Tahir Mirkişili: “2022-də ödəniş kartları ilə aparılan nəğdsiz əməliyyatların həcmi 24.4 mlrd. manat olub”  

Milli Məclis “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.

Musavat.com xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə ətraflı məlumat verdi. Bildirdi ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi və 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi prioritetinin icrası çərçivəsində hazırlanıb:

“Qeyd edim ki, 2023-cü il 01 yanvar tarixinə ölkədə emissiya edilmiş ödəniş kartlarının ümumi sayı – 13.6 mln. ədəd olub. Bu, son 5 il ərzində iki dəfə artım deməkdir. 2022-də ödəniş kartları ilə aparılan nəğdsiz əməliyyatların həcmi 24.4 mlrd. manat olub - son 5 ildə 8 dəfə artım - əməliyyatların sayı isə 460 mln ədəd olub - son 5 ildə 12 dəfə artım”.

Komitə sədri qeyd etdi ki, qanun layihəsi 9 fəsil və 68 maddədən ibarətdir. Dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir: “Qanun qüvvəyə minənənədək fəaliyyət göstərən subyektləri qanun qüvvəyə minənəndən 6 ay ərzində öz fəaliyyətlərinin bu qanunun tələblərinə uyğunlaşdırmalıdırlar. Layihə ödəniş xidmətlərinin növlərini, bu xidmətlərin göstərilməsi zamanı ödəniş xidməti təchizatçılarının hüquq və vəzifələrini, ödəniş təşkilatları, elektron pul təşkilatları və ödəniş sistemi operatorlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını, bu təşkilatlar üzərində həyata keçirilən dövlət tənzimlənməsi və nəzarətinin əsas aspektlərini, habelə ödəniş sistemlərinin təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi üzrə tələbləri müəyyən edir”.

Komitə sədri qeyd etdi ki, layihənin hazırlanması zamanı Avropa Parlamenti və Avropa Şurası tərəfindən qəbul olunmuş “Daxili bazarda ödəniş xidmətləri” və “Elektron pul təşkilatlarının fəaliyyətinin təşkil edilməsi və prudensial nəzarət haqqında” adlıdirektivlər, habelə qabaqcıl ölkələrin ödəniş sistemləri sahəsində təcrübələri əsas götürülüb: “Layihənin hazırlanmasında texniki ekspertiza çərçivəsində Dünya Bankının, habelə Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri cəlb olunub. Beynəlxalq təcrübənin təhlili məqsədilə qabaqcıl Avropa ölkələri ilə yanaşı, Gürcüstan, Türkiyə kimi yaxın qonşu ölkələrintəcrübələri də yaxından araşdırılıb. Layihənin komitə iclasında müzakirəsinə Mərkəzi Bankın və Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri iştirak edib və öz rəylərinin bildiriblər”.

E.Paşasoy,
Musavat.com

24.06.2023 13:46
356