Taryel Abdullayev vaxtından əvvəl həbsdən buraxıldı

Ötən il həbs olunan "Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə onun özü bildirib.

O, ötən il həbs olunmasının səbəblərinə də aydınlıq gətirib:

“19-23 yanvar 2023-cü il tarixində ABŞ-ın Arizona ştatında keçirilən “Arias” futzal oyunlarına “Baku İnternational FC”nin futzalçılarının qatılması üçün viza dəstəyi xidməti göstərdim, klubun direktoru olaraq. Klubun 14 oyunçusu - hər biri rəsmi idmançıdı, AFFA və FİFA qeydiyyatlari rəsmidir - getdiyi turnirdən qayıtmadı, ABS-da qalıb yaşamağı seçdilər.

Bu, onlarin konstitusion hüquq idi. Daha sonra ABŞ səfirliyinin ittihamlayıcı məktubu əsasında həbs olundum və barəmdə Cinayət Məcəlləsinin 318.1-ci maddəsi, yəni qanunsuz miqrasiyanın təşkili üzrə cinayət işi açıldı. Nərimanov rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə 2 il azadlıqdan məhrum edildim.

Cəzanın yarısından çoxunu çəkdiyim üçün vaxtından əvvəl şərti azadlığa buraxıldım”.

06.06.2024 10:42
1422