RZAYEV,
Musavat.com