2023-cü il dekabrın 27-də İrəvanda bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə Güney Azərbaycanın Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən bəyan edilmişdi. İran xarici işlər naziri Hüseyn Abdullahian bu xüsusda danışarkən yanvarın ilk həftələrinin Ermənistan konsulluğunun açılış tarixi kimi qeyd ediləcəyini söyləmişdi.
Az sonra - yanvarın 1-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani konsulluğun açılması ilə bağlı açıqlamasında Ermənistan və İran arasında əvvəllər imzalanmış ikitərəfli sazişlərin olduğunu vurğulamışdı. “Bu müqavilə çərçivəsində erməni tərəfi Təbrizdə öz baş konsulluğunu açacaq”, - demişdi. Artıq fevral olsa da, erməni konsulluğunun Təbrizdə açılmasının şahidi olmadıq. Bəs ləngimənin səbəbi nədir? Güney Azərbaycan əhalisinin sərt təpkisi, yoxsa Bakı ilə münasibətlərdə əlavə gərginlik yaratmamaq istəyi? Mümkündürmü ki, Azərbaycan səfirliyi Tehranda öz işini bərpa edəndən sonra Ermənistanın konsulluğu da açılsın? Xatırladaq ki, rəsmi Tehran uzun illər Təbrizdə Azərbaycanın konsulluq açmaq müraciətinə cavab verməyib və icazə çoxsaylı bürokratik danışıqlardan sonra mümkün olub.
Yeri gəlmişkən, səfirliyimizə hücum edən terrorçu Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb. Ancaq bu da azdır, cinayətin sifarişçiləri üzə çıxarılmayıb. Bununla belə, Bakı-Tehran xəttində müəyyən yumşalma var və İran Azərbaycanla əlaqələri yenidən korlamamaq üçün erməni konsulluğunun açılmasına tələsmir. Hətta heç vaxt açılmayacağı da istisna deyil. Ən yaxşı halda Tehranda fəaliyyət göstərməsi mümkündür. Çünki Təbrizdə erməni konsulluğuna ehtiyac yoxdur. Üstəlik, Tehran rejimi anlayır ki, hər zaman inqilabların, üsyanların beşiyi olmuş bu qədim Azərbaycan şəhərinin əhalisi həmin konsulluğun binasının açılmasına imkan verməyə, hətta yandıra bilər. O baxımdan Ermənistanın arzusu qursağında qala bilərmi?
Xatırladaq ki, 2021-ci ildə iki tərəfin xarici işlər nazirləri ilə keçirilən sammitdə qarşılıqlı konsulluqların açılması qərara alınıb. İlk addımı İran atıb. 2022-ci ilin oktyabrında Ermənistanın Qafan şəhərində İran konsulluğu fəaliyyətə başladı. İranın konsulluq üçün üstünlük verdiyi Qafan şəhərinin düz Azərbaycan sərhədində yerləşməsi diqqət çəkdi. Növbə erməni tərəfindədir. Ermənistan da İranda baş konsulluq açır. İranın Ermənistandakı səfiri Mehdi Sübhani də Ermənistan dövlət televiziyasına bildirib ki, Ermənistanın Təbrizdə baş konsulluq açması iki ölkə arasında sərhəd əlaqələrini gücləndirəcək və ikitərəfli ticarətə töhfə verəcək. Azərbaycanın Qarabağ qələbəsindən sonra işğal olunmuş torpaqlarını geri almasına toxunan İran səfiri demişdi ki, “Biz regionumuzda sərhəd dəyişikliklərinin əleyhinəyik. "Sərhədin dəyişdirilməsi bizim üçün İranda ən yüksək səviyyədə elan edilmiş “qırmızı xətt”dir və heç kim bizi bu münasibətdən çəkindirə bilməz". İran əhalinin 95%-i türk olan əyalətdə deyil, başqa bir şəhərdə konsulluq açmaq üçün yer tapmalıdır. Amma sanki qəsdən insanların heysiyyətinə toxunurlar...
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqladı ki, İranın Təbrizə, Azərbaycana münasibətdə dərin planları var: “Onlar azərbaycanlıları daha da assimilyasiya etmək arzusundadırlar. Ona görə çətin ki, Təbrizdə erməni konsulluğunun açılması planlarından vaz keçsinlər. Amma indiki halda, Azərbaycanla münasibətləri gərginləşdirmək istəməyiblər. Görünür, Tehranda səfirliyimizin fəaliyyətinin bərpası gözlənilir deyə İran bunu indi etmək niyyətində deyil. Üstəlik, dövlət orqanlarında nə qədər farslaşmış türk olsa da, onların da bu məsələyə narazılığını görmüşük. Bunu da nəzərə alırlar. Hər halda, son sözü Təbriz camaatı deməlidir, lazım olsa, küçələrə çıxmalıdırlar. Təbriz əhalisi 30 il torpaqlarımızı işğal etmiş düşmən ölkənin bu şəhərimizdə konsulluq açmaq planlarına etiraz etməlidir”.
S.Rüstəmxanlı bildirdi ki, Təbrizdə erməni konsulluğu açmaq istəyi əsəblərimizi pozmaq planıdır: “Eyni zamanda burada siyasi oyunlar var. Məsələn, Gorusda Rusiya, İran və Fransa konsulluqları kimə lazımdır? Bunlar siyasi oyunlardır. İran da bu silsilə oyunlardan birini həyata keçirməyə çalışacaq. Bu gün İran həm də Yaxın Şərqdə başladığı siyasi oyunun içindədir: İranın hərbi bazaları Suriya və İraqda vurulur, buna cavab verməyə çalışırlar, regionda bir qarşıdurma mühiti var... Yəni bizim düşündüyümüz kimi, heç də Qərb İrana qarşı deyil. Sadəcə, ərəb ölkələrinin birləşməsinə imkan verməmək üçün İran bu qüvvələri zahirən özünə qarşı yönəldir. Bir yandan İsrail və Fələstin savaşında iştirak edir, bir tərəfdən HƏMAS-a dəstək verir, o cümlədən də Yaxın Şərqdəki terrorçu təşkilatları müdafiə edir, bununla arxayınlaşır ki, İran vurulmayacaq”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”