Tahir Mirkişili hər il aşkar edilən nöqsanlardan DANIŞDI

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatından danışarkən bir sıra məsələlərə toxunub.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, Palatanın fəaliyyətindəki güclü və zəif tərəflərin hesabatda şəffaf əks olunması bu istiqamətdə açıq və səmərəli müzakirələrin aparılmasına şərait yaradıb:

“Nəzarət tədbirlərinin planlaşdırılmasında Milli Məclis deputatlarının çıxışlarının da nəzərə alınması, nəzarət tədbirlərinin əsasən icra edilməsi və bu barədə audit nəticələrinin Milli Məclisə təqdim edilməsi və dərc edilməsini yaxşı nəticə hesab edirik. Maliyyə auditinin əhatə dairəsinin 8.6 mlrd manata, uyğunluq auditinin əhatə dairəsinin isə 5.8 milyard manata yüksəlməsini müsbət hal olaraq qeyd edirik. Hesabatda iki və daha çox sayda audit keçirilmiş obyektlərin 69.6%-də maliyyə intizamının nisbətən güclənməsi qeyd edilib. Bu göstəricidən çıxış etsək, nəzarət tədbirlərinin həm maliyyə, həm də fəaliyyət baxımından əhatə dairəsinin davamlı olaraq genişlənməsini vacib sayırıq. Səmərəlilik auditinin fəaliyyət üzrə əhatə dairəsinin genişlənməsi bir çox maliyyə pozuntularının səbəblərinin erkən aradan qaldırılması üçün faydalıdır. Audit sahəsində aparılan araşdırmalar da göstərir ki, nöqsan və çatışmazlıqların erkən müəyyən edilməsi dəyən zərərin əhəmiyyətli hissəsinin qarşısının alınmasına imkan yarada bilir və bu, daha səmərəli fəaliyyətdir.

Ümumiyyətlə, müzakirələr göstərir ki, auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var. Fikrimizcə, nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda Palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq. Palata tərəfindən dövlət büdcəsi gəlirlərinin 95.4%, xərclərinin isə 77.6%-nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edirik”.

Tahir Mirkişili bildirib ki, hesabat ilində Palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərin izlənməsinin artırılmasını təqdirəlayiq hal hesab edir:

“Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunun üçün müəyyən maarifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq. Hesabatda 2023-cü ildə aparılan 31 uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, 27-də dövlət satınalmaları qaydalarının pozulması hallarına rast gəlinməsi göstərilib. Ümumilikdə pozuntu hallarının say olaraq çox olması bu sahədə ixtisaslı kadrların daha çox hazırlanmasını və elektronlaşmanın tətbiqinin sürətlənməsini günümüzün vacib tələbinə çevirib.

Son zamanlar bu istiqamətdə qanunvericilikdə edilən dəyişikliklər nəzarət mexanizmlərinin innovativ həllər üzərində qurulmasının dövlət siyasəti olduğunu göstərməkdədir. Bununla yanaşı, hesabatda göstərildiyi kimi, biz də dövlət orqanlarında daxili nəzarət mühitinin gücləndirilməsini, dövlət vəsaitinin proqnozlaşdırılması prosesinin təkmilləşdirilməsini, xərclərin düzgün rəsmiləşdirilməsi prosesinin gücləndirilməsini vacib sayırıq. Eyni zamanda, hesabatda göstərilən dövlət orqanlarında tez-tez rast gəlinən nöqsanlar bizi bir daha qanunvericilik aktlarında təkmilləşmələr aparmağa, hökuməti isə qəbul etdiyi qayda və normativləri yeniləməyə sövq edir. Hesabatda Palatanın fəaliyyətində vətəndaşa yönəlik təkliflərin icrası ilə bağlı məlumatların dərc edilməsini yüksək qiymətləndiririk.

Vətəndaşlara onlayn olaraq bu və ya digər sahədə və dövlət orqanında audit aparılması ilə bağlı təşəbbüslə çıxış etmək imkanının yaradılmasını təqdirəlayiq hal hesab edirik. Bu addım həm də parlamentçilik ənənəsinin maliyyə nəzarəti alətləri ilə zənginləşdirilməsi anlamına gəlməkdədir”.

E.Paşasoy,
Musavat.com

19.04.2024 13:32
994