Sentyabrın 1-də Azərbaycan Milli Məclisi ilə paralel olaraq, Naxçıvan Ali Məclisinə də növbədənkənar deputat seçkiləri keçiriləcək. Məlumat üçün bildirək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. 2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü olub. Vasif Talıbov Ali Məclis sədri, Azər Zeynalov isə onun müavini seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biri olub.
Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədar Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlayıb. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilib. Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilib. Hazırda Məclis sədrinin səlahiyyətlərini Anar İbrahimov yerinə yetirir.
Məlumatlara görə, YAP Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcək. Talıbov yaxın ətrafına da deyib ki, onlar, ümumiyyətlə, siyasi proseslərdən kənarda dayanmağa qərar veriblər. Bunun nə qədər davam edə biləcəyi isə bilinmir.
TNS-in əldə etdiyi məlumata görə, indiyədək Ali Məclis sədrliyinə bir neçə şəxsin namizədliyi müzakirə olunsa da, konkret qərar qəbul edilməyib. Xatırladaq ki, müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr 1991 - 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci il iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.
Heydər Oğuz
Əslən Naxçıvandan olan, siyasi şərhçi Heydər Oğuz bildirib ki, mövcud qanunvericilikdə seçkilərin 50 gündə tamamlanması nəzərdə tutulur: “50 günün 20 günü namizədlərin qeydə alınmasına, digər 30 günü isə təbliğat-təşviqata həsr olunmalıdır. Seçki prosesinin ilk mərhələsi (namizədlərin qeydə alınması) iyulun 12-də başlayıb, avqustun 2-nə qədər davam edəcək. Deməli, bu mərhələnin tamamlanmasına cəmi 3 gün qalıb. Naxçıvanda isə iyulun 29-na kimi cəmi 10 nəfərin namizədliyi qeydə alınıb. Hərçənd ki, muxtar respublika MSK-sı seçki prosesi barədə müfəssəl məlumat vermir, amma əlimizdə iddiamızı təsdiqləyən faktlar var. Heydər Oğuz Naxçıvanda bu ləngimənin səbəblərini bir neçə amillə izah edir: "Əvvəla, Naxçıvanın seçki qanunvericiliyində namizədlərin qeydə alınması üçün xeyli imza tələb olunur. Təsəvvür edin ki, Azərbaycan parlamentinə seçkiləri keçirən seçki dairələrində seçicilərin sayı 45 min civarındadır. 2020-ci ilin rəsmi məlumatına görə, Naxçıvan Ali Məclisinə seçkilərdə 271 771 seçici iştirak edir. Onların 45 deputat seçdiyini nəzərə alsaq, bu, hər dairəyə 6 min seçici düşdüyü anlamına gəlir. Ali Məclis seçkilərinə namizədliyin qeydə alınması üçün isə ən azı 300+50 imza toplamalısan. Müqayisə edək, Azərbaycan Milli Məclisinə namizədlik üçün 45 min seçicidən 450+50, Naxçıvan Ali Məclisinə namizədlik üçün isə 6 min seçicidən 300+50 imza. Naxçıvan camaatı indiyədək güzəranını İrana və Türkiyəyə səyahətlə qurmağa çalışırdı. Bu ölkələrə səfər edib gündəlik azuqələrini ala bilirdilər. İndi isə sərhədlər bağlanıb, qiymətlər isə “cib yandırır”. Nəticədə əhali ya Bakıya, ya da başqa ölkələrə gedir. Bu da istər-istəməz deputatlığa namizədlərin imza toplaması prosesini ləngidir".
Müsahibimiz dedi ki, Vasif Talıbovun siyasi proseslərə qarışmadığı həqiqətdir, o səbəbdən anadan olduğu kənddə yerləşib və zəruri ehtiyaclar yaranmasa, evdən eşiyə də çıxmır: “Bir maraqlı faktı da diqqətinizə çatdıraq ki, Naxçıvanın Ali Məclisinin son sədr əvəzi Anar İbrahimovun namizədliyi qeydə alınmayıb. Belə çıxır ki, o, Ali Məclisin sədri seçilməyəcək. Açığını deyim ki, Anar İbrahimov o vəzifəyə ən layiq kadrdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırış deputatı olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi münasibətlər - Politologiya fakültəsində təhsil alıb. İxtisasca politoloqdur. 2017-ci ildə Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsində Dövlət İdarəetməsi üzrə magistraturanı bitirib. Reputasiyası təmiz adamdır. Kifayət qədər beynəlxalq təcrübəsi də var. 2006-cı ilin may ayından etibarən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun Nizamnamə və Monitorinq Komitəsinin üzvüdür. 2011-ci ildən Avropa Birliyi-Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlərinin Konfransının (CORLEAP) Azərbaycan Respublikasından üzvüdür”.
Naxçıvanda müxalifət partiyaları Ali Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyəcək. Bu barədə “Gündəlik Naxçıvan”a müxalif partiya funksionerləri məlumat veriblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli təşkilat sədri Yaşar Bağırsoy Ali Məclisə seçkilərdə iştirak etməməyi rəhbər orqanların parlament seçkilərini boykot qərarı ilə əlaqələndirib.
Müsavat Partiyasının yerli təşkilat sədri Sabir Vəliyev isə seçkilərdə iştiraka özünün və partiya üzvlərinin həvəssiz olduğunu bildirib: “Mən özüm səhhətimlə bağlı Ali Məclisə keçirilən növbəti seçkilərdə iştiraka həvəssizəm. Partiya seçkidə iştirak edir. Lakin üzvlərimizdən yerli Ali Məclisə keçirilən seçkilərdə namizəd olmaqla bağlı müraciət edən olmayıb”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”