Təcavüzkar darmadağın olunmayanda... – Revanş savaşına qalxanların yeni qalxanı

Müharibənin bir qızıl qaydası var: xarici hərbi təcavüzkarın hücumunu dəf edə, əks-hücuma keçə, onu öz sərhədlərindən kənara çıxa bilirsənsə, gərək sona qədər gedəsən və o aqressiya yuvasını darmadağın edəsən, barbar güruhun ocağını söndürəsən.

Bu, elə işdir ki, onu yarımçıq qoymaq olmaz. Tarixdə bu cür nəticələnən müharibələr çox olub.

Məsələn, fransızların tərifli imperatoru Napoleon Bonopartı belə ediblər. Müttəfiq ölkələr bütün Avropanı işğala, istilaya məruz qoyan Napoleonu birinci dəfə məğlub edəndə işi başa çatdırmayıblar, o bir azdan sonra yenidən ayağa qalxıb, hakimiyyətə gəlib, müharibəyə başlayıb. O zaman onu tam məğlub ediblər, müttəfiq qoşunlar sözün hər iki mənasında yenilmiş Parisdə at oynadıblar, imperatorun özünü isə Atlantik okeanının dərinliklərindəki Müqəddəs Yelena adasına sürgün ediblər.

napol.jpg (360 KB)

Əgər müttəfiq qoşunlar Napoleonun işini tam bitirməsəydilər, Fransaya müdaxilə etməsəydilər, bu, bir neçə ildən sonra başqa bir qanlı müharibəyə səbəb olacaqdı. Napoleon yenə toparlanacaqdı, yeniyetməlikdən yenicə ayrılmış gəncləri səfərbər edib, yeni ordu formalaşdıracaqdı və yeni-yeni hərbi kampaniyalara başlayacaqdı.

Ötən əsrin 44-45-ci illərində eyni strategiyanı “dünya ağalığı” sevdasına düşmüş Hitlerə də tətbiq ediblər. Onu da Berlinə qədər qovublar, həm Hitler faşistlərinin (Milli Sosialist Alman Fəhlə Partiyası), həm nasizmə könül vermiş alman xalqının əzmini və gözünü tam qırıblar. ABŞ, SSRİ və Böyük Britaniya bu ölkəni iki yerə, iki işğal zonasına parçalamaqla almanların toparlanmasını, tezliklə revanş niyyətinə düşməsini əngəlləyiblər. Çünki onlar bilirdilər ki, dəqiqliyi, dürüstlüyü, elmliliyi, işgüzarlığı, məqsədyönlülüyü ilə fərqlənən bu Avropa xalqı tezliklə özünə gələcək. Əslində elə də olub. Müharibədən cəmi 20 il sonra dağılmış, yanmış, zorlanmış Almaniyanın küllərindən yeni bir Almaniya doğulub və Avropanın 3 qüdrətli dövlətindən birinə çevrilib. Fəqət artıq bu dövlətin azı-köpək dişləri sındırılmışdı, daha heç kəsə ağız atmaq, parçalamaq fikrində deyildi.

adoll.jpg (341 KB)

Bəs müttəfiq qoşunlar Almaniya ərazisinə daxil olmadan, Berlini tutmadan Hitleri sağ buraxsaydılar, necə olardı? Təsəvvür etmək çətin deyil. Hitler və alman xalqı məğlubiyyətlə barışmayacaq, müharibəni davam etdirəcəkdi.

1991-ci ildə ABŞ-ın başçılıq etdiyi hərbi koalisiya Küveytə soxulmuş Səddam Hüseyni eləcə İraq ərazisindən çıxarmaqla kifayətləndi, işi yarmçıq saxladı. Qısa müddətdə biabırçılıqla məğlub olmuş, təcavüzkar ordusu ilə birlikdə “Səhrada tufan”dan güc-bəla canını qurtararaq öz ovalığına çəkilmiş Səddam Hüseyn rəsmi təbliğatda özünü “pələng öldürmüş pəhləvan” kimi aparırdı. Sanki müharibədən qalib çıxan tərəf özüdür. Bu, ona görə beləydi ki, adam hakimiyyətdə qalırdı, ərazisi işğal olunmamışdı, yeni, effektiv silahlar əldə etmək, müharibəni qaldığı yerdən davam etdirmək şansı vardı.

