Tarixi qalada möhtəşəm anlar və dünyanı fəth edən Giresun fındığı – VİDEO, FOTOLAR

“Mavi ilə yaşılın qovuşduğu şəhər”dəyik – Giresunda. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfərimiz zəngin təəssüratlarla doludur. Üz tutduğumuz növbəti ünvan Giresun qalasıdır. Bələdçimiz Mustafa Yalçınqaya Azərbaycan və Gürcüstandan olan media mənsublarına Giresun qalası, Giresun şəhəri, həmçinin bu bölgənin “olmazsa, olmaz”ı olan fındığı barədə danışır.

Giresun qalası ilə bağlı fərqli məlumatlar var. Qaladan baxarkən şəhər və Qaradənizin bir parçası ovuc içi kimi görünür. Odur ki, Giresuna səfər edən turistlər bu qalaya qalxmadan geri dönməzlər. Giresun qalasının yaxınlığında Topal Osmanın anıtı da var. Türkiyə Cümhuriyyətinin ilk illərində milis qüvvələrinə komandirlik etmiş bu şəxs xalqın hafizəsində qəhrəman olaraq qalıb və yüksəklikdə qazılmış məzarı ziyarətgaha çevrilib. Giresun qalasında qədim sənət nümunələri də nümayiş etdirilir. Ən diqqətçəkən isə şamanlar, hindular və digərlərinin geyimlərini öz əlləri ilə tikib hazırlayan, satışını təşkil edən sənətkarın – Dəniz bəyin sənətinə, keçmiş adət-ənənələrə yüksək səviyyədə bağlılığıdır. Geyimlərlə yanaşı, ox, nizə, balta və digər qədim döyüş silahları da hazırlayır. 50 TL – təqribən 2,50 AZN ödə, geyimləri geyin, şəkillər çəkdir. Biz də təqriri-libas oluruq və bir neçə dəqiqəlik yüz illərin o üzünə - keçmişə dönürük. Hətta Mustafa bəy Yalçınqaya ilə bərabər “səhnə”də də rol alırıq, xoş təəssüratlarla ayrılırıq bu möhtəşəm məkandan. 

YOLU.jpeg (285 KB)

Ordu və Giresun şəhərlərini təbiət xəritəsi adlandırırlar. Buraların axşamları da, səhərləri də, gecəsi də başqa aləmdir. Səma, dəniz, şəhərin rəngləri bir-birinə qarışıq, gözəl harmoniya yaradır, baxdıqca doymaq olmur.  Giresunda Türkiyə milli mətbəxinin nemətlərini yüksək səviyyədə qonaqlara və yerli sakinlərə təqdim edən restoranlar fəaliyyət göstərir. Hamsı balığının dadı-tamı isə başbaşaqadır.

Gözəl təamlardan, çeşidli salatlardan daddıqdan sonra FİSKOBİRLİK adlı quruma məxsus ünvanlara baş çəkirik.

FİSKO.jpeg (431 KB)

Bu qurum Türkiyənin fındıq istehsalı ilə məşğuldur. Məhsulu sakinlərdən alır, onların təmizlənməsi, çeşidlənməsi, qablaşdırılması, emalı və satışına qədər zəruri işləri həyata keçirir. FİSKOBİRLİKə məxsus fabriklərdən birində olarkən yüksək peşəkarlıqla həyata keçirilən işlərin şahidi oluruq. Öncə təqyiri-libas oluruq, başdan-ayağa üst geyimlə təmin edildikdən, əllərimizi spirtlədikdən, gigiyena qaydalarına tam şəkildə əməl etmək şərtilə içəri daxil oluruq. Müdiriyyət tərəfindən səmimi qarşılandıqdan sonra adı dillər əzbəri olan Giresun fındığının qəbulu prosesindən başlamış, ta qablaşdırılmasınadək bütün prosesi izləyirik.

FİNDİQ.jpeg (244 KB)

Yüksək texnologiya ilə həyata keçirilən prosesdə hər xırda nüanslar nəzərə alınıb, fındığın toplanacağı kisələrin keyfiyyətli olmasından tutmuş, digər məsələlərədək. Burada fındıq keyfiyyətinə, ölçüsünə, yağlılığına görə çeşidlənir, qabığı sındırıldıqdan, ləpələndikdən sonra digər bölümlərdə xanım əməkdaşların əl əməyi vasitəsilə bir daha arıtlanır, daha sonra fındıq məhsullarının hazırlanması həyata keçirilir, yaxud qablaşdırılır, satışa göndərilir. Biz də qablaşdırma prosesində iştirak edirik, maraqlı anlar yaşanır. FİSKOBİRLİK həm də yaxınlıqda satış ünvanını yaradıb, ziyarətçilər yaxınlaşıb istədikləri nemətlərdən ala bilərlər, hamısının tərkibində fındıq məhsulu olan şokaladlardan tutmuş, halvalaradək...

Giresun təkcə fındıq paytaxtı, fındıq istehsalçısı deyil. Burada Fındıq Araşdırma İnstitutu fəaliyyət göstərir. Bu faktın özü Türkiyədə istehsal olunan məhsullara nə dərəcədə önəm verilməsinin nəticəsidir. İnstitutda da oluruq, əməkdaşlarla görüşürük. Dünyanın “fındıq xəritəsi” də diqqətimizi çəkir. Türkiyənin Qaradəniz bölgəsində - Trabzon, Rize, Giresun, Ordu və digər şəhərlər olmaqla, ümumilikdə 16 şəhərdə fındıqçılıqla məşğul olurlar, ölkə bu məhsulu yüksək səviyyədə bazara çıxarmağa nail olub. Xəritədə bir sıra digər ölkələrlə yanaşı, Azərbaycanın da adı var. Daha sonra dağlara doğru yol alacağıq, fındıq yığımının qaynar dövründə bu qiymətli məhsulu ərsəyə gətirən zəhmətkeş insanlarla görüşə gedəcəyik. Bu barədə növbəti yazılarımızda...

Elşad Paşasoy,
Musavat.com
Fotolar və video müəllifindir
Bakı-Giresun-Ordu-Bakı

21.08.2024 13:23
1424