Tank gözləyən Zelenskiyə demək istədiyim…

Birinci Qarabağ müharibəsində 1 ay Laçın yolu ilə Şuşaya gələcək tankları gözlədik, axırda...; Donbas uğrunda döyüşlərdə həlledici mərhələ başladı - son üç şəhər

Cəhbədə gələn xəbərlər Donbas uğrunda döyüşlərin həlledici mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Rus qoşunları hələ yayda Severodonetsk və qonşu Lisiçanskı ələ keçirdikdən sonra bütün Luqansk bölgəsi onların nəzarətində idi. İndi əsas döyüşlər qondarma “Donetsk Xalq Respublikası”nın Kiyevin nəzarətində olan üç son böyük şəhəri uğrunda başlayır.

Soledarın tam rus qoşunun nəzarətinə keçməsini artıq ABŞ da təsdiqləyib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Rusiya Baxmut və Soledarı alsa belə, bunun müharibəyə həlledici təsiri olmayacaq. “Şübhəsiz ki, ukraynalıların öz ərazilərini geri qaytarmaq cəhdlərini dayandırmayacaq” deyə, o bildirib.

WhatsApp Image 2023-01-13 at 17.15.21.jpeg (314 KB)

İndi Rusiyanın əsas hədəfi Kramatorsk, Slavyansk və Baxmutdur. Bu hər iki tərəf üçün təkcə strateji deyil, həm də simvolik əhəmiyyətə malikdir. 2014-cü ilin aprelində Slavyansk separatçılar tərəfindən ələ keçirilən ilk şəhər idi. Ukrayna qoşunları şəhəri yalnız 2014-cü il iyulun əvvəlində tam azad edə bildi.

Qonşu Kramatorsk da 2014-cü ilin yazında Slavyansk kimi Rusiyanın dəstəklədiyi silahlı separatçıların nəzarətinə keçmişdi və bu şəhər uğrunda da şiddətli döyüşlərdən sonra azad edilib. 2015-ci ilin payızında 150 min əhalisi olan şəhəri Kiyev Donetsk vilayətinin inzibati mərkəzinə çevirdi. Ukraynanın əsas qüvvələri də o vaxtdan Kramatorskda yerləşdi.

Nəhayət, Donbasın Kiyevin nəzarətində olan strateji əhəmiyyətli üçüncü şəhər Baxmutdur. Bu şəhər də mühüm Lisiçansk-Baxmut magistralında yerləşir və Ukrayna ordusunun regionda mühüm təchizat mərkəzi hesab olunur. 70 minə yaxın əhalisi olan Baxmut da Birinci Donbas müharibəsində separatçılardan azad edilmiş şəhərlər sırasındadır. Ukraynanın 90 faiz duz hasilatı da bu şəhərdə istehsal olunurdu. Rus işğalı başlayandan sonra “Artemsol”istehsalı dayandırıb. Hazırda Kiyev duz ehtiyaclarını Almaniyadan idxal etməklə ödəyir.

WhatsApp Image 2023-01-13 at 17.15.23.jpeg (149 KB)

ABŞ rəsmisindən fərqli olaraq, Rusiya hərbi rəhbərliyi Soledarın nəzarətlərinə keçməsinin ciddi strateji əhəmiyyəti olduğunu iddia edirlər. Rusiya mənbələri deyir ki, Soledardakı yüksəkliklər Slavyansk-Baxmut yolunu birbaşa müşahidə etməyə və atəş altında saxlamağa imkan verir.Soledarın işğal altına düşməsi Baxmut qruplaşmasına maddi-texniki dəstəyi kəsməyə imkan verə bilər. Soledarın itirilməsindən sonra Ukrayna ordusu Donetsk və digər yaşayış məntəqələrini əvvəlki kimi atəş altında saxlamaqdan da məhrum olub.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyatı xəbər verir ki, son üç gün ərzində Rusiya qoşunları Baxmut istiqamətindən Kramatorsk və Slavyanska doğru irəliləməyə cəhd edirlər. Britaniya kəşfiyyatı Rusiya qoşunlarının irəliləməsini “çox ləng” kimi qiymətləndirir, amma “Ukraynanın kəskin sursat və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyini“ də deyirlər.

Rusiya prezidenti Putinin Başqırdıstanın ilk prezidenti Murtaza Rəhimovun vəfatı ilə bağlı bu respublikaya səfər etməsi diqqət çəkir. Başqırdıstan hazırda cəbhəyə canlı qüvvə ilə dəstək verən fəal bölgələrdən biridir. Putin də Rusiya televiziyasına açıqlamasında bunu xüsusi qeyd etdi. Rusiyada İslamın əsas mərkəzi olan Ufaya Putinin bir neçə saatlıq səfərinə 20 il respublikaya rəhbərlik etmiş Murtaza Rəhimova vəfa borcundan daha çox müharibə konteksdə baxmaq lazımdır. Rusiya bu müharibədə bütün subyektlərini “dişini vurdu” və Putinin qeyri-slavyan respublikalardan narazı qalması üçün heç bir əsası olmamalıdır...

WhatsApp Image 2023-01-13 at 17.15.24 (1).jpeg (126 KB)

Amerikanın və Qərb müttəfiqlərinin ciddi dəstəyinə baxmayaraq, Ukraynada “ləng irəliləyən işğalı” dayandıra bilmirlər. Əlbəttə, bu dəstək olmasaydı, Ukraynanın Rusiya işğalının qarşısında 11 ay duruş gətirməsi çətin olardı. Zelenski Ukraynanın Qərbin poliqonu olduğunu bilir, amma etiraf etmir, ölkə də hər gün daha çox çıxılmaza doğru gedir. ABŞ və NATO-ya lazımdır ki, Rusiya Ukraynada mümkün qədər daha çox müharibə aparsın. Ukraynanın geridönüş edib bu əraziləri təmizləməsi üçün bir yerdə dayanması, özünə gəlməsi, ətrafındakı dostu ilə düşmənini bir daha ayırd etməsi lazımdır. Ukraynanı bu ağır oyuna çəkənlər üçün ukraynalının taleyi maraqlı deyil.

İndi də Ukraynaya Avropanın “Leopard” tankları, BMP-lər gəlir. Uçaqsavarlar gələndə Ukraynanın əmin edirdilər ki, bunlar rus tanklarını “əridəcək”. İkinci Qarabağ müharibəsində “Bayraqdar”la qarşısında duruş gətirə bilməyən tank biznesi ilə məşğul olan silah düccarları ölkələrinə ciddi zərbə oldu. İndi yenidən Ukraynada bu silah bazarını dirçəltməyə çalışırlar. 10-15 tanka ümid edib müharibəni davam etdirməyin perspektivi isə yoxdur...

Yadımdadır ki, Birinci Qarabağ müharibəsində 1 ay Laçın yolu ilə Şuşaya gələcək tankları gözlədik. Axırda üstündə bir pulemyot olan tanka oxşar nəsə gəldi. Onu da döyüş mövqeyinə çıxaran kimi təpədən-dırnağa silahlanmış ermənilər vurub yandırdılar. Sonra tanklar da gəldi, amma gec idi. Zaman gəldi, dövlətimiz də, ordumuz da, gücləndi, düşməni torpaqlarımızdan qovduq, anasını ağlatdıq. Kaş ki, Zelenskiyə bunları demək və izah etmək şansım olaydı…

13.01.2023 17:25
3177