TƏBİB Bakıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb - VİDEO

Dünən Bakıda avtomobil qəzasında yaralanan beş nəfərin müalicəsi davam etdirilir.

Musavat.com xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib.

Əlavə olunub ki, hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində iki nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir.

Ümumilikdə, TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə baş verən hadisə ilə əlaqədar beş nəfər yerləşdirilib:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar. Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində iki nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir. Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”, - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, dünən saat 22 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.

Musavat.com

25.02.2023 18:47
1893