Tanınmış vəkili hədələyən şəxs həbs olundu, Elçin Sadıqov Vilayət Eyvazova təşəkkür etdi

Tanınmış vəkil Elçin Sadıqovu hədələyən şəxs həbs edilib.

Musavat.com xəbər verir ki, dünən Elçin Sadıqov daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 44 ünvanda avtomobilini park edərkən hədələndiyini bildirmişdi.

Elçin Sadıqov qeyd edib ki, Az 90 PG 510 nömrə nişanlı, “Nissan Navara” markalı avtomobildən düşən sürücü onun avtomobilinin qarşısında ötən dəfə də maşın saxladığını bildirərək nalayiq ifadələr işlədib.

Vəkilə deyib ki, heç kəsin onun avtomobilinin qarşısında avtomobil saxlamağa cürəti yoxdur. Növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələyib.

Vəkil nazirdən xahiş edib ki, xuliqanlıq edən şəxsin müəyyən olunmasına və məsuliyyətə cəlb edilməsinə göstəriş versin.

Bundan sonra Elçin Sadıqova qarşı xuliqanlıq edən Arif Tağıyev polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilərək işə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Arif Tağıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 sutka inzibati həbs edilib.

Bundan sonra Elçin Sadıqov sosial şəbəkə hesabında daxili işlər nazirinə təşəkkür mətni yayıb:

“Mənə qarşı qanunsuzluğun dərhal araşdırılmasına görə Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova təşəkkür edirəm”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

05.06.2024 10:45
4050