Taksilərə “Avro 5", POS-terminal,videokamera tələbi - müştəri nə udacaq...

Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub. Bu, Nazirlər Kabinetinin martın 28-də təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb. 

Qərara əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Həmçinin taksi ilə sərnişin daşımaq üçün istifadə olunan nəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblər açıqlanıb. Artıq taksi avtomobilləri bütün salonu əhatə edən videokameralarla təchiz edilməli və qeydə alınmış məlumatları ən azı bir ay saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilməlidir. Bundan əlavə, tələblərə görə, taksi avtomobilləri ən azı “Avro 5" ekoloji standartına cavab verməlidir.

Müntəzəm sərnişin daşımalarda və taksi minik avtomobili ilə sərnişin daşımalarda avtonəqliyyat vasitəsinə qoyulan rəng tələbinə də aydınlıq gətirilib. Qərara əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olmalıdır.

Keçid müddəalarına əsasən, rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Bu və digər yeniliklər əhaliyə xidmətin keyfiyyətinə necə təsir edəcək? 

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı: “Sürücülərə və taksi şirkətlərinə vaxt verilməlidir”

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı yeni qaydalarla bağlı fikirlərini belə ifadə edib: “Bir çox sahələrdə olduğu kimi, taksi sahəsində də islahatlar vacibdir və dövlətin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Hazırda ölkədə 70 minə yaxın taksi var və bu rəqəmin azaldılması nəzərdə tutulur. Lakin bunu kəskin şəkildə etmək olmaz. Birdən-birə bu qədər insanı işsiz qoymaq düzgün deyil. Üstəlik, hansısa bir bazarın sərt tənzimlənməsi dövlətin ümumi məqsədi - əhalinin yüksək məşğulluğu və işlə təmin olunması məqsədi ilə ziddiyyət təşkil edir. Rəqəmsal platformalar bütün dünyada məhz bu məqsədə xidmət edir - özünü və ya ailəsini saxlamağa ehtiyacı olan və ya vaxtının çoxunu sərf edərək bu işi peşəkar şəkildə yerinə yetirməli olan insanlar üçün peşəyə girişi təmin edir. Konkret olaraq Bakıda görürük ki, dövlətin məqsədi taksi parkının yenilənməsini stimullaşdırmaqdır. Bəlkə də yeni qanunvericilik bu problemi həll edəcək, lakin ümumi tələbləri (məsələn, avtomobilin yaşı) təsvir etmək və keçid dövrü üçün vaxt vermək lazımdır. Ümid edirəm ki, belə də olacaq... Sürücülərə və taksi şirkətlərinə öz avtomobillərini təkmilləşdirmək və daha yeni nəqliyyat vasitəsi ilə fəaliyyətini davam etdirmək imkanı və vaxtı verilməlidir. Bu işdə həm taksi şirkətləri, həm də hazırda bazarda fəaliyyət göstərən onlayn platformalar mühüm rol oynaya bilər. Düşünürəm ki, onlar da öz avtomobil parkını yeniləməkdə maraqlıdırlar”.

Ekspert qeyd edib ki, bir çox sənəd artıq qanunla təsdiqlənib, lakin mətbuatda gedən məlumatlardan gördüyümüz kimi, mövcud həll yollarının həyata keçirilməsi ləngiyir: “Belə ki, hələ də taksi və taksi şirkətləri üçün lisenziyaların etibarlı reyestri mövcud deyil və hələ də bu lisenziyaların tənzimləyici orqanlar tərəfindən yoxlanılması sistemi işləmir. Müvafiq olaraq, biznesin bir təlimatı yoxdur - taksi parkları avtomobillərin yenilənməsinə, sürücülərin hazırlanmasına və s. investisiya qoymalıdır. Əks təqdirdə, bütün bu yeniliklər kağız üzərində qalacaq. Sonra onların həyata keçirilməsinə heç bir vəsait və ya vaxt sərf etməmək iqtisadi cəhətdən daha sərfəlidir. Bu ilin sonunda paytaxtımızda ən böyük beynəlxalq ekoloji tədbir - COP29 konfransı keçiriləcək. Belə olan halda müvafiq qurumlar tərəfindən artıq indi şəhərdə elektrik taksilərini stimullaşdırmaq üçün bazar şəraitinin yaradılması əla olardı (elektrik yükləmə məntəqələrinin subsidiyalaşdırılması, onların quraşdırılması, idxal rüsumlarının sıfırlanması və s.) Sonra bu layihəyə sərmayə qoyan taksi parkları və xidmətləri, bəlkə də artıq bu ilin payızında, beynəlxalq iştirakçılar və konfransa gələcək diplomatları qarşılayacaq yeni elektrik avtomobillərini taksilərə təqdim edə bilərlər”.

