Suyun qabağını kəsən “əjdahalar”...

Azərbaycanda da su ehtiyatları sürətlə azalır, çünki...

Xəbər verdiyimiz kimi, bir neçə gün Bakı şəhəri Nəsimi və Yasamal rayonlarında sakinlər su üzünə həsrət qalıblar. Günün yalnız səhər saatlarında qısa vaxt ərzində içməli su verilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (İŞBSTX) bildirilib ki, sözügedən rayonlarda suyun fasilələrlə təmini Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri ilə bağlıdır. Təmir işləri artıq başa çatıb və bu gündən suyun verilişi tam bərpa olunmalıdır.

Əslində paytaxtda da, regionlarda da ciddi su problemi yeni deyil. İnsanlar içməli suyu əsasən marketlərdən alır. Bəzən bir ailənin bir aylıq içməli su məsrəfi 100 manatı ötür. Ümumən isə bu gün dünyada təxminən iki milyard insanın təhlükəsiz içməli suya çıxışı yoxdur və dünya əhalisinin yarısı ilin ən azı bir dövründə ciddi su qıtlığı yaşayır. Yerdəki suyun yalnız 0.5%-i istifadəyə yararlı və mövcud şirin sudur və iqlim dəyişikliyi bu amilə təhlükəli şəkildə təsir edir. Son 20 ildə torpaq nəmi, qar və buz da daxil olmaqla yerüstü su ehtiyatı ildə bir sm-ə qədər azalıb və bu vəziyyət su təhlükəsizliyi baxımdan önəmli nəticələr doğurur.

Ümumdünya Resurslar İnstitutunun məlumatına görə, 36 ölkə artıq su stressi şəraitində yaşayır. Bu o deməkdir ki, yaşayış məntəqələri, sənaye və təsərrüfatlar tərəfindən tələb olunan su mövcud ehtiyatları tam istifadə edir.

Su böhranı illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir.

Hollandiyanın Tvente Universitetinin alimləri Yer kürəsinin içməli suyun çatışmazlığından əziyyət çəkən əhalisini qiymətləndiriblər. Müəlliflər tədqiqatlarının nəticələrini “Science Advances” jurnalında dərc ediblər. İçməli suyun çatışmazlığından əziyyət çəkən insanların yarısı Hindistan və Çində, digərləri isə Avstraliya, Banqladeş, Pakistan, Meksika və ABŞ-ın cənub-qərbində (Kaliforniya, Texas və Florida ştatları). Rusiya, Braziliya və Kanada, həmçinin Mərkəzi və Şərqi Avropa su qıtlığından əziyyət çəkmirlər. Ümumilikdə su çatışmazlığı ilə hər il dünya əhalisinin 2/3-si (təxminən 4 milyard insan) üzləşir.

Azərbaycanın yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur. Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir. Quraqlıq illərində su ehtiyatlarının azalması, daxili çayların su axının əsas sərfinin yaz mövsümünə düşməsi və onların əksəriyyətinin axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir.

Azərbaycan əhalinin sayına və əraziyə nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir. Adambaşına düşən və ərazinin hər kv kilometrinə düşən su ehtiyatına görə Cənubi Qafqazda ən çətin vəziyyət bizdədir. Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.

Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşır. Qlobal quraqlıq və su problemi kəskinləşəndə ölkə xaricindən gələn su mənbələrindən su götürmək mümkün olmaya bilər. Bu vəziyyətdə qonşu ölkələr transsərhəd çaylardakı su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcək. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu, çox ciddi strateji təhlükədir.

Ona görə də su resurslarının qorunması, onlardan səmərəli istifadə, su mənbələrinin çirklənməsinə və qurumasına səbəb olan amillərin aradan qaldırılmasına ehtiyac böyükdür və bu məsələni təkcə inzibati metodlarla tənzimləmək mümkün deyil. Əhalinin bu işdə iştirakı da son dərəcə vacibdir.

Su böhranları artıq illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir.

Bəzi ölkələrdə bu vəziyyət silahlı münaqişələrə səbəb olub. Bunun misalı kimi 2021-ci ildə Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmalarını göstərmək olar. Eyni su problemi Özbəkistan və Tacikistan arasında da mövcuddur. Afrika ən böyük su münaqişələri görən regionlardandır. Efiopiyanın ərazisindən axan Nil çayının üzərində tikilən yeni bənd bu ölkənin Misir və Sudanla əlaqələrini kəskin şəkildə korlayıb. Hər iki ölkənin narazılığı “Nilin keşikçiləri” adlı birgə hərbi təlimlərlə nümayiş olunub.

Sudana gəldikdə isə su resursları uğrunda aparılan və yüz minlərlə insanın ölümünə səbəb olan qanlı münaqişə ölkənin parçalanması ilə nəticələnib. Hindistanın Şimal düzənlikləri dünyanın ən məhsuldar əkinçilik sahələrindən biridir, lakin bölgə Çindən aldığı suya möhtacdır və onun qıtlığı müntəzəm sərhəddəki mübahisələrə səbəb olur. 3 il əvvəl Qalvan vadisində baş verən toqquşmada 20 hindistanlı həlak olmuşdu.

BMT-nin saytında su çatışmazlığının mümkün həlli yolları sadalanır. Onlar arasında bəndlər və su anbarları, yağış sularının yığılması, su kəmərləri, ərazidə aparılan duzsuzlaşdırma işləri qeyd olunur. Bura həmçinin suyun təkrar istifadəsi və qorunması daxildir.

Baham adaları, Maldiv adaları və Malta kimi bir sıra ölkələr bütün su ehtiyaclarını duzsuzlaşdırma prosesi vasitəsilə qarşılayır. Səudiyyə Ərəbistanı bu yolla (34 milyon əhalisi) içməli suyun təxminən 50 faizini əldə edir, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bildirir.

Dünya Bankının saytındakı Azərbaycan barədə məqalədə deyilir ki, hökumət suvarma kanallarından tutmuş bəndlərə, su təchizatı obyektlərinə qədər mühüm infrastruktura 3 milyard dollardan çox sərmayə qoyub.

Son iyirmi ildə 50-dən çox şəhərdə böyük investisiya proqramı vasitəsilə su təchizatına çıxış artıb, ötən il dərc olunan yazıda deyilir.

"Lakin bu xidmətlərin keyfiyyəti qeyri-standart aktivlərin idarə edilməsi, zəif korporativ idarəetmə, qeyri-kafi əməliyyat kimi problemlərdən əziyyət çəkir", - Dünya Bankının saytındakı məqalədə deyilir.

Bu arada Dünya Bankı və Asiya Bankının ötən ilki proqnozlarına görə qarşıdan gələn illər ərzində Azərbaycanda havanın orta temperaturu qlobal göstəricilərdən daha sürətlə yüksələcək.

Bu amil o cümlədən kənd təsərrüfatında məhsuldarlığı azalda, səhralaşma və torpağın şoranlaşması problemlərini kəskinləşdirə, suvarma tələbini artıraraq ölkənin su təchizatına daha çox təzyiq göstərə bilər.

Yazını hazırladı:  Sevinc TELMANQIZI

16.08.2024 11:12
3715