Tailand COP29-da ədalətli enerji keçidini, İtki və Zərər Fondunun fəaliyyətini dəstəkləyəcək

Tailand BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) “yaşıl” iqtisadiyyata ədalətli keçidi təşviq etmək və iqlim dəyişikliyinin təsirlərinə daha çox həssaslıq nümayiş etdirən inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədilə İtki və Zərər Fondunun fəaliyyətinin təmini üçün istifadə etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə yerli "The Nation" nəşrinə Tailand hökumətindəki mənbə bildirib.

Nəşrin məlumatına görə, Tailandın mövqeyi baş nazirin müavini Prasert Cantararuanqtonun (Prasert Chantararuangthong) və təbii sərvətlər və ətraf mühit naziri Çalermçay Şri-onun (Chalermchai Sri-on) rəhbərlik etdiyi İqlim Dəyişikliyi üzrə Milli Komitə tərəfindən qəbul edilib.

“The Nation” vurğulayır ki, “ədalətli keçid” termini karbon emissiyalarının sıfıra endirilməsi yolunda cəmiyyətin bütün təbəqələrinin – icmaların, işçilərin, biznes və digər iştirakçıların maraqları nəzərə alınmaqla iqlim məqsədlərinə nail olunmasını nəzərdə tutur: “Bundan əlavə, İtki və Zərər Fondu iqlim dəyişikliyi nəticəsində dəyən zərərə görə inkişaf etməkdə olan ölkələrə kompensasiyanın verilməsi üçün inkişaf etmiş ölkələrin vəsaitləri konsolidasiya etməsinə imkan verəcək. 1 trilyon ABŞ dolları məbləğində vəsaitin yığılması məqsədilə Fonda illik töhfələrin 100 milyard ABŞ dolları olacağı gözlənilir.

Xatırladaq ki, COP29 Azərbaycanda 11-22 noyabr 2024-cü il tarixlərində keçiriləcək.

16.10.2024 11:20
146