Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. Artıq 1415 sürücü qeydiyyatdan keçib.
Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan 2 növbədə olacaq və 1 saat davam edəcək. Nəticələr isə növbəti gün Dövlət imtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Namizədlərə imtahan zamanı 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndiriləcək. İmtahandan müvəffəqiyyətlə keçənlərə 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Maraqlıdır, sürücülər imtahan edilmələrindən razıdılarmı? Bu, hansı yenilikləri gətirəcək. Ümumiyyətlə, prosesdə nələr onları qane etmir. Musavat.com-un əməkdaşı paytaxtın bir sıra yerlərində olub və sürücülərin imtahanlarla bağlı fikirlərini öyrənib. Onların mövzu ilə bağlı fikirləri birmənalı olmayıb.
Kimi deyib 40 ilin sürücüsüdür, imtahanı neyləyir, kimi isə yaşının çox olduğunu və imtahana buraxılmadığını bildirib.
“65 yaşdan yuxarı insanlara imtahan verməyə icazə vermirlər. Mən necə imtahan verim. Həm də sürücülük vəsiqəm var, imtahana neyləyirəm”, - yaşlı sürücü deyib.
“Bundan sonra nə imtahanı verəcəyəm. Çörəyimdən olmuşam. Cərimələrin məbləğini artırıblar, heç yerdə maşın saxlaya bilmirik. Ortalıqda qalmışıq. Deyirlər, avtobus yoluna girməyin, orada dayanmayın, burada saxlamayın. Bəs biz necə dolanaq? İmtahan bunları dəyişəcəkmi? Biz məgər müəllimik ki, imtahan verək?”, -deyə narazılıqlar edilib.
Elməddin Muradlı
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürücülərim imtahanı DİM-in keçirdiyi digər imtahanlar formatında deyil. Sadəcə olaraq taksi sürücülərinin peşə fəaliyyətinə aid olan müəyyən bilik və bacarıqlar yoxlanılır.
“İndiyə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir çox sürücü üçün təlim mərkəzlərində bu imtahanları keçirib. Və 24 mindən artıq sürücü bu imtahanlardan keçərək sertifikat alıb. DİM indi ikinci mərhələni keçirir. Burada birinci mərhələdən keçə bilməyənlərə də növbəti dəfə şans yaradılacaq.
AYNA tərəfindən keçirilən imtahanlarda 100 nəfərdən biri və ya ikisi kəsilib. Ən pis nəticə belə olub. Böyük əksəriyyət bu imtahanlardan keçə bilir. Çünki onların sırf fəaliyyətinə aid olan suallardır. Orada Şah İsmayıl Xətaidən, Koroğludan sual verilmir. Metodiki vasitələr var. İnsanlar bunu tapıb oxuya bilərlər. Yaxud da illərlə taksi sürücüsü kimi fəaliyyət göstərirlərsə, onlar artıq bu sualların cavablarını bilirlər. Ümid edirəm ki, DİM çətinliklər yaratmadan insanların sosial vəziyyətini nəzərə alaraq onların fəaliyyətinə aid sualları tərtib edib imtahanları təşkil edəcək”.
Ekspertin sözlərinə görə, imtahan vermək üçün müraciət edənlərin sayı çox azdır.
“Respublika üzrə 100 min, Bakı şəhərində isə 75 min sürücü fəaliyyət göstərir. Onlardancəmi 1100-ü imtahan vermək üçün müraciət edib. Bəs qalanları haradadır?
Bəziləri düşünür ki, imtahandan keçsə də pul yığıb təzə maşın ala və xidmət göstərə bilməyəcək. Amma mən əminəm ki, mərhələli şəkildə hüquqi və fiziki şəxslər yeni avtomobillər gətirəcəklər və taksiçiliyə cəlb edəcəklər. Bu sahədə qaynar vəziyyət yaranacaq. Ona görə də tövsiyə edərdim ki, insanlar vaxtlarını boşuna keçirməsinlər. Gedib imtahanlarda iştirak edib sertifikatı alsınlar. Sertifikat əllərində olandan sonra digər məsələləri həll etmək asandır. Təbii ki, vətəndaş əmin olmalıdır ki, o sağlamdır və narkoman deyil. Yaxud da psixoloji problemi yoxdur. Sertifikat o deməkdir ki, bu adam artıq peşəni seçib, sirlərinə bələddir. İmtahanda yaş həddi yoxdur. İmtahanda iştirak etmək üçün şəxsin18 yaşı tamam olmalı və ən azı 3 il sürücülük vərdişlərinə yiyələnəlidir. 21 yaşdan yuxarı nə qədər istəsə bu imtahanlarda iştirak edə bilər. Avtomobilin texniki vəziyyəti əvvəl 15 ili keçməməli idi. İndi isə bu hədd 8 il göstərilib”.
Qeyd edək ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib.
Musavat.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara əsasən, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır. Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır.
Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minib.
Şahanə Rəhimli
Musavat.com