“Krokus”da müdhiş terror olayından 10 gün ötdü. Ancaq icraçıları milliyyətcə taciklər olan bu qanlı aktın sifarişçisinin kimliyi ilə bağlı hələ ki qəti mövqe yoxdur.
Bu arada Rusiyada əmək miqrantı kimi çalışan taciklər kütləvi şəkildə öz vətənlərinə dönməyə başlayıblar. Bu barədə TASS-a Tacikistanın Əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin müavini Şahnoza Nodiri məlumat verib: “Çoxlu zənglər olur. Bunlar çox güman ki, sıxışdırılma ilə bağlı şikayətlərdən çox, vətəndaşlarımızın qorxusu ilə bağlıdır. Onlar arasında böyük təşviş var, çoxları oradan ayrılmaq istəyir. Biz indi vəziyyəti izləyirik, hazırda Rusiyadan qayıdanlar gedənlərdən çoxdur”.
Nazirlik Rusiyadan axının müvəqqəti hadisə olduğunu və dayanacağını gözləyir, həmçinin insanları internetdə etnik ədavət salmaq məqsədi daşıyan təxribat xarakterli mesajlara uymamağa çağırır. Nazir müavini əlavə edib ki, “gündəlik səviyyədə” Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də qeydə alınır, terror aktından sonra Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə hədə mesajları daxil olub.
Qeyd edək ki, Tacikistandan başqa ölkələrə işləməyə gedən miqrantların əksəriyyəti Rusiyanı seçir. Respublika Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min əmək miqrantından 627 mindən çoxu Rusiyaya gedib. Taciklər həm də böyük ödəniş müqabilində həvəslə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq, Ukraynada döyüşməyə gedirlər.
Bu arada terror hadisəsindən sonra hakimiyyət miqrantların ölkədə qalma şərtlərini sərtləşdirmək niyyətindədir. Tənzimləmə üçün müqavilə şərtlərinin iki il çərçivəsində məhdudlaşdırılması planlaşdırılır. “Kommersant”ın yazdığına görə, qanun layihəsi artıq hazırdır. Prioritet iki il müddətində işçilərin məqsədyönlü şəkildə işə qəbulu olacaq. Sonra işəgötürən bu mexanizmdən yenidən istifadə edə biləcək, məqsədli işə qəbul isə xüsusi şirkət tərəfindən aparılacaq. Qanun layihəsində deyilir ki, miqrantlar öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ola bilərlər. İdeya artıq Dövlət Dumasında dəstəklənib. Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 2023-cü ildə 75% artaraq 22 minə yaxın olub. Biznes dairələrində hesab edirlər ki, bu cür standartlar yalnız zərər verəcək. Rusiya Federasiyasında sənaye və mülki tikinti siyasəti kifayət qədər böyük miqrant axınını cəlb edir.
Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti təxminən 20 ildir ki, miqrantların məqsədyönlü işə cəlb edilməsi ilə məşğul olmağa çalışır və hamısı uğursuz alınıb. Problemin həlli hərtərəfli olmalı, iqtisadi, siyasi və mədəni aspektlər birlikdə nəzərə alınmalıdır.
Qeyd edək ki, Rusiyada təxminən 3 milyon civarında azərbaycanlının yaşadığı deyilir. Sözügedən qanun layihəsi bu ölkədəki azərbaycanlıların həyatına da təsir edə bilər.
Özbəkistanın Xarici Əmək Miqrasiyası üzrə Agentliyi isə Rusiyada yaşayan həmvətənlərinə səbəbsiz ictimai yerlərə getməməyi, şübhəli şəxslərlə ünsiyyət qurmamağı və qadağan olunmuş materialları saxlamamağı tövsiyə edib. Agentlik Rusiyaya səfər edən və ya artıq onun ərazisində olan Özbəkistan vətəndaşlarına ciddi təhlükəsizlik tədbirlərinə riayət etmələri xahişi ilə müraciət edib. “Martın 22-də Moskva vilayətində baş vermiş terror aktından sonra bütün Rusiya ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar Rusiyaya səfər edən, ölkə ərazisində qalan və ya ölkədən çıxan həmvətənlərimizdən tətbiq edilən tədbirlərin tələblərini nəzərə almalarını xahiş edirik”, - mesajda deyilir.
Agentlik həmçinin Özbəkistan vətəndaşlarına öz şəxsiyyətlərini, ölkədə qalma və ya işləmək hüququnu təsdiq edən sənədləri özləri ilə gəzdirməyi tövsiyə edir. Müraciətdə bildirilir ki, səfərləri planlaşdırarkən stansiyaya və ya hava limanına əvvəlcədən yola düşmək lazımdır.
