Məşhur siyasi xadim Uinston Çörçillin bir qanadlı ifadəsi var: “Pessimist ələ düşən hər fürsətdə çətinlik, optimist isə üzləşdiyi hər çətinlikdə fürsət görür”.
Biz məşhur filmdə deyildiyi kimi, optimist nəslin nümayəndələriyik, artıq çoxdan üzləşdiyimiz çətinliklərin qarşısında durub əllərimizi əlacsız şəkildə yana açmaqdan, gileylənməkdən qurtarmışıq.
Uzun illər məruz qaldığımız zərbələr, sarsıntılar, mərhumiyyətlər bizə mübariz və nikbin olmağı öyrətdi, anladıq ki, böyük dövlətlərdən, beynəlxalq təşkilatlardan mədət ummağın, sonu görünməyən bir şəkildə yardım gözləməyin xeyri yoxdur, öz başımızın çarəsinə özümüz baxmalıyıq.
44 günlük müharibəyə qədər də belə oldu, ondan sonra da. 2020-ci ilə qədər 28-30 il boyunca işğal altında olan torpaqlarımızı beynəlxalq güclərin köməyi ilə azad etmək mümkün olmadıqda, ərazilərimizi öz əsgərimizin dizinin və biləyinin gücü ilə azad etdiyimiz kimi, müharibədən sonra başdan-başa xaraba qoyulmuş, müasir İsrail dövləti boyda bir yeri yenidən qurmaq, tikmək əzmindəyik.
Biz belə bir çətinlik qarşısındayıq, amma bu çətinlik Qarabağ bölgəsində müasir dünya standartlarına uyğun şəkildə tikinti-quruculuq işləri aparmaq üçün bizə fürsət verib.
İndi Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir.
“Sıfırdan” deyəndə söhbət gerçəkdən də vaxtilə abad şəhər və qəsəbələr yerləşmiş yerlərin daş-çınqıl qalaqlarından təmizlənməsindən, yerinin düzlənib hamarlanmasından və yenidən özül atılıb tikintiyə başlanmasından gedir.
Şükür ki, son 20 ildə ölkəmizdə tikinti sektoru yaxşı inkişaf edib, əlimizin altında hər cür müasir tikinti texnikası və texnologiyası, hər cür inşaat materialları və layihələr var. İşçi qüvvəsi sarıdan da çətinliyimiz yoxdur.
Qalır bu tikinti layihələrinin maliyyələşdirilməsi. O da... Allah öz dövlətimizin xəzinəsinə, fondlarına, resurslarına bərəkət versin.
44 günlük müharibədən çox-çox öncələr Avropanın siyasi dairələri, fondları və bankları tez-tez təkrar edirdilər ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalasın, ondan sonra bölgənin müharibədən zərərçəkmiş rayonlarının bərpası üçün milyardlarla dollar həcmində vəsait ayıracaqlar.
Ancaq 2020-ci ilin bu vaxtlarından keçən müddət ərzində onlar öz sözlərini tutmadılar. Məlum oldu ki, avropalılar “sülh sazişi” deyərkən, Azərbaycanın Qarabağa iddia etməməsini, Qarabağın ya müstəqil dövlət olması, ya da Ermənistana birləşdirilməsi şərtilə ilə imzalanacaq sülh müqaviləsini nəzərdə tuturmuşlar. Ondan sonra Qubadlıda, Laçında ermənilərə qırmızı damlı qəsəbələr tikdikləri kimi yenə də yeni bir erməni mahalının tikintisinə kömək edəcəkmişlər.
Elə olmadı. Biz Qarabağ torpaqlarını xaraba, viranə qoyulmuş şəkildə olsa da, geri aldıq. Əzilmiş avtomobili sıfırdan yığmağa başlayan mahir ustalar kimi, indi onu yenidən bərpa edirik – həm də böyük əzm və entuziazmla.
Qarabağ bölgəsində dövlət başçısının iştirakı ilə ard-arda və vaxtaşırı yeni-yeni kəndlərin, qəsəbələrin ilk binalarının təməlqoyma mərasimi keçirilir və tikinti-quruculuq işləri davam edir.
Son günlər peşəkar mediada və sosial şəbəkələrdə bir təklif də səslənir və getdikcə özünə çoxlu tərəfdar toplayır. Bu, çətinliklərlə müşayiət olunsa da, yaranmış fürsətdən istifadə edərək Qarabağ mahalında (Ağdam, Xankəndi civarında) böyük bir şəhər salmaq, zamanla onu meqapolisə çevirib ölkənin paytaxtına çevirmək ideyasıdır.
Onsuz da paytaxtın olduqca şişmiş Bakıdan köçürülməsi məsələsi gündən-günə aktuallaşır. Bakı artıq milyonlarla insanın, yüz minlərlə avtomobilin toplaşdığı, hərəkət etdiyi qələbəliyi və izdihamı qaldıra bilmir.
Onun bir qədər seyrəlməsi, ən azı bundan daha artıq sıxlaşmaması zəruridir. Yoxsa bir azdan paytaxtda bir-birindən 5-10 km məsafədə yerləşən A nöqtəsindən B nöqtəsinə saatlarla çatmaq mümkün olmayacaq.
Qarabağın yenidən tikilməsi dövlətə belə bir imkan yaradır ki, geniş bir ərazidə, dünya standartlarına uyğun şəkildə (geniş prospektlər, böyük parklar, hər cür təminatlı yaşayış kompleksləri, bir-birinə yaxın məsafdə yerləşən inzibati binalardan ibarət şəhərciklər) tikilməkdə olan şəhərlərdən biri perspektiv paytaxt şəhəri kimi nəzərdə tutulsun.
Belə bir şey olsa, heç 10 il keçməz ki, həmin şəhər 1 milyondan çox əhalisi olan meqapolisə çevrilər. Önümüzdə bizim Lənkəran boyda olan Akmolu şəhərinin bugünkü Astanaya – Qazaxıstanın paytaxtına çevrilməsi kimi bir örnək var.
Düzdür, bu, bir az uzun müzakirə tələb edən mövzudur, ancaq hazırda bizə belə bir mövzunu müzakirə və sonda qərar qəbul etmək üçün fürsət yaranıb.
Hər fürsətdə çətinlik axtarmaq isə, Çörçillin dediyi kimi, pessimistlərin işidir. Nikbin olaq, gələcəyə baxaq.
Araz Altaylı, Musavat.com