“Taxıl dəhlizi”ndən ən çox bəhrələnən 3 ölkədən yalnız biri Avropadandır

İndiyədək İstanbul razılaşması çərçivəsində Ukraynanın Qara dəniz limanlarından 32 milyon tondan çox kənd təsərrüfatı məhsulu daşınıb. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu badədə Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu məlumat verib.

Türkiyəli nazirin sözlərinə görə, Taxıl dəhlizi işləməyə başladığı 1 avqust 2022-ci ildən 20 iyun 2023-cü ilədək 32 milyon 58 min 685 ton məhsul daşınıb ki, bunun da 4 milyon tonu Afrika ölkələrinə çatıb. Son 6 ayda daşınan məhsulların 12 faizi Afrika ölkələrinə çatdırılıb.

On bir ayda Ukraynadan ən çox kənd təsərrüfatı məhsulu Çinə - 7,7 milyon ton, İspaniyaya 5,9 milyon ton və Türkiyəyə - 3,6 milyon ton – daşınıb.

Xatırladaq ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının daşınması dəhlizi Türkiyənin təşəbbüsü və aktiv iştirakı ilə yaradılıb. Bu ilin mayında dəhlizin fəaliyyətinin 2 ay uzadılmasına qərar verilib. Bu müddət iyulun 20-də bitir. Rusiya tərəfi İstanbulda imzalanan razılaşmanın özü ilə bağlı hissəsinin tam icra olunmayacağı təqdirdə müddətin uzadılmayacağını elan edib.

Qeyd edək ki, Rusiyanın dəhlizin fəaliyyətinə icazə verməsi üçün qoyduğu bir çox şərtlərə əməl edilib: Avropa Birliyi və ABŞ Rusiya gübrə və kənd təsərrüfatı məhsullarının daşınması sahəsindəki problemləri aradan qaldırmaq üçün sanksiyalarda xeyli yumşalmalar ediblər. Lakin Rusiya getdikcə tələblərini artırır: bir neçə bankının SWIFT sisteminə qaytarılması, Ukraynanın Odessa limanından ammiyak ixracına şərait yaradılması və sair. Ukrayna tərəfi bu tələblərin arxasında taxıl dəhlizinin işini dayandırmaq məqsədi dayandığını bildirir. Belə ki, ötən il rekord həcmdə taxıl toplayan Rusiya hazırda məhsulunu satmağa bazar tapa bilmir, yeni məhsulun toplanması dövrü başlayıb, amma anbarlarda külli miqdarda ötən mövsümün məhsulu var. Ukrayna məhsulunun bazara yolunun yenidən bağlanması Rusiyanın taxıl bazarında rolunu gücləndirəcək, qiymətləri bahalaşdıracaq. Buna görə də Moskva razılaşmanın müddətinin uzadılmaması üçün qəbuledilməz tələblər irəli sürür.

Musavat.com

26.06.2023 13:36
782