Ən yaxın zamanda İstanbul Böyükşəhər bələdiyyəsinə növbəti 5 ildə kimin başçılıq edəcəyi bəlli olacaq. O zamana qədər İstanbul bələdiyyəsinin tarixinə nəzər salmaq maraqlı olar.
Musavat.com-un əməkdaşı İstanbula səfəri zamanı İstanbul Böyükşəhər bələdiyyəsinin tarixi ilə maraqlanıb. İstanbulun fəthindən sonra, islahatlara (Tanzimat) qədər şəhərin idarəsi kadı əfəndiyə tabe idi, kadı əfəndi isə baş vəzirə. 1853-1856-cı illər Osmanlı-Rusiya savaşından sonra Avropa ilə əlaqələr inkişaf etməyə başladı. Dövlət qurumlarının modernləşdirilməsinə qərar verilməsi ilə İstanbulda bələdiyyə fəaliyyətini həyata keçirəcək bir qurum yaradıldı. Yeni şəhər məclisi quruldu, məclis üzvləri isə İstanbul xalqı və tacirləri arasından seçilmiş şəxslərdən ibarət oldu.
İstanbul Böyükşəhər bələdiyyəsinin inzibati binası 1953-cü ildə müsabiqə nəticəsində birinci yeri qazanan memar Nevzat Erolun layihəsi əsasında inşa edilib. Layihə beynəlxalq üslubun türk memarlığında əks olunduğu ilk nümunələrdən biri hesab olunur. Fatihdə yerləşən bina iki əsas hissədən ibarətdir. Hündür olan hissə idarə binasıdır. Üfüqi düzbucaqlı bina isə başqanlıq və iclaslar üçündür. Memar binanın üstündəki dairəvi örtük tərzini üzbəüzdəki Şəhzadə məscidinin örtük sisteminə bənzətmək üçün düşünüb. Böyük şəhər bələdiyyəsinin binası 1970-ci ildən istifadəyə verilib.
Bələdiyyə binasının önündə bir neçə büst qoyulub. Onlar arasında İstanbul şəhərinin ilk bələdiyyə başçısı Xızır bəy Çələbinin büstü də var. Bundan başqa, İstanbul valiləri Fəxrəddin Kərim Gökay, Lütfi Kırdar, Mühittin Üstündağ, Cümhuriyyət elan olunduqdan sonra ilk şehremin (Cümhuriyyət dövründə vali həm də uzun müddət bələdiyyə sədri vəzifəsində çalışıb) təyin olunan Emin Erkul Seyitoğlu, Haydar Yuluğ, bələdiyyə sədri Cemil Topuzlunun (Paşa) da büstləri qoyulub.
Binadan əsas yola tərəf gedərkən sağ tərəfdə daha iki büst var. Onlar isə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anası Zübeydə xanım və atası Ali Rıza Efendinin büstləridir.
İstanbul böyük şəhər bələdiyyəsinin önündə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı şəhid edilənlərin xatirə lövhəsi var. Həmin gün bələdiyyənin 13 əməkdaşı şəhid olmuşdu.
İstanbul Böyük şəhər bələdiyyəsinin tarixinə nəzər salsaq, şəhərə 20 gün də başçılıq edən olub, 13 il də. Kadir Topbaş 2009 və 2014-cü il seçkilərində İstanbul Böyükşəhər Bələdiyyə başçısı seçilərək İstanbul tarixində ardıcıl üç seçkidə qalib gələn ilk böyük şəhər bələdiyyə başqanı olub. Son seçkiyə qədər isə şəhərə Ekrem İmamoğlu rəhbərlik edib.
Nigar HƏSƏNLİ,
İstanbul, Türkiyə
Musavat.com