Talıbovlarla bağlı SENSASİYA - İki deputat mandatını...

Naxçıvan Ali Məclisinin sabiq sədri yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər, bunun nə qədər davam edəcəyi isə...

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Büdcə sistemi haqqında”, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məsələlər müzakirə olunub.

Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov yenə görünməyib. Ali Məclisin 7 saylı Aralıq seçki dairəsindən seçilən deputatı Vasif Talıbov və 25 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Seymur Talıbov iclasda iştirak etməyib. Onların hansı səbəbdən iclasda iştirak etmədiyi məlum deyil. Qeyd edək ki, Talıbovlar Ali Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir. YAP-ın Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcəyi dəqiqdir.

Nəzərə alaq ki, Vasif Talıbov birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Amma bu dəfə həmin dairədən Vasif Talıbovu Ziyafət Əsgərov əvəz edib.

Bəllidir ki, sentyabrın 1-də Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri keçiriləcək. Məlumat üçün bildirək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. 2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü olub. Vasif Talıbov Ali Məclis sədri, Azər Zeynalov isə onun müavini seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biri olub.

Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarının zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı.  Seymur Talıbov da Naxçıvan Dövlət Universitetinin  prorektoru vəzifəsindən azad edildi. Seymur Talıbovun elə o ərəfələrdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti postundan istefa verdiyi bildirilirdi. İddialara görə, Talıbov yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən çəkilməyə qərar veriblər. Bunun nə qədər davam edə biləcəyi isə bəlli deyil. Vasif Talıbovun anadan olduğu kənddə yerləşdiyi və zəruri ehtiyaclar yaranmasa, evdən çıxmadığı haqda mediada gedən məlumatlar bu günədək təkzib olunmayıb.

Naxçıvandakı bir mənbə Talıbovların YAP-dan çıxacaqlarını da istisna etməyib. Amma bunu mümkün qədər səs-küysüz etmək istəyirlər.  Yeri gəlmişkən, Azpolitika.infonun  araşdırması zamanı məlum olub ki, YAP-ın “yap.org.az” saytında yerləşdirilən rayon təşkilatları siyahısında, ümumiyyətlə, Naxçıvan MR ərazi təşkilatının adı yoxdur.  YAP Naxçıvan təşkilatı barədə internetdə axtarış verdikdə vaxtilə keçirilən iclaslar haqqında bəzi qəzetlərdə və internet saytlarında məlumatlar çıxır. Onların əksəriyyəti isə Ali Məclisin keçmiş sədri Vasif Talıbov dönəminə aiddir.

Bildirək ki, Vasif Talıbov 2022-ci ildə YAP-ın yaradılmasının 30 illik yubileyi münasibətilə Bakıda keçirilən tədbirə qatılmaq üçün Naxçıvandan paytaxta gəlmişdi. Lakin Vasif Talıbovu tədbirin keçirildiyi binaya buraxmamışdılar. O günlərdən Vasif Talıbovun hakim partiyadan uzaqlaşdırılacağı xəbəri gündəmdən düşmür.

Maraqlıdr ki, Vasif Talıbovu və oğlunu hakim partiyadan uzaqlaşdırmağa tələsmirlər.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Vasif Talıbovun gələcəyi onun özünü aparmasından asılıdır: “Görünən odur ki, postundan uzaqlaşdırılmasından ötən 2 ilə yaxın vaxt ərzində Vasif Talıbov "oyun qaydaları"ndan kənara çıxmayıb. Ona göndərilən ismarışlara sözsüz əməl edib".

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

Natiq Ələsgərov

Onun sözlərinə görə, “Naxçıvan xanı”nın gözlənilməz sözəbaxanlığı itirəcəklərinin çox olması ilə bağlıdır: “Vasif Talıbov vəzifədə olanda nə qədər ötkəm, aqressiv idisə, vəzifədən yola salınandan sonra bunun əksi müşahidə edilir. Daha onda özündənrazılıq, mənəmlikdən əsər-əlamət yoxdur. Xatırlayırsınızsa, 2019-cu ildə Azərbaycan regionlarının inkişafı, kadr və struktur islahatlarının gerçəkləşməsinə başlanılarkən, Naxçıvanda kadr islahatlarına qarşı Vasif Talıbov tərəfindən sərt təpki göstərilirdi. Bakıdan göndərilən kadrlara aqressivlik göstərilir, işləmələrinə imkan verilmirdi. Əlbəttə ki, bu, mərkəzi hakimiyyətin diqqətindən qaçmırdı. Naxçıvanda Vasif Talıbovun 27 illik "xanlığı"nın sonu gəldi. Vasif Talıbovun özünü 1 günün içindən kreslosundan aşırdılar, ətrafındakı korrupsioner komandasının əsas üzvlərini isə həbs etdilər. 144 milyon manat büdcə vəsaitini ələ keçirən maliyyə naziri,  132 milyon manat vəsaiti ələ keçirən gömrük rəsmisi tutuldu, bu haqda ictimaiyyətə məlumat verildi. Aydın idi ki, tutulan vəzifəli şəxslər özbaşına bu qədər vəsaitləri ələ keçirə bilməzdilər. Bu araşdırmalar davam etdirilsəydi, əlbəttə ki, Vasif Talıbovun ütülü kostyumunun yaxası istintaqçıların əlinə keçəcəkdi. İllərlə Naxçıvanın təbii sərvətlərinin talanından tutmuş bütün biznes sahələrinin kriminal yollarla Talıbovların nəzarətinə keçirilməsi isbatlana bilərdi. Vasif Talıbov inadkarlığının onu hara aparıb çıxaracağını dəqiq bildiyindən qısa müddətdə davranışlarına korrektələr etməyə üstünlük verdi. Onun indiki “modu” hələ ki problem yaratmır. Ona görə də Vasif Talıbovun, onun oğlunun hakim partiyadan qovulması da gerçəkləşmir".   

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

16.08.2024 09:02
5216