Tarixi dəyişdirən Qələbə

Prezident İlham Əliyevin Zəfər bayramını Xankəndində qeyd etməsinin, istimaiyyətə və dünya dövlətlərinə ünvanlanmış bayram təbrikini işğaldan yenicə azad olunmuş bu şəhərdə söyləməsinin simvolik anlamı var. Ölkə başçısı həmin çıxışında 20 il bundan əvvəl prezident seçildiyi ilk gündən Qarabağı işğaldan xilas edəcəyinə söz verdiyini xatırladaraq dedi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”.

İlham Əliyev onu da xatırlatdı ki, hakimiyyətinin ilk günündən etibarən səsləndirdiyi bu vədini qətiyyən unutmamış və yeri gəldikcə dəfələrlə təkrarlamışdı. Bu fikirlər onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər zaman cənab Prezidentin siyasi fəaliyyətinin əsas məramı və strategiyası olmuşdur. Zaman sübut etdi ki, ölkə başçısı həqiqətən 44 günlük savaşda öz prinsipial mövqeyi ilə qarşıya qoyduğu hədəfləri reallaşdırdı. Bu gün həqiqətən də Azərbaycanın paytaxtından tutmuş ən ucqar nöqtəsinə qədər ölkə bayrağı dalğalanır. Bayrağımızın ən gözəl dalğalandığı yer isə təbii ki, Xankəndidir. Çünki son 100 il ərzində Xankəndi Azərbaycan dövlətinə qarşı bütün xəyanətlərin mərkəzi kimi fəaliyyət göstərirdi. Erməni separatizminin mərkəzi şəhəri olan Xankəndi indi Azərbaycan Ordusunun hərbi parad keçirdiyi müqəddəs məkana çevrilib.

Sözsüz ki, Azərbaycan onun mövcudluğunu aradan qaldırmaq üçün müxtəlif beynəlxalq güc mərkəzləri tərəfindən formalaşdırılmış erməni separatizmi üzərində qələbəni asan qazanmamışdır. Xüsusilə son 30 illik tarix kəsimində biz təkcə Ermənistan və onun uzantısı olan Qarabağ erməni separatizmi ilə döyüşmürdük. Bizim qarşısımızda həm də Fransa, ABŞ, Rusiya, İran və adını sadalamaqla bitirə bilməyəcəyimiz qlobal güc mərkəzləri vardı. Bu güc mərkəzləri bu gün belə, erməni separatizmini dəstəkləyir, Azərbaycanın inkişafının qarşısını almağa çalışır. Əlbəttə, bu təsadüfi deyil. Çünki Qərb ölkələri vaxtilə ən böyük kabuslarına çevrilən Türk gücünün məhz Azərbaycan vasitəsilə özünü yenidən bərpa edəcəyini anlayır və indiki üstünlüyünü əldən verməmək üçün bacardığı qədər müqavimət göstərir. Bu baxımdan, Ordumuzun Qarabağda qazandığı qələbə yalnız regional hadisə deyil. Bu həm də Türk dünyasının dünya imperializmi qarşısında qazandığı parlaq qələbədir. Məhz bu qələbə Türk dünyasının lokomotivi rolunu oynayan Türkiyənin də çəkisini artırdı, onu dünya gücünə çevrilməsi yolunda ən böyük əngəllərdən birini aradan qaldırdı. Məhz bu qələbədən sonra dünya Türklüyü öz gücünün böyüklüyünə inandı və Türk Dövlətlər Birliyi adlı yeni Turan projesi ətrafında birləşməyə başladı. 44 günlük müharibədə qazandığımız tarixi qələbə dünyada yeni bir eranın – Türk erasının təməllərini atdı. Məhz bu səbəbdən bir çox strateqlər haqlı olaraq, XXI əsrin Türk əsri olacağını cəsarətlə dilə gətirirlər.

