Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist özü sosial media hesabında paylaşım edib.
O bildirib ki, klinikanın tibb bacısı Mələk Abbasova yoxlamadan etmədən sistem köçürüb:
""Stimul Hospital" cəlladları anamı öldürdülər!!! Dünən, bu gün heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlamadan etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib".
Qeyd edək ki, F.İlqaroğlu 2016-cı ilin oktyabrında Almaniyaya mühacirət edib. O uzun müddət "Yeni Müsavat” qəzetində çalışıb. Fərahim İlqaroğlu hazırda Almaniyadadır.
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və kollektivi Fərahim İlqaroğluya anasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.
Məlumat üçün onu da bildirək ki, Fərahim İlqaroğlunun anasının nəşi sabah saat 10-12 radələrində Salyanda torpağa tapşırılacaq. Mərhumun 3 və 7 yas mərasimi həftənin 4-cü günü - martın 21-i Salyanda baş tutacaq.
Musavat.com