Bu gün Bişkekdə Türk Dövlətləri Təşkilatının 11-ci sammiti keçirilir. Axar.az xəbər verir ki, bununla bağlı “RİA Novosti”nin yaydığı analitik məqalədə bəzi məqamlar diqqət çəkib.
Pyotr Akopovun müəllifi olduğu məqalədə bildirilir ki, Rusiyanın Şərqə (bəzən Qlobal Cənub da deyirlər) üz tutmasına səbəb təkcə Qərblə qarşıdurma deyil, həm də ölkənin obyektiv geosiyasi maraqları və dövrün ruhu (yəni ağırlıq mərkəzində aydın yerdəyişmə) səbəb olur:
“Ona görə də Şərqdə baş verən bütün proseslər (təkcə münaqişələr deyil, həm də bir regiona, etnik qrupa, dinə və s. mənsubiyyət ətrafında qurulan inteqrasiya prosesləri) indi bizim üçün daha önəmlidir. Xüsusən də bu, Rusiyanın tərkibində olmuş və bizimlə ortaq tarixə malik qonşu regionlara aiddirsə.
Bu gün Bişkekdə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türk dövlətləri başçılarının sammiti açılacaq. Təkcə Əliyev, Tokayev, Mirziyayev, Berdiməhəmmədov, Japarov yox, Viktor Orban da orda olacaq. İllik sammitin sıra nömrəsi 11-dir - amma əslində bu, artıq bu il ikinci sammitdir: əvvəlki sammit cəmi dörd ay əvvəl Azərbaycanın Şuşa şəhərində keçirilib, lakin qeyri-rəsmi statusa malik olub. Amma bu, özlüyündə göstəricidir - türk xalqlarının əməkdaşlığı və koordinasiyası getdikcə daha da intensivləşir.
Ərdoğan Bişkekdən birbaşa Budapeştə gedəcək, daha sonra Bakıda keçiriləcək foruma gələcək, yəni Türk Dövlətləri Təşkilatının iki ölkəsinin paytaxtına səfər edəcək.
Türk Dövlətləri Təşkilatı cəmi beş ölkəni birləşdirir (və daha üç ölkə, o cümlədən tanınmamış bir ölkə (Kuzey Kıprıs – red.) müşahidəçi statusuna malikdir), lakin ən fəal və inkişaf edən dövlətlərarası birliklərdən biridir. Türk dünyasının birliyi hələ TDT-nin siyasi hədəfi kimi qarşıya qoyulmayıb, amma proses, necə deyərlər, başlayıb. Türkiyə üçü Mərkəzi Asiyaya aid olmaqla - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın - dörd postsovet respublikasının daxil olduğu birliyin şəksiz lideridir.
Digər Mərkəzi Asiya dövləti Türkmənistan, Macarıstan (Macarlar özlərini türk hesab edirlər), eləcə də yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr kimi TDT-də müşahidəçi statusuna malikdir. Beləliklə, Türkiyə postsovet respublikalarının üçdə birini - demək olar ki, Avropa Birliyinin iddia etdiyi qədər (üç Baltikyanı artıq onun bir hissəsidir, Moldova, Gürcüstan və Ukrayna isə növbədədir) - öz bayrağı altında toplayıb. Yəni Türkiyə Avropa ilə birlikdə postsovet məkanını Rusiyanın əlindən alır?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Nemət Pənahlı ilə müzakirə edəcəyik.
Müzakirədə tamaşaçıllarımız da iştirak edə bilər.