TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində bir sıra görüşlər keçirildi

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev öz həmkarları Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə vitse-naziri Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev və Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygarla ikitərəfli görüşlər keçirib.

Musavat.com xəbər verir ki, konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.

İkitərəfli görüşlərdə Teymur Musayev Təşkilat çərçivəsində vahid tibb elmi məkanın yaradılması və vahid rəqəmsal səhiyyə standartlarının hazırlanmasının vacibliyini qeyd edib. Transplantologiyanın müasir tibbin ən sürətlə inkişaf edən sahələrindən biri olduğunu vurğulayan nazir, birgə sisteminin yaradılmasına dair imzalanan sənədin önəmini diqqətə çatdırıb.

Öz növbəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri bugünkü iclasın səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd ediblər. Görüşlər zamanı yoluxucu xəstəliklərin qarşısının alınması, əczaçılıq sənayesinin inkişafı və dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə proqram və təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Həmçinin, səhiyyə və müalicə turizminin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsinə də maraq ifadə olunub.

İclas çərçivəsində imzalanan sənədlərin və qəbul edilən qərarların mahiyyətini vurğulayan Təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın Türktransplant sisteminin yaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.

08.10.2024 14:54
152