Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət ölkəmizin beynəlxalq və regional müstəvidə nüfuzunun getdikcə artmasına səbəb olub. Son illərdə geosiyasi və hərbi münaqişələrin qütblərə böldüyü güclər arasında çox uğurlu və balanslı siyasət xəttinin müəyyənləşdirilməsi Azərbaycanın bütün maraqlı tərəflərlə münasibətlərinin inkişaf etməsinə gətirib çıxarıb.
Beynəlxalq əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin keçdiyi ərazidə yerləşən Azərbaycan bütün tərəfdaşlarla səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqla bu mövqeyinin yaratdığı üstünlüklərdən bacarıqla faydalanır. Bu baxımdan, rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə münasibətləri önəmli yerlərdən birini tutur. Asiyadan Avropaya dəniz yolundan kənarda ən əlverişli ticarət marşrutunun keçdiyi Mərkəzi Asiya ölkələrinin hər biri ilə sıx təmaslar qurulub, münasibətlər yaxın dostluq və strateji partnyorluq səviyyəsinə qaldırılıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak etdi.
Azərbaycan Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan və Özbəkistanla Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sıx münasibətlər qurmaqla yanaşı, bölgənin qeyri-türk dövləti olan Tacikistanla münasibətlərə də ciddi önəm verir. Düşənbə Çindən çıxan ticarət yollarının bir istiqamətinin öz ərazisindən keçməsi üçün son illərdə xeyli işlər görüb. Çinlə avtomobil və dəmiryolları əlaqələrinin genişləndirilməsi üçün vəsait ayrılıb, Çinin böyük şirkətləri ilə bərpa olunan enerji istehsalı sahəsində çoxmilyonluq layihələrin icrasına başlayıb. Əfqanıstan-İran-Çin arasında mühüm coğrafi mövqedə yerləşən Tacikistana Avropa İttifaqının diqqəti də sürətlə artmaqdadır. Ötən ilin sentyabrında prezident Emomali Rahmon Mərkəzi Asiyadan Brüsseldə danışıqlara dəvət olunan 5 dövlət başçısından biri olub, tərəflər arasında təmaslar sürətlə dərinləşir.
Tacikistan Çin-Avropa ticarətinin tərkib hissəsi olmaq üçün Azərbaycanla münasibətlərin dərinləşməsində xüsusilə maraqlıdır. Çünki ölkə üzərindən yüklərin İran vasitəsilə Avropaya ötürülməsi indiki şərtlər daxilində Avropa İttifaqı tərəfindən məqbul variant kimi qəbul edilə bilməz.
Azərbaycan Asiya-Avropa – Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin maksimum genişləndirilməsi prinsipindən çıxış edir. Artıq ölkəmizdə dəhlizlə yükdaşımaların artan həcmini qarşılamaq üçün zəruri olan bütün infrastruktur layihələr başa çatdırılmaq üzrədir. Bu isə marşruta mümkün qədər çox yüklərin cəlb olunmasını tələb edir. Bütün bunlar, həmçinin iki ölkə arasında son yüz ilə yaxın müddətdə formalaşan səmimi münasibətlər Emomali Rahmonun Azərbaycana bu dəfəki səfərinin əhəmiyyətini daha da artırır. Ölkələr arasında münasibətlər son illərdə kifayət qədər sürətlə dərinləşir. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev həmçinin ötən ilin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında iştirak etmək üçün Düşənbədə səfərdə olub.
Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.
İki ölkə arasında indiyədək ümumilikdə 70-dən çox sənəd imzalanıb. Ötən il Azərbaycan dövlət başçısının Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb. Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə 2008-ci ildən fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiya işini uğurla davam etdirir.
İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ildəki 3 milyon 710,23 min dollardan 2023-cü ildə 5 milyon 123,08 min dollar qədər artıb. Bu dövriyyənin çox mühüm hissəsi Azərbaycanın Tacikistana ixracından ibarətdir. Ölkələrin potensialı bu həcmin qat-qat artırılmasına imkan yarada bilər.
Tacikistan Prezidentin Bakıya səfəri zamanı ölkələr arasında imzalanan sənədlər münasibətlərin çoxsaylı istiqamətləri üzrə dərinləşməni nəzərdə tutur. Belə ki, bu gün Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”lər imzalanıb.
Prezident İlham Əliyev Tacikistanlı həmkarı ilə bu gün keçirilən görüşü və müzakirələri yüksək qiymətləndirərək dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib: “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.
İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”.
Tacikistan Prezidenti iki ölkə arasında münasibətlərin inkişafında Prezident İlham Əliyevin böyük rolunu xüsusi qeyd edib. Bildirib ki, bugünkü görüşlərz Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçib: “Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin bütün kompleksini ətraflı müzakirə etdik. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə etdik. Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi.
Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi.
Danışıqlar zamanı biz aqrar sahəyə də xüsusi diqqət yetirdik. Biz turizm sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin imzalanmasını alqışladıq. Bununla bağlı müvafiq qurumlara paytaxtlarımız arasında birbaşa aviareyslərin bərpası üçün tədbirlərin görülməsi tapşırıldı.
Nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirildi. Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd etdik. Tacikistanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirdik”.
Verilən açıqlamalardan da aydın olur ki, Tacikistan Prezidentinin Bakıya səfəri ölkələr arasında qarşılıqlı əlaqələrin bütün spektrlər üzrə daha sürətlə inkişafına təkan verəcək.
Musavat.com