Özbəkistan vətəndaşlarından xahiş olunur ki, problemli vəziyyətlər yaranarsa, Özbəkistanın konsulluq idarələrinə, habelə Rusiya Federasiyasındakı Xarici Əmək Miqrasiyası üzrə Agentliyinin nümayəndəsinə müraciət etsinlər.
Xatırladaq ki, martın 22-də etnik taciklərin “Crocus City Hall”da törətdiyi terror aktı ilə əlaqədar “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının sədri Sergey Mironov Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiqini təklif edib.
Bu hadisədən sonra Rusiyada asiyalı əmək miqrantlarına qarşı onsuz da yaxşı olmayan münasibətin daha da pisləşəcəyi gözlənilir.
Rusiyada yaşayan azərbaycanlıların sosial mediadakı paylaşımlarından aydın olur ki, azərbaycanlılarla bağlı narahatlığa hələ ki əsas yoxdur. Paylaşımlardan bəzilərini yazıya əlavə etdik:
“Moskva ətrafındayıq, məktəb,bağça qaydasındadır. Heç kimə ilişən yoxdur”;
“Biz tərəfdə sadəcə sənədləri düz olmayanları deport edirlər”.
Vüqar Bayramov: “Rusiya-Azərbaycan münasibətləri azərbaycanlıların çalışması üçün şərait yaradır”
Millət vəkili Vüqar Bayramov mövzunu “Yeni Müsavat”a belə şərh etdi: “Ümumiyyətlə, bir sıra ölkədə miqrantlara qarşı fərqli münasibət var. Rusiyada tacik miqrantlarla bağlı məsələ terrordan sonra aktuallaşdı. Bir sıra media qurumları da prosesə mənfi dəstək verirlər. Nəzərə almaq lazımdır ki, azərbaycanlı miqrantlarla bağlı hər hansı risk müşahidə olunmur. Miqrasiya qanunvericiliyində nəyinsə dəyişəcəyini və sərtləşəcəyini söyləmək çətin olsa da, bütün hallarda Rusiya-Azərbaycan münasibətləri azərbaycanlıların çalışması üçün şərait yaradır. Təxmini hesablamaya görə, Rusiyada yaşayan azərbaycanlıların sayı 2 milyon nəfər olsa da, onların 450 minə yaxını əmək miqrantıdır. Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi orta hesabla illik 1,5-2 milyard dollar arasında dəyişir. Vəsaitin böyük hissəsi regionlarda yaşayan ailələrə gedir, bu baxımdan da önəmlidir. Hazırda xüsusi risk yoxdur. Ümid edək ki, Rusiyada nəinki Azərbaycan, ümumiyyətlə, Mərkəzi Asiya respublikalarından olan miqrantlara münasibətdə aqressivlik və şərtlərin sərtləşdirilməsi müşahidə olunmayacaq. Azərbaycanlıların vəziyyəti, xüsusilə əmək hüququnun qorunması diqqət mərkəzindədir”.
Natiq Cəfərli: “Miqrantların ölkədən çıxarılması iqtisadiyyatı çökdürə bilər”
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat” şərhində bildirdi ki, taciklərlə bağlı vəziyyət terror aktı kontekstində qiymətləndirilməlidir: “İstər-istəməz Rusiyada miqrantlarla bağlı siyasət sərtləşəcək. Ümumiyyətlə, miqrantlara münasibət dəyişib. Onlara qarşı ciddi narazılıq dalğası yaranıb. Bu isə yeni xəbər deyil. Rusiyada millətçi kəsim miqrantlara qarşıdır. O ki qaldı azərbaycanlılara, onların arasında Rusiya vətəndaşlığını alanlar var. Rusiya hökuməti 700-800 min azərbaycanlının vətəndaşlıq aldığını deyir. Onlara qarşı hər hansı hərəkət edilməyəcək. Miqrant statusu olanlarla bağlı isə qaydalar sərtləşəcək. Bununla bağlı yeni sərtləşdirici qanun layihəsi hazırlanır. Layihəyə əsasən miqrantlar rus dilindən imtahan verməlidir, rus tarixini bilməlidir və s. Bu da bütün miqrantlara təsir edə bilər. Digər tərəfdən, Rusiyanın işçi qüvvəsinə ehtiyacı var. Miqrantların ölkədən çıxarılması iqtisadiyyatı çökdürə bilər. Ümumi mənzərə budur ki, bütün miqrantlara qarşı sərtləşmə siyasətinin şahidi ola bilərik”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”