3fd25951-c9f7-4fdc-9f00-c043b75106d7.jpg (140 KB)

Qeyd edək ki, dünyanı bir çox dövlətləri, qlobal güc mərkəzləri Türk millətinin 21-ci əsrdə yüksəlişini öncədən proqnozlaşdırmışdılar. 1999-cu ildə Türkiyəyə səfər edən ABŞ-ın o zamankı prezidenti Bill Klintonun məşhur bir sözü vardı: “XX əsrin geosiyasi mənzərəsini Osmanlının yıxılışı müəyyənləşdirdi. XXI əsri isə Türkiyənin yüksəlişi müəyyənləşdirəcək. Əminən ki, XXI əsr Türk əsri olacaq”.

Yəqin ki, bir çoxları Bill Klintonun 24 il bundan əvvəl səsləndirdiyi bu fikirləri gəlişigözəl sözlər olduğunu düşünürdü. Həqiqətən də o dövrdə Türkiyə Qərb ölkələrindən, xüsusilə də ABŞ-dan asılı bir dövlət idi. Üzərindən tarix üçün o qədər uzun olmayan zaman keçdikdən sonra Türkiyə indi dünya siyasətini müəyyənləşdirən aktor kimi çıxış edir. Biz bunu Yaxın Şərqdə, Cənubi Qafqazda və Ukraynada yaşanan gərginliklər fonunda daha aydın görə bilirik. Amma ortada olan gerçək bundan ibarətdir ki, Türkiyə bu gücünü xüsusilə 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı misilsiz qələbə sayəsində tam təsdiq etmişdir. Çünki Türkiyə o zamanadək dəstəklədiyi döyüşlərin heç birində 44 günlük müharibədə olduğu qədər parlaq qələbə qazanmamışdı. Suriya, Liviya, İraq və Yaxın Şərqin digər ölkələrində Türkiyənin tərəfdaş olduğu müharibələrin hamısı indiyədək davam edir. Yeganə tam və qəti qələbə əldə edilən məkan isə Qarabağdır. O başqa məsələdir ki, Türkiyə Qarabağ savaşına tam qatılmamış, sadəcə Azərbaycana açıq dəstəyini gizlətməyərək əsgərlərimizə mənəvi ruh vermişdir. Və Azərbaycan bu döyüşlərdə Türkiyə istehsalı olan müasir texnologiyaları nümayiş etdirərək Türk qüdrətini ortaya qoymuşdu. Ordumuzun bu məharəti və qəhrəmanlığı nəticəsində dünya hərb sənətinin I Dünya müharibəsindən sonra möhkəmlənmiş hərbi strategiyası dəyişmişdir. Müasir müharibələrin tanklarla, toplarla yox, dronlarla qazanılacağı həqiqəti ortaya çıxmışdır. Məhz bu səbəbdən Azərbaycan əsgərinin Qarabağda göstərdiyi nailiyyətlər başqa Pentaqon olmaqla bir çox hərb akademiyalarının dərsliklərinə salınmışdı.

Azərbaycanın dünya hərb sənətinə bəxş etdiyi yeni strategiyalar Ukraynanı da Rusiyaya imperializminə qarşı mübarizəsinə özz töhfəsini vermişdi. Müharibənin ilk günlərində Ukrayna əsgərləri Azərbaycana qələbə gətirən Türk dronları ilə silahlanmaya önəm verməyə başlamış və hətta “Bayraktar TB-2”yə mahnılar bəstələmişlər. Bu baxımdan II Qarabağ döyüşlərində əldə edilən qələbənin nəticələri yalnız Türk dünyası ilə də məhdudlaşmır. Bizim qələbəmiz Ukrayna döyüşlərinin də müqəddiməsinə çevrilmişdir.

Mən bu qələbə münasibəti ilə başda müasir tarixə adını qızıl hərflərlə yazdıran Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham Əliyev olmaqla, bütün əsgərlərimizi təbrik edir və xalqımıza yeni qələbə sevincləri yaşamağı arzulayıram.

Mürvət Həsənli

"Qərbi Azərbaycan İcması” Qəyyumlar Şurasının sədri

49b41914-464c-4638-be12-a8c98049501b.jpg (51 KB)

10.11.2023 10:23
492