Uşağın həyatının ilk illəri onun sağlamlığı və inkişafı üçün çox vacibdir. Mehribançılıq, qayğı və sevgi dolu bir ailədə böyümək uşaq üçün olduqca əhəmiyyətlidir. Düzgün qidalanma, idman və normal yuxu rejimi də sağlam inkişaf üçün mühümdür. Bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.
Musavat.com G.Ağayeva ilə müsahibəni təqdim edir:
- Gülnaz xanım, uşaqların sağlam böyüməsi və inkişafı üçün hansı məqamlara önəm vermək lazımdır?
- Sözsüz ki, uşaqların normal böyüməsi və inkişafı çox çətin bir prosesdir. Bu, genetik proqramlaşdırılır və ətraf mühitin təsiri altında reallaşır. İlk növbədə bağlılıq haqqında söhbət açmaq isdərdim. Uşaqlarda əlaqə qurmaq qabiliyyətinin inkişaf etməsi üçün illər tələb olunur. Lakin uşaq doğulanda özünə çox böyük psixoloji diqqət tələb edir. Həyatın 1-ci ilində uşaq mərhələlərlə bağlanmağa çalışır. İstəyir ki, ona toxunsunlar, görsünlər, eşitsinlər. Hətta artıq bətndaxili dövrdən inkişaf edən qoxu bilmə qabiliyyəti ilə körpə öz anasını digər insanlardan seçə bilir. Bir yaşına qədər uşağın hərəkət inkişafı da bir neçə pillələrdən ibarətdir. Həyatının 2-ci ayında başını tutur, 6-cı ayında oturur, 8-ci ayında iməkləyir, 10-11-ci ayında ətrafdakıların köməyi ilə ilk addımlarını ata bilir. 1-2 yaşlı uşaqlarda nitq inkişafı çox önəmlidir və gələcəkdə onların oxumaq və qavramaq qabiliyyətinə böyük təsir göstərir. Bir sözlə, uşaq nə qədər tez və səlis danışsa, o qədər asanlıqla həyatının gələcək mərhələlərində hər bir informasiyanı mənimsəmə prosesi rahat olur. Həyatın 3-cü ilində nitq qabiliyyəti inkişaf edir və uşaqlar geniş sosial kommunikasiya qurmağa hazır olurlar, o cümlədən məktəbəqədər müəssisələrdə. Təxminən 4-5 yaşlarında uşaqlarda məntiq, yaddaş, diqqət, dil öyrənmək qabiliyyəti sürətlə inkişaf edir. Lakin, yazı qabiliyyəti baş-beyin tərəfindən bir qədər gec tənzimlənir, təxmini 6-7 yaşında. 6 yaşındakı uşaqlarda bağlılıq səviyyəsinin tanıma forması özünü biruzə verir.
- Övladın sağlam inkişafı üçün ana südünün nə dərəcədə əhəmiyyəti var?
- İlk növbədə qeyd etmək lazımdır ki, “canlı maye” olan ana südü heç bir süni qidalarla əvəz edilə bilməz.
Mütəxəssislər ilk südü ("ağuz südü") körpə üçün əvəzolunmaz qida və dərman hesab edirlər. Ana südünün tərkibindəki vitamin və mikroelementlər körpənin orqanizminin bütün tələblərinə tam cavab verir. Yalnız ana südü çatışmadıqda, körpəyə əlavə olaraq xüsusi süni uşaq qidaları vermək olar. Təbii qidalanma həm körpənin, həm də ananın sağlamlığı üçün faydalıdır. Südvermə zamanı ana ilə körpə arasında ünsiyyət güclənir. Bu zaman anada süd vəzisinin xərçəngi riskini azaldır, körpəni ağciyər və bağırsaq infeksiyalarından qoruyur. İlk həftələrdə körpənin tez-tez əmizdirilməsi ananın südünü artırmaqla yanaşı döşünün şişməsinin və əmələ gələ biləcək fəsadların (mastit - süd vəzisinin iltihabı) qarşısını alır.
