Tanınmış yazıçı-publisist Rövşən Yerfi dələduzluqla üzləşib.
Musavat.com-un xəbərinə görə, yazıçının Baş prokuror Kamran Əliyevə ünvanladığı məktubdan belə aydın olur ki, hüquq-mühafizə orqanları 10 ilə yaxındır ki, Rövşən Yerfinin məruz qaldığı dələduzluq düyününü çözə bilmirlər.
Rövşən Yerfi məktubunda yazır:
“Hörmətli Baş prokuror Kamran Əliyev!
Mən 2015-ci ildə həyat yoldaşım Dilşad Məmmədrza qızı Həsənlinin adına 3 otaqlı mənzil almaq üçün özünü “Abşeron A1” MTK-nın sədri kimi təqdim edən və şirkətin blankından, möhüründən istifadə edən Ağamoğlan Duman oğlu Ağayevə 36 min manat ödəmişəm. Əlavə1500 manat sayğac pulu da alıblar.
Çeklərin surətlərin, bəzi sənədlərin foto şəkilləri və səs yazılarını saxlamışam. 2020-ci ildə bilmişəm ki, əslində yoldaşımın adına heç bir mənzil yoxdur, Ağamoğlan saxta sənədlərlə məni aldadıb. Bu haqda Korrupsiya İdarəsinə müraciət etmişəm.
Şikayətdən sonra həmin şirkətdə onunla əlbir olan sözdə prorab, həqiqətdə şirkətə yiyəlik edən Bakir Babayev “Abşeron A1”də mənzil qalmadığı üçün əvəz olaraq Xırdalandakı digər MTK-da, “Proqres 2016”da 2 otaqlı mənzillə təmin ediləcəyimizi bildirdi. Bakir Babayev dedi ki, “Proqres 2016”-nın sədri Emil Səməndərova 35 min manatı biz ödəcəyik, əlavə 5 min manat da gərək sən ödəyəsən ki, müqavilə bağlansın.
27 avqust 2021-ci ildə Bakir Babayevin zəngi, Ağamoğlan Ağayevin iştirakı ilə müqavilə bağlananda Emil Səməndərov daha 2500 manat tələb etdi. 16 oktyabr 2021-ci ildə “çəkdiyim qola başımla cavabdehəm” deyən Emil Səməndərov son 2500 manatı da alıb, borcun qalmaması haqqında maaliyyə arayışını, 42 min 783 manatın maliyyə qəbzini imzalayıb mənə təqdim etdi ki, 5-ci blokun 89-cu mənzili sizindir”.
Rövşən Yerfi məktubunun davamında yazır ki, Bakir Babayev və Ağamoğlan Ağayevlə söhbət zamanı ona deyiblər ki, bina Korrupsiya İdarəsinin nəzarətində, “krışalığındadır”, narahat olmsın, 5-ci blokda mənzillərin bir neçə adama satılması mümkün deyil:
“O zaman 89-cu mənzilin yerləşdiyi 14-cü mərtəbə hələ tikilməmişdi. Üstündən 1 il keçdi, məlum oldu ki, həmin mənzil məndən əvvəl 3 adama satılıb. 2022-ci ilin dekabrında Emil Səməndərov həbs edildi.
14 fevral 2023-cü ildə mən zərərçəkmiş kimi Korrupsiya İdarəsində müstəntiq Kənan Süleymanlıya ifadə vermişəm. 11 ay müstəntiq məni əmin etmişdi ki, siz zərərçəkmişlərin siyahısındasız. “Proqres 2016” şirkətinin zərərini ödəməyi boynuna götürən “Şərur” MTK-dan şərtlərə uyğun zərərinizin qarşılığını alacaqsız.
24.01.2024-cü ildə isə, müstəntiq Kənan Süleymanlı zərərçəkmişin əvəzinə dələduzu müdafiə edərək bildirdi ki, Emil Səməndərov nə olsun ki, müqaviləyə, arayışa qol çəkib, qəbz verib, onun sizə 7500 borcu var. Sənədləriniz Sumqayıt Ağır Cinayətlər Məhkəməsindədir. Qalan 35283 manatı gedin məhkəmədən istəyin Ağayev Ağamoğlandan, “AbşeronA1” MTK-dan alın. Hara da istəyirsiz şikayət edin”.
Rövşən Yerfi Kamran Əliyevə yazır ki, Emil Tofiq oğlu Səməndərov barəsində Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış, istintaq tamamlandıqdan sonra cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib:
“Hörmətli Baş prokuror!
Hazırda cinayət işi hakim Nurəddin Hüseynlinin icraatında araşdırılır. Eyni nəticəni məhkəmənin də təkrarlayacağına şübhəm olduğu üçün mən sizə son bir ildə 2 dəfə - 11 dekabr 2024-cü il və 30 yanvar 2025-ci ildə bu məsələdə kömək etməyiniz üçün sifarişli məktubla müraciət etmişəm. Hər 2 müraciətim Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, baş ədliyyə müşaviri Binnət Həsənov tərəfindən 26 dekabr 2024-cü ildə və 07 fevral 2025-ci ildə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hörmətli Baş prokuror, şübhəmdə yanılmamışam.
09 aprel 2025-ci ildə məhkəmədə təkrar ifadə versəm də, hakimlər müstəntiqin mövqeyindən çıxış edərək mənə bildirdilər ki, yalnız ittihamnamə əsasında araşdırma aparırlar. “AbşeronA1” MTK-ya verdiyin 35 min üçün get yenidən şikayət elə!” – dedilər. Məhkəmə Emil Səməndərovun verdiyi müqavilədə, maliyyə arayışında, maliyyə qəbzində boynuna götürüb, möhürlə, imza ilə təsdiqlədiyi məbləği tanımaq istəmir. Ona görə də xahiş edirəm, mənə dəyən zərərin ödənməsi üçün “AbşeronA1” MTK-sının keçmiş sədri Ağamoğlan Duman oğlu Ağayevi və həmin MTK-da adı prorab deyilən, ona himayədarlıq edən Bakir Babayevi məsuliyyətə cəlb edəsiniz.
Ağamoğlan Ağayev dəfələrlə mənə bildirib ki, məndən aldığı 35 min manatı tək özünə sərf etməyib, şirkət üçün də işlədib. Emil Səməndorovu mənə rast gətirən onlar oldular. Mən hələ 2020-ci ildə Ağamoğlan Ağayev haqqında Sizə şikayət yazmışdım. İş Yasamal rayon 29-cu Polis Bölməsində icraatda olarkən Bakir Babayevin himayədarlığına, həmkarı olduğu Emil Səməndərov vasitəsilə mənzillə təmin ediləcəyimə inanıb istintaqı saxlatmışdım. Görünür, inanmaqda səhv etmişəm. Düşünmüşdüm ki, mənə mənzil lazımdır, kiminsə həbs edilməsi yox.
Hörmətli prokuror, bir daha Sizdən mənə kömək etməyinizi, cinayətkarların məsuliyyətə cəlb edilməsi, cinayət işinin açılması üçün göstəriş verməyinizi xahiş edirəm”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com