Təbrizli prezident ümidləri doğrultdumu? - Bakıdan reaksiya

Partiya sədri: “O, sistemə tamamilə bağlı bir insandır, ona görə də...”

İran prezidenti Məsud Pezeşkian prezident seçkisindən sonra ilk dəfə Təbrizə bir neçə saatlıq səfər edib. Azərbaycanlı prezident Təbrizdəki evinə baş çəkib. Prezident seçkisindən öncə Təbriz, Osku və Azərşəhri parlamentdə təmsil edən Məsud Pezeşkian Təbrizə qeyri-rəsmi səfəri çərçivəsində Təbrizin keçmiş imam-cüməsi, 19 may 2024-cü ildə helikopter qəzasında həlak olmuş Hüccətül-islam Ali-Haşımın atası ilə də görüşüb.

Təbrizdəki Mədəniyyət Evində çıxış edən Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləyib və zaldakıların alqışını qazanıb. Xüsusilə də onun bu bəndlərlə azərbaycanlı seçicilərə verdiyi vədləri unutmadığı diqqət çəkib. Lakin bu məqamda tribunaya yaxınlaşan şəxsin prezidentə hansısa qeydlər təqdim etməsi nəzərdən yayınmayıb. Hesab olunur ki, İranın türk prezidentinin seçicilərlə türkcə danışması qıcığa səbəb olub və ona xəbərdarlıq edilib. Pərt olan Pezeşkian isə şeirini saxlayıb, farsca “İki cümlə türkcə şeir oxumaqdan problem yoxdur” deyir.

Beləliklə, doğma ölkəsi Azərbaycanın mərkəzində, bir neçə il parlamentdə təmsil etdiyi Təbriz şəhərində olarkən, şeirin bir neçə misrasını bitirə bilməməsi, söylədiyi şeiri yarımçıq kəsməyə məcbur olması xeyli müzakirələrə səbəb olub. Xatırlatmaq lazımdır ki, əslən Təbrizdən olan Pezeşkian prezident seçkisinin ilkin mərhələsində türklüyünü vurğulayan bir sıra çıxışlar etmişdi. Bu çıxışlar həm İran daxilindəki on milyonlarla azərbaycanlı türkündə, həm də Bakıda böyük ümidlər doğurmuşdu. Lakin bu ümidlər özünü tam doğrulda bilməyib. İddialara görə, Pezeşkianın siyasi fəaliyyətinə maneələr yaradılır, ona görə Azərbaycan-İran münasibətlərində ciddi dönüş edə bilməyib.  Deyilənə görə, İranın başında olan hər kəs rejimin mövqelərini qorumağa məhkumdur.

Prezidentdən Fəzail Ağamalı ilə bağlı — Sərəncam

Fəzail Ağamalı

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının “Yeni Müsavat”a sözlərinə görə, təəccüblü heç nə yoxdur, Pezeşkian o sistemin adamıdır: “O, sistemə tamamilə bağlı bir insandır. Əgər bu keyfiyyətləri özündə daşımasa idi, İranın ali dini rəhbəri onun prezident seçilməsinə xeyir-dua verə bilməzdi. Ona görə də mənə elə gəlir ki, Pezeşkianın prezidentliyə namizədliyinə verilən razılıq və onun prezident seçilməsi əslində İranda gedən proseslər və bu proseslərdə oradakı soydaşlarımızın fəallığının qarşısını almağa xidmət edən bir yanaşmadır”.

F.Ağamalının fikrincə, bir neçə il əvvəl İranda başlamış genişmiqyaslı hərəkat Azərbaycanı da ayağa qaldırmışdı, eyni zamanda ayrı-ayrı videogörüntülərdən həm futbol, həm də digər idman yarışlarında Azərbaycan türklərinin hayqırtısını, onların Azərbaycanla bağlı olan şüarlarının şahidi olurduq: ""Bakı, Təbriz, Ankara, biz hara, fars hara" şüarları ilə heç nədən çəkinmədən fikirlərini söyləyirdilər. Orada milli hərəkat bu gün özünü qabarıq şəkildə göstərməsə də, kifayət qədər yetişmiş formadadır. Əvvəki illərdə soydaşlarımızın fəallığı və tökülən qanlar üzərində hakimiyyətə gəlib, sonradan soydaşlarımıza soyuq münasibət bəsləyən, onların milli kimliyini tanımayan və hər addım türk olduqları üçün onları təhqir edən rejimin başqası ilə əvəz olunmasından sonra artıq orada yaşayan soydaşlarımız əl-ələ bir hadisəni ortaya qoyurlar. Ayağa qalxan soydaşlarımız fars şovinizminin zəncirlərini qırıb, öz milli kimliklərini ortaya qoyub, milli dövlətlərini yaratmaq uğrunda mübarizəyə qatılaraq istədiklərinə nail olacaqlar. Bu gün tam əminəm ki, bütövlükdə oradakı soydaşlarımız buna hazırdır".

Partiya sədri hesab edir ki, əgər bu gün İran ətrafında gedən məsələlərdə oradakı bütün fəallar, xaricdə yaşayan dəyərli soydaşlarımız bu müharibənin bizim müharibəmiz olmadığını, bu müharibənin fars-molla rejiminin İsraillə müharibəsi olduğunu deyərək bu proseslərdə tamamilə kənarda qalırlarsa, bu çox mühüm göstəricidir: “Bunların qarşısını almaq üçün məhz bir türkün bu gün prezident seçilməsi ilə görüntü yaratmaq, oradakı milli hərəkatın milli oyanışının qarşısını almağa xidmət edən taktika idi. Düşünürəm ki, bu özünü doğrultmadı. Bəli, Pezeşkian Azərbaycan türküdür, özü də bunu etiraf edib və yəqin ki, ona deyiblər ki, belə şeyləri et, yeri gələndə özünü türk kimi təqdim et, Şəhriyardan, digər Azərbaycan şairlərindən bir-iki bənd şeir de. Ola bilsin ki, Pezeşkianın düşüncələrində bir azərbaycançılıq, türkçülük var, lakin heç bir halda, orada yaşayan soydaşlarımızın tam hüquqlarının reallaşması və cənubda yaşayan soydaşlarımızın milli dövlətin yaranmasına bağlı olduğuna inanmıram. Çünki bir daha qeyd edirəm ki, o sistemin adamıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

18.02.2025 12:10
581