Səhradakı tufan, tozanaq yatandan, hərbi ehtiraslar səngiyəndən sonra ABŞ fərqinə vardı ki, iş yarımçıq qalıb, Səddam Hüseyn elə bir diktator və hərbi canidir ki, o, tam məğlub edilməlidir.

seddam-670x403.jpg (39 KB)

ABŞ Səddam Hüseynlə bağlı səhvini 12 il sonra, 2003-cü ilin martında düzəltmək qərarına gəldi. Maraqlıdır ki, S.Hüseyn sona qədər başına nə gələcəyini kəsdirməyib. Hərbi əməliyyatların başlanması ərəfəsində Rusiyanın sabiq baş naziri, şərqşünas Yevgeni Primakov Rusiya prezidenti Vladimir Putinin şəxsi tapşırığına əsasən Bağdada səfər edib, Səddam Hüseynlə görüşüb və ona deyib ki, əgər ölkəsini və xalqını sevirsə, onu qaçılmaz qurbanlardan qorumaq istəyirsə, İraq prezidenti vəzifəsindən istefa versin. Səddam Hüseyn sakitcə ona qulaq asıb və axırda deyib ki, birinci Körfəz müharibəsi zamanı da onu hakimiyyəti tərk etmək üçün dilə tutublar, amma müharibə qaçılmaz olub. Daha sonra o, müdrik əda ilə “bir şey olmaz, heç nə edə bilməzlər” mənası verən tərzdə əlini Primakovun çiyninə vuraraq sağollaşıb, gedib. Sonra ABŞ hücum edib, Bağdad işğal olunub. Səddam gizlənib, lap axırda da saqqal basmış halda tutulub, mühakimə edilib, asılıb və bir aqressorun kitabı beləcə bağlanıb.

Biz Azərbaycan dövləti olaraq 2020-ci ildəki hərbi kampaniyanı, prinsipcə, İrəvanda başa çatdırmalıydıq - orta əsrlər dövründə olsaydıq, belə olardı. Ermənistan bizə hücum etmiş, ərazimizin 20 faizini 28-30 il boyunca işğalda saxlamış, özünü bizim legitim hərbi hədəfimizə çevirmişdi. Ancaq hər kəsə bəlli səbəblərdən biz yalnız işğal altında olan ərazilərimizin böyük hissəsini azad edə bildik, hətta qondarma “de-qe-er”in sərəncamında olan ərazidən yalnız Şuşa və Hadrutu qaytardıq. Dünyanın qüdrətli dövlətləri, sırasında “ermənilərin yüngülvari şapalaqlanması”na göz yuman Rusiya da olmaqla, ayağa qalxdılar, bizi çox qabağa getməyə qoymadılar. Necə deyərlər, işimiz yarımçıq qaldı.

esssir.jpg (55 KB)

2023-cü ilin sentyabrında bir dəfə “ya Allah, bismillah” deməklə bir sutkanın içində bu işi də başa çatdırdıq.

İndi məlum olur ki, aqressor öz paytaxtına qədər qovulmalı, tam məğlub edilməli, darmadağın olunmalıymış. Çünki bu kiçik Qafqaz dövləti yenə xarici havadarlarından aldığı güclə, onların qalxanıyla cəngə qalxmaq, revanş etmək eşqinə düşüb və sərhədlərimizə qoşun yığır, yeni hərbi kampaniya başlatmaq istəyir.

Müharibəyə aid bir pritçada deyildiyi kimi, gəlsinlər, gələcəkləri varsa, görəcəkləri də var.

Araz Altaylı, Musavat.com

31.03.2024 12:32
2667