Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb. Musavat.com xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Dağıstanda 17 hüquq-mühafizə orqanı əməkdaşının və 4 mülki şəxsin həlak olduğu sinaqoq və kilsələrə hücumlarla bağlı cinayət işinin araşdırılması ilə bağlı hesabat tələb edib.
Terrorçular Dərbənd və Mahaçqalada iki kilsə və bir sinaqoqa, o cümlədən polis postuna hücum ediblər, 68 yaşlı xəstə keşişi, o cümlədən kilsə mühafizəçisini öldürüblər. Sinaqoqa isə od vurublar. Bu mövzuda axar.az yazıb ki, terror hücumunun motivi haqda ilkin ehtimal hələ ki, yoxdur.
Bilinən odur ki, bu terror hücumunda Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərovlar, o cümlədən başçının qardaşı oğlu da iştirak edib. Osman Ömərov haqda olduqca maraqlı informasiya yayılıb. O, bizneslə məşğul olub, kafe və restoran işlədib, o cümlədən Türkiyə ilə də biznes əlaqələrinə malik imiş.
Yayılan məlumatlara görə, Ömərov qardaşlarının heç bir maddi sıxıntısının olmadığı, hətta atalarının səlahiyyətlərindən istifadə edərək, geniş imkanlara sahib olduqları üzə çıxır.
Eyni zamanda, qətlə yetirilən digər terrorçu - Hacımurad Kaqirov da sıradan şəxs olmayıb. Həbib Nurməhəmmədovun yetirməsi olan MMA döyüşçüsü, titullu idmançı Kaqirov idman ustası imiş. Onları terrora nə məcbur edib?
“Bunun arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayana bilər. Çünki biz “xüsusi hərbi əməliyyat”da bütün cəbhələrdə uğur qazanırıq, bu da o deməkdir ki, onlara ölkəmizdə vəziyyəti qarışdırmaq lazımdır”. Rusiya parlamentinin Dağıstanı təmsil edən deputatı Abdulhakim Hacıyev “Rossiya-1” kanalına açıqlamasında belə deyib.
“İnanıram ki, əgər biz milli və dini dözümsüzlük, nifrət və rusofobiya ilə bağlı hər bir terror aktını Ukrayna və NATO-nun əməli ilə əlaqələndirsək, bu “çəhrayı duman” bizi böyük problemlərə aparacaq. Başqasının gözündə tükü görürük, amma öz gözümüzdə tiri görə bilmirik”. Bunu isə Kremlin ən qatı təbliğatçılarından olan “Roskosmos”un sabiq rəhbəri, hazırda isə işğal edilmiş Zaporojye vilayəti ərazilərini təmsil edən Dmitri Roqozin deyib.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla Dağıstan terrorunu müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat