Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub. Bəs imtahanda iştirak etməyən, yaxud imtahanı uğurla keçə bilməyənlərin aqibəti necə olacaq?
Ekspert Aslan Əsədov “Yeni Sabah”a açıqlamasında bildirib ki, 1093 nəfərin imtahandan keçməməsi bir şeyi aydınlaşdırır ki, bizim sürücülərin bilgiləri azdır:
”Bilgilərlə yanaşı onun hadisələrə, mövzuya, yol hərəkətinə qarşı da etinazlığı var. Elan verilib və bu, proqram təminatı ilə, proqram vasitəsilə həyata keçirilir. Buna görə də burada hazırlanan sualların mahiyyətindən daha çox sürücülərin məsuliyyəti önəmlidir.
Ona görə mən düşünürəm ki, bu halda 2-ci şansın verilməsi prosesin gedişatından asılı olacaq. Çünki sürücülərin qeydiyyatı və qeydiyyat zamanı onların sayının azalması avtomatik olaraq gedişata təsir edə bilər. Sürücülərin azalmasına gətirib çıxara bilər və nəticədə də qiymətlər bahalaşar, narazılıqlar yaranar və s. kimi proseslər ola bilər.
Ona görə də burada əsas məqsəd seçimin aparılması, seçimə uyğun olaraq həqiqətən yararlı sürücülərin faydalarını artırmaqdır və ondan səmərəli istifadə qaydalarını öyrənməkdir. Mən belə proqnozlaşdırıram və gələcəkdə də bu kimi addımların atılacağı şünhəsizdir. Yəni, növbəti olaraq bunlar həyata keçirilə bilər. Lakin sürücülərimiz də məsuliyyətli olsunlar. Artıq onlar bir dəfə imtahanda olublar. Artıq bilirlər ki, imtahan qaydaları, prosesi, sualları nədir.Daha da təkmilləşdirib, oxuyub düzgün qərar qəbul edə bilmək üçün imkanları olacaq”.
Nəqliyyat eksperti Elməddin Muradlı da taksi sürücülərinin imtahanının keçirilməsi ilə bağlı DİM-in gec də olsa artıq hərəkətə keçdiyini açıqlayıb:
“Əvvəlcədən də elan verilmişdi. Çox təəssüf ki qeydiyyatdan keçənlərin sayı azdır. Görünür ki, taksi sürücüsü olmaq istəməyənlər var. Əvvəl bu işlə məşğul olub, lakin indi qayda-qanunla işləmək istəmirlər və s . Ancaq bu o qədər də qəliz bir imtahan prosesi deyil. Onların işinə aid suallar olacaq . Taksi fəaliyyəti, yol hərəkəti qaydaları, vətəndaşlarla ünsiyyət və s kimi məsələlər əhatə olunur. Hesab edirəm ki, bu imtahandan mütləq keçmək lazımdır. Yəni, gələcəkdə də təbii ki şans veriləcək.
Mən inanmıram ki, imtahandan kütləvi şəkildə kəsilənlər olsun. Nəzərə almaq lazımdır ki, bir peşə sahəsi ilə bağlıdır. Burada imtahandan kəsilmək çox nadir hallarda rast gəlinən bir prosesdir. Ən çox 100 nəfərdən 2-3-ü keçə bilmir. O da ki, müəyyən səbəblərə görə olur. Əvvəl bu, dil bilgilərinə görə idi. Məsələn rusdilli şəxs Azərbaycan terminlərini bilmirdi və s. Ondan sonra başqa variantlar tətbiq olunur ki, vətəndaşlar üçün çətinlik olmasın. İmtahandan keçə bilməsə də, təbii ki növbəti mərhələ də qəbul olunacaq. Yəni, imtahanlar mütəmadi olaraq həyata keçiriləcək. Çünki taksi sürücülərinə bu gün 5-i qoşulur, 5-i çıxır, başqa işə keçirlər və s. Müraciət olduqca imtahanlar da mütəmadi keçiriləcək. Mən belə başa düşürəm ki. DİM bunu il ərzində bir neçə dəfə keçirə bilər”.