Tanınmış xanəndə buna görə efirlərə çıxmır: “O müğənnilərlə..."

"Efirlərdən çox dəvət alıram. Normal, ciddi verilişlərə dəvət alanda əlbəttə ki, gedirəm. Bu günlərdə Mədəniyyət kanalında universitetimizin səhnə danışığı müəllimi var idi, Ənvər Əliyev. Onun haqda bir veriliş hazırladılar, məni də dəvət etdilər. Həm söhbət etdik, həm də mahnılarımdan ifa etdim. Şou aləmində olan insanlarla bir verilişdə otura bilmərəm. Neçə dəfə dəvət almışam, yalandan demişəm ki, vaxtım yoxdur, işim var. Özüm getmirəm. Həm sənətimə, həm də özümə hörmətsizlik olar ki, onlarla gedib bir verilişdə oturum. Veriliş xatirinə verilişə getməzlər"

Musavat.com bildirir ki, bunu Moderator.az -a açıqlamasında sevilən sənətkar, əməkdar artist Yaqut Abdullayeva deyib. O daha sonra əlavə edib.
 
"Mən o cür sənət yolu keçmişəm, o cür dahi sənətkarlarla bir səhnəni bölüşmüşəm. Maestro Niyazinin rəhbərliyi ilə Şuşada, Cıdır düzündə konsert oxumuşam. Gündəmdə qalmaqdan ötrü şou aləminə baş vura bilmərəm. Mən kimlərin yadında qalmışamsa bu mənə yetər. Gündə nə qədər insanlarla qarşılaşıram, hər dəfə də soruşurlar ki, siz niyə oxumursunuz? Deyirəm ki, oxudum da, bəsdir. İşimlə məşğulam, tələbələr yetişdirirəm. Tələbələrim də ilk başlanğıcda şou mahnılarla gəlirlər, onlara proqram seçəndən sonra düzəlirlər. Yerindən duran deyir ki, oxuyuram, müğənniyəm. Bizim görün necə əsərlərimiz yazılıb, romanslarımız yaranıb. Bunları unutmaq olar? Biz bunları unuduruq deyə ermənilər bizim mahnıları özününküləşdirir. İndiki mahnılar 2 not üzərində yazılır, mahnı yarımçıq qalır, tamamlanmır. O musiqilərlə mənəviyyatım o qədər zəngindir ki" - deyə sənətkar bildirib.

Yaqut Abdullayeva el şənliklərində toy mahnıları ifa edən xanəndələrdən də danışıb.
 
"Xanəndə məcburdur toy mahnıları oxumağa. Toyda gedib muğam oxuyanda ona heç kim qulaq asmayacaq. Günah kimdədir? Bizdədir də. Biz qulaq assaq, o da sənəti təbliğ edən mahnılar oxuyar. O dolanışıq, yaşayış üçün toy mahnılarına müraciət edir. Bizim vaxtımızda sənətə dəyər verilib, hörmət qoyulurdu. Gedirdin Aztv-də çıxış edirdin, oradan sənə qonorar verilirdi. Amma indi qapıdan keçəndə gərək pulu verəsən. Elə verilişlər var ki, müğənninin pulunu alıb efirə buraxırlar. Gözəl səsi olan gənclərimiz var ki, onları qəbul etmirlər. Deyirlər ki, muğam oxuma! Muğama qarşı bu hörmətsizlik həm də bizim dahi sənətkarlarımıza hörmətsizlik deməkdir. Ona görə də ermənilər musiqimizi oğurlayırlar. Əllərində çarə olsa muğamımızı da oxuyarlar" - deyə sənətkar bildirib.

20.07.2024 14:20
13127