TAP-ın ötürücülük qabiliyyəti nə qədər GENİŞLƏNDİRİLƏCƏK? – AÇIQLAMA

Sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib. Ciorcia Miloni tərəfindən enerji sahəsində ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun bu gün İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Maraqlıdır, TAP-ın ötürücülük qabiliyyəti nə qədər artırıla bilər? Bu məsələdə Azərbaycan nə dərəcədə həvəslidir? TAP-ın ötürücülük qabiliyyətinin artırılması Azərbaycana hansı dividentləri qazandıracaq? Azərbaycan digər Xəzəryanı ölkələri də bu prosesdə səfərbər edə, TAP-a qoşa bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, TAP hazırda 11,5 milyard kubmetr qazı rahat bir şəkildə nəql edə bilir.

Onun sözlərinə görə, əlavə 1,2 milyard kubmetr qazın uzunmüddətli stabil alıcısı var: “TAP istismara veriləndə buraxılış gücü 10 milyard kubmetr idi. Lakin sonrakı dövrlərdə artan tələbatı nəzərə alaraq, daxili imkanlar hesabına kompressor stansiyaların gücü artırıldı. TAP hazırda 11,5 milyard kubmetr qazı rahat bir şəkildə nəql edə bilir. Biz 2023-cü ildə bundan yararlandıq. Növbəti dövrdə Azərbaycan qazının alıcıları Cənubi Avropada deyil, Şərqi Avropa və Balkanlardadır. TAP-ın genişləndirilməsinə gəlincə, hazırkı mərhələdə istehlakçılar arasında aparılan iki müsabiqənin nəticəsi olaraq, əlavə 1,2 milyard kubmetr qazın stabil alıcısı var. Bu, uzunmüddətli bir dövr üçündür. O cümlədən İtaliya da bu həcmləri bir qədər artıracaq”.

İqtisadçı-ekspert deyib ki, 2026-cı ilin sonlarına doğru TAP-la ixrac həcmi 1,2 milyard kubmetr artırılacaq: “TAP təqribən 13 milyard kubmetrədək qaz nəqletmə imkanında olacaq. Sual oluna bilər ki, bəs Xorvatiya, Serbiya, Sloveniya, Macarıstan və Rumıniya necə alacaq? Onlar cari il iyunun 4-də SOCAR və BOTAŞ arasında imzalanan müqaviləyə görə, Türkiyə üzərindən Bolqarıstana qədər uzanan kəmər vasitəsilə qaz alacaqlar. Hazırkı situasiyada TAP-ın qeyd edildiyi kimi, 20 milyard kubmetrə qədər genişlənməsinə hələlik ehtiyac yoxdur. Amma biz bilmirik ki, yaxın 5-10 ildən sonra bazarlarda vəziyyət necə olacaq”.

06.09.2024 13:38
461