Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyi vacib sayır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki siyasi bürosunun rəhbəri Süheyl Şahin bildirib.
“Belə bir sammit və forumda iştirak etməyimiz, müzakirə olunan məsələlərə münasibətimizi və mövqeyimizi təqdim etməyimiz vacibdir”, - deyə o vurğulayıb.
Şahinin sözlərinə görə, “Taliban”ın BRICS sammitində iştirakı qlobal sülh, əməkdaşlığın inkişafı və dinc yanaşı yaşamaq üçün zəruridir.
Bundan əvvəl Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının nümayəndələrinin BRİKS sammitində iştirak etmək istədiyi bildirilirdi.
Sentyabrda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, BRİKS-in Kazan sammiti çox güman ki, təşkilatı genişləndirməyəcək.
Onun sözlərinə görə, BRİKS-ə üzv ölkələr Kazanda keçirilən sammitdə yeni statusun (tərəfdaş dövlət) qəbul edilməsinə razılaşıblar. Belə ölkələrin BRİKS çərçivəsində əsas qərarlar qəbul edərkən səsvermə hüququ olmayacaq. Lakin zaman keçdikcə onlar təşkilatın fəaliyyətində fəal iştirak etsələr, dəvət ala və BRİKS-in tamhüquqlu üzvü ola biləcəklər.
Daha əvvəl Putin BRİKS ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayını açıqlamışdı.
Onu da qeyd edək ki, “Taliban” Rusiyada terror təşkilatı kimi tanınır və qadağandır.
Musavat.com