Təbii qidalanma körpənin sağlamlığı və ailəyə bağlılıqda böyük önəm daşıyır. Gələcəkdə mədə-bağırsaq traktın normal fəaliyyəti üçün təbii qidalanma çox önəmlidir. Hətta hər bir bağırsaq infeksiyası ana südü alan körpələrdə daha yüngül və fəsadsız keçir.
Körpənin düzgün əmizdirilməsi anada laktasiya prosesinin (süd vəzilərində südün əmələ gəlməsi) düzgün formalaşması, körpənin doyması, ananın döş giləsinin müxtəlif zədələnmələrdən qorunması üçün də çox vacibdir
- Uşaqların sağlam qidalanmasına dair tövsiyələrinizi bilmək istərdik...
- Əlavə qidalar körpənin həyatının 6-cı ayından tədricən və ardıcılılqa tətbiq olunur. Meyvə və tərəvəz (əsasən yaşıl rəngli) püreləri və sıyıqlar ilə başlamaq tövsiyə olunur. Sonrakı mərhələlərdə ət püreləri, yumurta sarısı, kəsmik, süzmə, qatıq və bulyonlar rasiona ən azı 2-3 həftə intervalla əlavə olunmalıdır. Bir yaşdan böyük uşaqlara “sağlam qidalanma” prinsipini gözləmək tövsiyə olunur. Bol meyvə-tərəvəz, qatıq, qırmızı ət kimi qida məhsullarını gündəlik rasionda geniş istifadə etmək lazımdır.
Əlavə qidaya başlamaq üçün şərti olaraq 6 ay müəyyənləşdirilsə də, hər körpənin özünəməxsus göstəricisi mövcuddur. Körpənin dişləri çıxıbsa, sərbəst oturursa, qidanı dili ilə itələmirsə, tikələri əlində tutur və ağzına qoyursa, deməli, ona əlavə qida təyin edilə bilər. 1 yaşa qədər körpələrə allergiya yarada biləcək qidalar vermək məsləhət görülmür
- Peyvəndlərin əhəmiyyəti haqqında nə deyə bilərsiz?
- Valideyinlər üçün digər maarifləndirici məqam peyvənd mövzusudur. Peyvəndin uşağın həyatında ən mühüm rolu ciddi yoluxucu xəstəliyə yoluxma riski olmadan sonrakı həyat keyfiyyətini təmin etmək və peyvənd vasitəsilə idarə olunan xəstəliklərin qarşısını almaqdır. Qeyd edilməlidir ki, respublikamıza gətirilən peyvəndlər tam təhlükəsizdir.
XXI əsrdə xəstəliklərin diaqnostikası və müalicəsi baxımından təbabətin kifayət qədər inkişaf etməsinə baxmayaraq, poliomielit, difteriya, qızılca, tetanus, vərəm, hepatit B kimi yoluxucu xəstəliklər zamanı fəsadların qarşısını almaq mümkün deyil. Peyvəndlərdən imtina etməklə, valideynlər bilmədən uşaqlarının həyat keyfiyyətini təmin etmək hüququndan məhrum edirlər.
- Uşaqların istifadə etdiyi oyuncaqlarda nəyə diqqət yetirmək lazımdır?
- Uşaqlara alınan oyuncaqların mütləq keyfiyyətinə və görünüşünə fikir vermək lazımdır. Bəzən kimyəvi maddələrlə rənglənən oyuncaqları körpə ağzına apararkən, hansısa bir allergik və ya toksiki vəziyyət yarana bilər. Yumşaq oyuncaqların istifadəsi bəzi uşaq orqanizmində allergik prosesin başlanğıcına səbəb ola bilər. Kiçik oyuncaq hissələri ilə diqqətli olmaq lazımdır. Ehtiyyatsızlıq səbəbindən mədə bağırsaq traktına istər isə tənəffüs yollarına düşə bilər.