Ekspertlərə görə yeni virus ölkəmizdə hələ yoxdur, amma...
Azərbaycan ərazisində xüsusi karantin rejimi növbəti dəfə iyulun 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.
Çində yaranan "X" xəstəliyi təsəvvür etdiyimizdən də qorxunc və dəhşətlidir. Çinli epidemioloqlar “X” xəstəliyinin qarşısının alınmasının çətin olacağını bildiriblər. Həkimlərin qənaətinə görə, sözügedən xəstəliyin yaratdığı pandemiya riski qlobal iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması və digər bu kimi amillərlə bağlı ola bilər.
"X" xəstəliyinin ən mühüm xüsusiyyətləri yüksək patogenlik və yayılma sürətidir; xəstəlik asanlıqla mutasiyaya uğrayır. Bəs görəsən, bu xəstəliyin Azərbaycanda yayılma riski varmı? Ümumiyyətlə, bu tip viruslara qarşı tədbirlər hansı dərəcədədir?
Mövzu ilə bağlı infeksionist-həkim Ləman Qalimova Yenisabah.az-a açıqlamasında bildirib ki, bu cür xəstəliklərdən qorunmaq üçün ilk olaraq profilaktik qaydalara əməl etmək lazımdır: ""X" xəstəliyi, ümumiyyətlə, konkret bir virus və ya xəstəlik deyil. Yaxın gələcəkdə yayılması gözlənilən hər hansı bir xəstəliyin şərti adıdır. Bu xəstəlik ola bilsin ki, hansısa virusun mutasiya olunmuş, ağırlaşmış formasıdır. Amma bu xəstəliklərdən qorunq üçün ilkin olaraq profilaktik qaydalara riayət etmək lazımdır. Əl gigiyenası, sosial məsafə, maskadan istifadə mühüm şərtdir. Düzdür, bizdə epidemioloji olaraq bütün tədbirlər görülür, ancaq hansı xəstəliyin bizə haçan gələcəyini öncədən müəyyən etmək mümkün deyil".
Sadiqə Əliyeva
İnfeksionist Sadiqə Əliyeva hava-damcı infeksiyalarının hər zaman təhlükəli olduğunu diqqətə çatdırıb: “Əgər bu xəstəlik qonşu ölkələrin hər hansı birində özünü göstərsə, o zaman bizdə olma ehtimalı əlbəttə ki, yüksəlir. Ancaq hələ ki qonşu ölkələrin heç birində hansısa intensiv yoluxma ilə bağlı məlumat yoxdur. Bu viruslar hava-damcı infeksiyasıdır və bu cür virusların yayılması sürəti hər zaman yuxarı olur. Xəstəliyi yüngül və ağır keçirmək üçün əvvəlcədən hansısa tədbirin görülməsi mümkün deyil. Hər bir insan xəstəliyi fərdi keçirir. Əsas olaraq qidalanmaya fikir verməklə və immuniteti artırmaqla ağırlaşmanın qarşısını almaq olar. Əlavə olaraq qeyd edim ki, bu cür viruslar payız-qış aylarında nisbətən daha çox yayılır”.
Mərdan Əliyev
Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a dedi ki, “X” xəstəliyi hələ ki yayılmayıb: “Amma olma ehtimalı var. Çindən başlaması ehtimalı daha yüksəkdir. Çünki Çində əhalinin sıxlığı yüksək səviyyədədir və təbiətlə daha sıx təmasdadırlar. Belə olan halda virusun oradan başlama ehtimalı daha çoxdur. Necə ki bundan əvvəlki epidemiyalar oradan başlayıb. Təbii ki, çinli epidemioloqların həyəcan təbili çalması normaldır. Ölkəmizdə bununla bağlı narahatlığa əsas yoxdur. Yəni Azərbaycana gəlmə ehtimalı hələ yoxdur”.
Adil Qeybulla
Tibb elmləri doktoru, professor Adil Qeybulla da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, əslində “X” deyilən xəstəlik yoxdur: “Burada naməlum xəstəlikdən söhbət gedir. Ya identifikasiya olunmayıb hələ, ya da hələ məlum olmayan infeksiyadan söhbət gedir. Bu gün biz koronavirus pandemiyasından sonra gördük ki, istənilən bir infeksiya şiddət göstərərək qlobal pandemiyaya çevrilə bilər. Ona görə hər an hər şeyə hazır olmalıyıq. Onsuz da bu pandemiya xaric, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insan sağlamlığını təhdid edən on amildən biri kimi qarşıda bizi gözləyən qrip pandemiyasını göstərir. Hələ o qarşıdadır. Ona görə istənilən an sürprizlər ola bilər. Ona görə biz hər şeyə hazır olmalıyıq. COVİD-19 pandemiyası göstərdi ki, ÜST bu cür hadisələrin qarşısını almaq, onu koordinasiya etmək imkanlarına malik deyil. Pandemiya qısa müddət ərzində Yer kürəsinə yayıldı. Bu baxımdan hər bir dövlət ilk olaraq özünü qoruyur. Biz də dövlət olaraq öz genefondumuzu qorumalıyıq”.
Qeyd edək ki, bundan əvvəl ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bəşəriyyət gec-tez yeni “X xəstəliyi” ilə üz-üzə qalacaq və buna artıq indidən hazırlaşmaq lazımdır: “COVİD-19 pandemiyasından aldığımız ağrılı-acılı dərslər unudulmaq riski qarşısındadır, çünki diqqət dünyamızın qarşılaşdığı digər çoxsaylı böhranlara yönəlir”, - deyən Qebreyesus xəbərdarlıq edib ki, bu, onlara növbəti dəfə baha başa gələcək. Onun sözlərinə görə, söhbət yeni pandemiyanın baş qaldırıb-qaldırmayacağından yox, bunun nə vaxt baş verəcəyindən gedir. “İşlərin hazırkı vəziyyəti ilə bağlı dünya əvvəlki kimi növbəti "X xəstəliyi"nə və daha bir pandemiyaya hazır deyil. Əgər bu, sabah baş verərsə, o halda dünya COVİD-19-la bağlı vəziyyətdəki kimi eyni problemlərin əksəriyyəti ilə qarşılaşardı", - deyə ÜST-nin başçısı bildirib.
Baş direktor onu da qeyd edib ki, yeni pandemiya qrip virusu və ya daha bir koronavirusla, yaxud da hətta bilmədiyimiz yeni patogen ilə, - buna görə biz onu “X xəstəliyi” adlandırırıq, - yarana bilər. Qebreyesus xatırladıb ki, “X xəstəliyi” terminini ÜST-də ilk dəfə 2018-ci ildə barəsində mütəxəssislərə heç nə məlum olmayan, lakin buna hazırlaşmaq lazım olması barədə xəstəliyi işarələmək üçün istifadə olunub. “COVİD-19 "X xəstəliyi" idi - yeni xəstəliyə səbəb olan yeni patogen idi", - deyə ÜST-nin başçısı izah edib.
Bununla bağlı Qebreyesus pandemiyalara hazırlıq barədə beynəlxalq sazişin işlənib hazırlanması üzrə ÜST-də aparılan məsləhətləşmələrin gedişində yaranan fikir ayrılığını adlatmağa çağırıb.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”