Milli.Az Kulis.az-a istinadən Xalq artisti Məhluqə Sadıqova haqqında maraqlı faktları təqdim edir.
Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel, 1917-ci ildə Şuşa şəhərində doğulub. Maddi səbəblərə görə 1930-cu ildə Bakıya köçüblər.
***
O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili aldığı illərdə isə rəqs və dram dərnəklərinə getməyə başlayıb.
Məhluqə Sadıqova 1936-cı ildə Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş", "1905-ci ildə", "Göy quş", "Skapenin kələkləri", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Xanlar", "Günahsız müqəssirlər", "Şeyx Sənan", "Qış nağılı", "Vanya dayı", "Şeytanın şagirdi", "Nazirin xanımı", "Lənkəran xanının vəziri", "Qadın faciəsi", "Yalan", "Atayevlər ailəsi", "Şöhrət və ya unudulan adam" və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.
***
1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının ovaxtkı rəhbəri Həsənağa Turabov Məhluqə Sadıqova da daxil olmaqla bir neçə qocaman aktyoru teatrdakı işindən azad edir. İşsiz qalan aktyorlar Sofa Bəsirzadə, Məhluqə Sadıqova və Muxtar Avşarov sonradan Amaliya Pənahovanın dəvəti ilə Bələdiyyə Teatrında işə düzəlirlər.
Aktrisanın həmkarı Azad Şükürov müsahibələrinin birində bu barədə deyir:
"Aktyor səhnədə ölməlidir" deyirlər. Yaşı ilə əlaqədar onu Milli Dram Teatrından çıxaranda küsdü. Çünki o teatra sadəcə iş yeri kimi baxmırdı. Onun üçün Milli Dram Teatrı evi, doğma ocağı idi. İşdən çıxarılanda sanki doğmasından zərbə almışdı... Mən onu heç vaxt xəstə halda görmədim. Hamıdan qabaq gələr, ifa edəcəyi rola uyğun paltar geyinib oturardı. Hamımız təəccüb edirdik ki, hər dəfə belə tez gəlməyi, işə bu qədər məsuliyyətli olmağı necə bacarır... Gənclərə də deyirdi ki, işlərini sevsinlər, məsuliyyətlə yanaşsınlar. Tək işlə bağlı yox, elə digər məsələlərdə də gənclərdən məsləhətini əsirgəməzdi. Kimsə siqaret çəkəndə bir də görürdün ki, çağırıb bir kənara, tənbeh edir, deyir ki, səhhətinə ziyandır, olmaz. Açığı öz səhhətinə qarşı da məsuliyyətli idi. Soyuqda həmişə qalın geyinərdi ki, xəstə olmasın. Bəlkə, buna görə də biz onu yaşının çox olmasına baxmayaraq xəstə, pis vəziyyətdə görmədik".
Uzun illər Milli Dram Teatrında Məhluqə Sadıqova ilə birgə çalışmış Xalq artisti Rafiq Əzimov görkəmli aktrisanı belə xatırlayır:
"90-cı illərdə bir çox aktyor, aktrisalarımızı Dram Teatrından uzaqlaşdırdılar. İndinin özündə də həmin hadisə bizim qəlbimizdə ağrılı hadisə kimi qalır. Həmin illərdə bir çox istedadlı, qocaman sənətkarlarımız teatrdan uzaq düşdülər ki, onların arasında Məhluqə xanım da var idi. Lakin sağ olsun Amalya xanım, - 1992-ci il noyabrında Məhluqə Sadıqovanı Bələdiyyə teatrına dəvət etdi. Orada çalışdığı illərdə Məhluqə Sadıqova bir çox obrazları çox ustalıqla canlandırıb. Bələdiyyə teatrının Türkiyəyə tez-tez səfərləri olurdu. Biz eşidirdik ki, yaşının çoxluğuna baxmayaraq, Məhluqə Sadıqova böyük həvəslə həmin səfərlərdə təşkil olunan tamaşalarda çıxış edir".
Aktrisa 40 ildən çox Azərbaycan radiosunun "Bulaq" verilişinin aparıcılarından biri olub. 1969-cu ildə yaranan "Bulaq" verilişi üçün o zaman çox aparıcılar sınanıb saf-çürük olunduqdan sonra Məhluqə Sadıqova və Səməndər Rzayev "Bulağ"ın səsi kimi qəbul edilmişdi. Hər bazar günü eyni vaxtda - saat 19.30-da... Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verirdi.
Məhluqə Sadıqova ilə Bələdiyyə teatrında birgə çalışmış Əməkdar artist Mahirə Yaqubova xatırlayır:
"Tənha qadınlar" tamaşasındakı Dihabəyim obrazını mənə verdilər. Bu rolu əvvəllər Məhluqə xanım oynamışdı. Tamaşanın məşqlərinə ara-sıra gəlir, otağın qapısından baxıb keçirdi. Mənə elə gəlirdi ki, onun obrazını canlandırdığım üçün məni qısqanır. Çünki həmin obrazı illərlə Məhluqə xanım çox ustalıqla canlandırmışdı. Tamaşanı səhnədə canlandıranda gördüm ki, o da zaldan məni izləyir. Tamaşa bitdikdən sonra yaxınlaşıb dedi ki, "xəstə idim, lakin gəlməliydim. Elə şeylər oldu ki, məndən yaxşı etdin". O sözündən sonra ürəkləndim, başa düşdüm ki, məni qısqanmır... Yaşı çox idi deyə, Amaliya xanım deyirdi ki, hər gün gəlməsin, yorular. Lakin evdə darıxdığını deyir, hər gün teatra gəlirdi. Amma zal soyuq olduğuna görə də çox otura bilmirdi, evə qayıdırdı. Xüsusilə, kimin maddi sıxıntısı var idisə, Məhluqə xanıma yaxınlaşırdı. O da deyirdi ki, mənə çox pul lazım deyil. Hətta bəzi hallarda verdiyi borcları da geri almırdı, deyirdi ki, gəncsən, özündə saxla, lazımın olar. Bəzən kənardan özü də müşahidə edirdi ki, kimin vəziyyəti pisdir. Heç ona müraciət etməmiş bir də görürdün ki, yanına çağırıb cibinə pul qoyur".
1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
***
Aktrisa 2003-cü il, avqust ayının 15-də Bakıda vəfat edib.