Abşeron rayonunda təhlükəli vəziyyətdə olan tanışına kömək etməyən şəxsə cəza verilib.
Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə təqsirləndirilən 30 yaşlı Saleh Babayevə (şərti) hökm oxunub.
O, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Eyni zamanda qazancından dövlət nəfinə 20 faiz pul tutulacaq. Araşdırmalar zamanı məlum olub ki, ötən il sentyabrın 2-də S.Babayevin uzun illərdir tanıdığı şəxsin həyat və sağlamlığı təhlükəli vəziyyətdə olduğu halda ona kömək etməyib.
Belə ki, həmin gün Xırdalan şəhəri "AAAF Park” yaşayış massivindəki binalardan birinin alt mərtəbəsində yerləşən kafedə olan tanışı narkotik vasitənin təsiri altında olub. O, sözügedən gecə narkotik maddə ilə (tiryəklə) zəhərlənmə səbəbindən də ölüb.
Bildirilib ki, S.Babayev kafeni icarə əsasında işlədirmiş. O, həmin şəxsin halsız vəziyyətdə olduğunu görüb, lakin tibbi yardım göstərilməsinə təşəbbüs göstərməyərək kafenin qapısını bağlayaraq gedib. Növbəti gün kafeni açan xanım işçi orada bir nəfərin öldüyünü görüb.//Qafqazinfo.az