Musavat.com sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun son zamanlar müzakirə edilən neft-qaz gəlirlərinin xərclənməsi ilə bağlı özəl məqaləsini təqdim edir:
Siyasət adamlarının populist çıxışları istənilən ölkədə keçmişdə də olub, indi də var və gələcəkdə də olacaq. Heç şübhəsiz, hər bir populizmin çəkilməmiş qırmızı xətti olur. Yəni sən siyasət adamı olaraq öz populist çıxışlarınla insanları bir yerə qədər aldadıb, onları müvəqqəti olaraq nəyəsə inandıra bilsən də, qırmızı xətdən yuxarı yalanlarını cəmiyyət heç vaxt qəbul etməz – bu, bir həqiqətdir.
Siyasətlə məşğul olan birinin populist çıxışlarında ən böyük yanlışlıq, onun dərindən bilmədiyi məsələ barəsində bilgili biri kimi danışmağa cəhd etməsidir. Bir siyasət adamının bilmədiyi məsələ barəsində gen-bol danışaraq insanları aldatmağa göstərdiyi cəhd, ona cəmiyyətdə utancdan başqa heç nə gətirə bilməz. Məsələn, iqtisadi biliyi olmayan siyasət adamı anlamalıdır ki, onun iqtisadi mövzuda cəmiyyətə sırımaq istədiyi yalanların üstü gec-tez peşəkar iqtisadçılar tərəfindən açılacaqdır.
Bu yazıda əsas məqsədimiz cəmiyyətə yalan sırımaqda peşəkarlaşmış bəzi “siyasilərin” son günlər ərzində sosial şəbəkələrdə 1999-2022-ci illərdə ölkəyə daxil olmuş neft pullarının və investisiyaların “talan edilməsi” ilə bağlı söylədikləri cəfəngiyata aydınlıq gətirməkdir.
Beləliklə, bu biçarələr yazırlar ki, 1999-2022-ci illərdə ölkəyə 313 milyard manat neft-qaz pulları və 250 milyard manat xarici investisiya gəlsə də, daxil olmuş neft pullarının nə az nə çoxu - 222 milyard manatı “yoxa çıxıb”. Sonra da iqtisad elminə məlum olmayan bir üsulla ölkəyə daxil olmuş neft-qaz pulları ilə (313 milyard manat) xarici investisiyaları (250 milyard manat) toplayıb, 563 milyard manat “əldə edirlər” və daha sonra bu rəqəmi ölkə əhalisinin (10 milyon nəfər) sayına bölüb, yazırlar ki, bu pullar əhali arasında bölüşdürülüb paylansaydı, adambaşına 56 300 manat düşərdi. Sən demə ölkəyə daxil olmuş neft-qaz pullarını və xarici investisiyaları öz təyinatına istifadə etmək əvəzinə, onları sadəcə əhali arasında bölüşdürmək lazım imiş! Yazıqlar olsun, iqtisad elminə bu qaydada yenilik gətirmək istəyən bu savadsız biçarələrə. İqtisadi savadı olmayan belələri bu cür cəfəng fikirlər söyləməzdən öncə, heç olmasa tanıdıqları iqtisadçıların bu barədə fikirlərini öyrənsəydilər...
Cənablar, məlumatınız üçün bildirirəm ki, ölkəyə gəlmiş neft-qaz pulları Dövlət Neft Fondunda toplanır və oradan idarə olunur. Daxil olmuş bu pulların 2003-2023-cü illər ərzində 144 milyard manatı Dövlət Büdcəsinin gəlirlərinin formalaşdırılması məqsədilə istifadə olunub. Dövlət büdcəsi xərclərinin isə az qala yarısı sosial yönümlü xərclərdən ibarətdir. Deməli, bu vəsaitlər büdcənin digər xərcləri ilə yanaşı, eyni zamanda vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunub. Vəsaitlərin 91 milyard manata qədəri isə bu gün Dövlət Neft Fondundadır və fond tərəfindən idarə olunur. Beləliklə, sizin “talan edildiyini” dediyiniz 222 milyard manatın 235 milyard manatı (144 + 91) ortadadır. Hələ bura bu illər ərzində Dövlət Neft Fondunun öz büdcəsi vasitəsilə aparılan xərcləri daxil etmirik.
O halda sizlərin “talan olunmuş” 222 milyard neft-qaz pullarının yerində təyinatına istifadə olunmuş və bu gün ehtiyat kimi idarə olunan 235 milyard manat deyil, bundan daha böyük rəqəm görəcəkdiniz. Ağlınız o qədər çaşıb ki, xaricdən gələn investisiyaları belə əhali arasında “bölüşdürməyi” təklif edirsiniz. Azərbaycan hökuməti buna razılıq verilməsini hansı xarici investordan istəməliydi sizcə? Sözün bitdiyi yer! Gedin ibtidai sinfin hesab dərsini öyrənin, hər qabağınıza çıxan rəqəmlə insanların hisləri ilə oynamağa çalışmayın. Ayıb, sadəcə ayıb! - başqa söz yoxdur!
Fikrət Yusifov
sabiq maliyyə naziri,
iqtisad elmləri doktoru, professor