Şvartsnegger siyasətə qayıdır – “dəmir Arni” birpartiyalı sistemə qarşıdır

Bu payızda ABŞ-da əlamətdar hadisə baş verəcək: Kaliforniyanın və bəlkə də bütün ölkənin ən məşhur “siyasi təqaüdçüsü”, Hollivud ulduzu 78 yaşlı Arnold Şvartsenegger aktiv siyasətə qayıdacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, hər iki partiyanın - Demokrat və Respublikaçıların təşəbbüsü ilə seçki dairələrinin sərhədlərində dəyişikliklərə qarşı mübarizəyə rəhbərlik etmək niyyətindədir. Amerikada çoxları inanır ki, rayonların yenidən qurulması bütün Amerika siyasi sisteminin dəyişməsinə səbəb olacaq. Konqresdə partiyalardan biri digəri üzərində həlledici üstünlük əldə edəcək. Faktiki olaraq ölkədə təkpartiyalı sistem inkişaf edəcək. Şvartseneggerin fikrincə, bu, hakimiyyətin bir əldə cəmləşə bilməyəcəyinə əsaslanan Amerika demokratiyasını sarsıdacaq.

“Gerrimandinq” indi Amerika politoloqlarının və siyasətçilərinin leksikonunda çox məşhur olan bir sözdür. Bu, ABŞ-da siyahıyaalma əsasında adətən hər 10 ildə bir dəfə edilən və çox vacib bir proses olan seçki dairələrinin sərhədlərinin dəyişdirilməsinə aiddir. Məsələ burasındadır ki, amerikalıların əksəriyyəti öz siyasi seçimlərində mühafizəkardırlar. Belə olur ki, bütün ailələr nəsillər boyu demokratlara və ya respublikaçılara səs verirlər. Ona görə də seçkilərdə hansı rayondan hansı partiyanı və ya namizədi dəstəkləyəcəyini təxmin etmək çox asandır. İndi bir sıra ştatlarda seçki dairələrinin bu cür yenidən təşkilinin vaxtından əvvəl həyata keçirilməsi qərara alınıb. Bu məsələni ilk qaldıran Respublikaçılar partiyasının hökumətdə çoxluq təşkil etdiyi Texas ştatı oldu. Onun təşəbbüsü ilə yerli rayonlar elə dəyişdiriliib ki, respublikaçılar 2026-cı ildə keçiriləcək aralıq seçkilərdə Konqresdə əlavə yerlər əldə etsinlər. Partiya üzvlərinin bu təşəbbüsü şəxsən ABŞ prezidenti Donald Tramp tərəfindən bəyənilib. Demokratlar qəzəbləniblər və simmetrik cavab vermək qərarına gəliblər. Onlar da Kaliforniyada rayonların sərhədlərinin öz xeyirlərinəə yenidən tərtib edilməsi barədə qərar qəbul ediblər. Ştat qanunları belə məsələlərin referendumla həllini tələb etdiyi üçün bu ilin noyabrın 4-nə təyin edilib. Bu zaman Şvartsenegger işə qarışıb.

O, 2003-cü ildən 2011-ci ilə qədər Kaliforniya qubernatoru vəzifəsində çalışaraq, bu vəzifəni tutan azsaylı respublikaçılardan biri olub. Şvartsenegger iki qanuni müddət ərzində ştata rəhbərlik edib və sonra çoxsaylı təkliflərə baxmayaraq, siyasi karyerasını davam etdirməmək qərarına gəlib. İndi isə o, yaşına və səhhətinin pis olmasına baxmayaraq (keçən il ürəyindən əməliyyat olunub), fikrini dəyişib. O, kaliforniyalıları yenidən bölünmə əleyhinə səs verməyə inandırmaq üçün bir kampaniyaya rəhbərlik etmək qərarına gəlib.

Musavat.com

02.09.2025 14:18
444