Tanınmış teatr xadimi Natiq Gülməmmədov vəfat edib

Bu gün axşam saatlarında Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov ürək çatışmazlığından vəfat edib.

Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olub. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “mədəni maarif” fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirib.

1973-1979-cu illərdə Naxçıvan Dram Teatrında müxtəlif sahələrdə işləyib. 1980-1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988-1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997-2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003-2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010-2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışıb.

2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.

Qeyd edək ki, Natiq Gülməmmədov həmçinin tanınmış televiziyaçı, Türkiyədə ümumrespublika kanalı olaraq yayımlanan “Haber Global” televiziya kanalının Baş direktoru Məmməd Gülməmmədovun əmisidir.

19.11.2022 22:50
1922