Musavat.com xəbər verir ki, bu fikirləri ictimai fəal Bəxtiyar Hacıyev Londonda radikal dindarların səfirliyimizə etdiyi hücumla bağlı yazıb.
Onun sözlərinə görə, videolardan birində kənarda polis əməkdaşlarının dayandıqları görünür: "Bu məsələyə ən sərt reaksiya verilməlidir. Bu, balaca hansısa icmanın edəcəyi qələt deyil, arxalarında böyük güc hiss etməsələr, oradakılar o qələti etməzlər".
Hüquq müdafiəçisi Mehriban Zeynalova isə qeyd edib ki, bu gün Boyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyimizə bir qrup radikal dini dəstənin hücumu çox pis haldır: "Biz radikallığa qarşı çıxanda hamı üstümüzə hücum çəkir ki, guya biz İslama qarşıyıq. Biz bundan narahatıydıq. Yoxsa nə Allahı inkar edirik, nə İslamı, nə də Quranı! Ümumiyyətlə, radikal dini qruplara qarşı da antiterror hərəkətinin keçirilməsinin vaxtıdır. Bugünkü hadisə ciddi narahatlıq yaradan haldır. QHT-lər radikalizmlə bağlı ciddi fəaliyyətləri ilə cəmiyyətdə maarifləndirmə, aşkarlama işləri aparmalıdır".
Politoloq Elxan Şahinoğlu isə deyir ki, Londondakı radikal dindarları nə qəzəbləndirib ki, həbs olunma təhlükəsi risqini göz önünə alaraq Azərbaycan səfirliyinə hücum ediblər:" Özü də bu hadisə elə bir məqamda baş verir ki, Azərbaycan Qarabağda separatçılara qarşı anti-terror əməliyyatı həyata keçirir və İrəvan təşviş içindədir. Yoxsa erməni lobbisi indi də radikal dindarlarla ittifaq qurub? Hər halda həbs olunan dindarlar London polisinə Azərbaycan səfirliyinə hücum etmələrinin səbəbini söyləyəcəklər.
Ancaq bu hücum əmr və pul müqabilində həyata keçirilibsə əsl səbəbini gizlədəcəklər".
Emil
Musavat.com