Osman Gündüz — Vikipediya

Osman Gündüz: “Taksilərdəki videoların TikTok-a sızmayacağına təminat varmı?”

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, taksilərin rəngi bəlli tədqiqat nəticələrinə görə müəyyən olunmalıdır. Ekspert düşünür ki, yeni qərarın necə verildiyi sual altındadır: “Uzun illər öncə taksilərin məhz sarı rəngdə olmasının elmi əsası ilə bağlı oturuşmuş tədqiqatlar vardı. Yəni hansı rəngin daha tez gözə çarpması ilə bağlı araşdırmalar, sorğular və tədqiqatlar aparılaraq sarı rəngə üstünlük verilmişdi. Ona görə də dünyanın çox yerində taksilər sarı idi. İndi hökumət deyir ki, taksilər ağ və qırmızı olacaq . Görəsən, hökumətin bu qərarı nəyə əsaslanıb? Kimsə deyə bilər ki, əvvəllər taksilər küçədə göz müşahidəsi ilə axtarılırdı, ona görə ilk gözə çarpan rəngə - sarıya üstünlük verilirdi. İndi isə əksəriyyət taksini telefonda arayır. Belə olan halda isə sual yaranır ki, rəngə limit qoymağın mənası, elmi əsası, görəsən, nədir. Məsələn, nə üçün sarı və ya "badımcan" yox, məhz ağ və qırmızı rəng? AYNA bununla bağlı universitetlərlə, elmi tədqiqat institutları ilə birgə bir araşdırma aparıbmı?

Xatırlayıram ki, AzTU ölkə üzrə mobilliklə bağlı böyük bir tədqiqat aparmışdı. AYNA bu tip tədqiqatların nəticələrindən istifadə edibmi? Hələlik bu haqda heç bir rəsmi açıqlama yoxdur".

O.Gündüz taksilərdə şəxsi məlumatların təhlükəsizliyi məsələsinə də diqqət çəkib: “Taksi islahatları ilə bağlı diqqətimi cəlb edən digər bir məsələ taksidə salonun videoçəkilişini aparan kameranın olması və bu datanın 1 ay ərzində saxlamaq imkanının olmasıdır. Belə çıxır ki, adi taksi sürücülərində vətəndaşlarla, ictimai-siyasi xadimlərlə, məmurlarla, ailələrlə bağlı xeyli ictimai əhəmiyyət kəsb edən videoməlumatlar da olacaq. Yəni taksilərdəki videoregistratorda xeyli qiymətli informasiyalar, nəhəng data toplanacaq. Taksi sürücüləri bundan sui-istifadə edəcəklərmi? Sabah bu videoların TikTok-a sızmayacağına təminat varmı? AYNA bununla bağlı nə düşünür? Bu informasiyaların 3-cü tərəflərə verilməsinin məsuliyyəti taksi sürücülərinə izah olunmalı, onlara təlimlər keçirilməlidir. Görüləcək işlər çoxdur. AYNA minlərlə taksi sürücüsünün əlində olan nəhəng datanın təhlükəsizliyini necə qoruyacaq? Videoregistratorların kibertəhlükəsizlik məsələləri necə həll olunacaq? AYNA bunların öhdəsindən gələ biləcəkmi?”

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

30.03.2024 09:41
1047