Şuşa Tanrıya yaxın şəhərdir. Bunu zamanında hər böyük məhəlləsində məscid olması da təsdiqləyir. Bu şəhərdə də məscidlərin dağıdılması və bağlanması sovetlər dövrünə təsadüf edir. Amma qadağalar zamanı-məscidlər dağıdılanda və ya bağlananda da bu şəhər əhli Allahına sığınıb, “Quranı” evinin baş köşəsindən əskik etməyib.
Şuşa işğalda qaldığı 28 ildə də bütün dünya mediasında nə bulaqları, nə Cıdır düzü ilə tanınıb, məhz Yuxarı Gövhər Ağa məscidi bu şəhərin simvoluna çevrilib. O məscidə ki, müharibə zamanı düşmən mərmisi dəyəndə qəfil hava tutulub, leysan yağıb...
Şuşanın laməkan Tanrıya yaxın olduğunu göstərən daha bir fakt- Azərbaycan ordusunun xüsusi təyinatlıları şəhəri düşməndən geri aldıqdan saatlar sonra məscidin minbərində azan səsi yüksəldi. O səbəbdən Şuşa 28 illik işğaldan azad edilməsini duyuran iki faktla tarixə düşdü. Biri Ali Baş Komandana raport, ikincisi Tanrıya azan səsi ilə verilən müjdə, "məruzə" idi...
Şuşada Dini İşlər üzrə Dövlət Komitəsinin (bundan sonra Dini Komitə) təşkilatçılığı ilə bu gün başlayan ikigünlük seminarda da maraqlı məruzəçilər və müzakirələr vardı. Toplantı Şuşanın "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunmasına dair tədbirlər çərçivəsində keçirilir.
Şuşa Konqres Mərkəzində "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın ilk günü dövlət himnimizlə başladı. Sonra 27 sentyabr 44 günlük Vətən müharibəsinə həsr olunmuş çarx nümayiş olundu.
Dini Komitəyə bu ilin aprelində sədr təyin olunan Ramin Məmmədovun çıxışına keçmədən öncə deyim ki, o şuşalılara da, Azərbaycan ictimaiyyətinə də tanış simadır. Belə ki, Ağdərədə anadan olsa da, 1985-1992-ci illərdə Şuşanın 2 saylı orta məktəbində oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
Qarabağ erməniləri ilə ötən ilin sentyabrında reinteqrasiya danışıqlarında (səhv etmirəmsə, üç belə görüş oldu) hakimiyyəti o zaman deputat olan Ramin Məmmədov təmsil edirdi.
Dini Komitə sədri çıxışında da öncə Şuşada "itirilmiş uşaqlığını" yada saldı. Komitə sədri dedi ki, Şuşada dini mövzuda tədbirin keçirilməsinin bir səbəbi də bu şəhərin işğal illərində dini və mədəniyyət abidələrinin dağıdılmasıdır, indi isə dövlət bu abidələri yenidən bərpa edir. Ramin Məmmədov dedi ki, hazırkı dünya gündəmində həm də ciddi dini ideoloji mübarizə önə çıxıb, o səbəbdən medianın üzərinə də ciddi vəzifələr düşür.
Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli seminarın mövzusu haqda çıxışında daha çox Qərb KİV-lərində artan islamafobiya meyllərindən danışdı, bunu tarixdəki səlibçiliklə müqayisə etdi. NK rəsmisi dedi ki, bu məsələdə mediadan gözləntilər çoxdur. Onun dediyinə görə, ənənəvi media dezinformasiya ilə mübarizədə sosial medianı üstələməlidir.
Seminarda “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?” mövzusunda moderatorun uzun müddətdir Dini Komitənin sədr müavini olan Gündüz İsmayılovun olması təsadüfi deyildi. Vaxtilə mediada bizim həmkar olduğunu da ("525-ci qəzet”də işləyirdi) yada salaraq, deyim ki, bu təvazökar məmurun ölkədə din və media mövzusunu dərindən bələdliyi şübhə doğurmurdu, müzakirələr də bu gerçəyi təsdiqlədi.
Gündüz İsmayılov azad medianın dini mövzuda sərhədləri haqda müzakirələrə körpü saldı. Komitə sədrinin müavini bəzi online mediada dini mövzuda başlıqlardan bir neçə iqtibas göstərdi. Bunu mediaya yönəlik ittiham olmadığını dedi, hətta "bunun məsuliyyətinin 51 faizi mənimdir, demək media ilə yaxşı işləməmişəm" də söylədi. Müzakirələrdə komitə sədrinin müavini Azərbaycanda dinə ərəb, İran və Anadolu türklərinin ciddi təsirləri olduğundan gileyləndi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun çıxışı maraqlı oldu. Dedi ki, mediaya həssas mövzu olduğu üçün dini mövzuda haqda yazmaq qadağası qoymaq olmaz, heç bu mümkün də deyil. Amma əsas olan professional yanaşma olmalıdır. Rəvan Həsənovun çıxışında maraqlı bir mövzunu da qabartdı. O, xüsisilə cənub zonasında kənar dövlətin ideoloji təsirlərinin-radio və televiziya dalğalarının hələ də yayıldığını və bunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid kimi dəyərləndirdi.
Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov din sahəsində maraqlı təkliflər verdi. Onlardan biri də "Quran" ın və ərəb dilinin tədrisi barədə oldu. Bəlli oldu ki, Rafiq Həşimov 50 yaşında özünə "Quran" ı oxumağı hədiyyə edib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli dini mövzuda həssaslığın anlaşılan olduğunu, amma senzuranının ləğvinin və media azadlığı sahəsində dövlətin gördüyü işləri yada saldı.
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov təmsil etdiyi qurumun din və media münasibətlərinə mövqelərini açıqladı. Bəzi hallarda dini mövzuda qızışdırıcı halların olmadığını, yalnız bəzi istisnaların məqsədli deyil, qeyri-peşəkarlıqla izah etdi. Təklif etdi ki, media və dini münasibətlər mövzusunda treninqlərin sayını artırmağı təklif etdi.
Seminar sabah Qafqaz Müsəlmanları İdarəsinin və Daxili İşlər Nazirliyinin nümayəndəsinin də iştirakı ilə davam edəcək.
Nazim SABİROĞLU
Musavat.com