Bundan sonra taksi sürücüsü olmaq istəyənlər imtahan verəcəklər.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi ilk imtahan avqustun 25-də keçiriləcək. İmtahanda iştirak etmək üçün aidiyyəti qurumlar 1800-ə yaxın şəxsin məlumatını təqdim ediblər.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.
İmtahandan keçə bilməyənlər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər. 35 manat ödəməklə sürücülər yenidən imtahanda iştirak edə bilərlər.
Bu arada, vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə indiyə kimi 26 min 441 nəfər cəlb olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: