Suvorov... Kutuzov.... Jukov... – Kreml əyanları “şanlı tarix”ə tez-tez ekskurs edirlər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən ölkəsinin Ukraynada apardığı müharibədən danışarkən deyib ki, Rusiya əvvəlki müharibələrdə olduğu kimi bundan da güclənərək çıxacaq. Nazir Aleksandr Nevskini də misal çəkib, rusların Naloleonu Moskvadan qovmasını da, Hitlerin məğlub edilməsini də.

Əslində bütün xalqlar öz görkəmli sərkərdələri ilə fəxr edir, onların qalib gəldikləri savaşları dərsliklərə salır, tədris edirlər. Monqollar Çingiz xanı, özbəklər Əmir Teymuru, qazaxlar Toxtamış xanı, iranlılar Şah İsmayıl və Nadir şahı (bunların biz də dəxli var deyə biz də fəxr edirik), fransızlar Napoleonu və Şarl de Qollu, italyanlar Qaribaldini, başqa xalqlar da öz sərkərdələrini sevir, öyürlər.

Əlbəttə, ruslar da istisna deyil. Onların da tərifləyib göyə qaldırdıqları sərkərdələr var və xeylidir.

Bu, ona görə belədir ki, Rusiya tarixinin çox hissəsi müharibələrdən ibarətdir. Çox müharibə edən xalqlar isə istər-istəməz öz içlərindən qəhrəman sərkərdələr, igid döyüşçülər çıxarırlar.

Sovet dövründə nə qədər ideoloji aspektdən ziddiyyət təşkil etsə də, bütün SSRİ xalqlarının şagirdlərinə məhz rus sərkərdələrin həyatlarından və döyüşlərindən bəhs edirdilər. Onlar imperatora, çara qulluq etmiş, əsasən işğalçılıq müharibəsi aparmışdılar, amma daima xalqlar dostluğundan, ədalətdən, sinfi bərabərlikdən danışan kommunistlər hesab edirdilər ki, rus sərkərdələr başqa xalqları əsir etsələr də, düz iş görüblər, ona görə də onların irsi öyrənilməlidir.

Bu üzdən idi ki, sovet məktəbliləri Aleksandr Nevski, admiral Naximov, Alekander Suvorov, Mixail Kutuzov, Dmitri Donskoy, admiral Uşakov, Georgi Jukov kimi sərkərdələri yaxşı tanıyırdılar. Onların heykəlləri də vardı, adlarına küçə-filan da vermişdilər.

İndi baxaq, görək, rusların ən sevimli sərkərdələri kimlərdir və hansı qələbələr qazanıblar.

Aleksandr Suvorov (1730-1800)

Без названия (1)-3.jpg (9 KB)

Suvorovun əsas döyüşləri aşağıdakılar olub: Kinburn döyüşü, Fokşanı, Rımnik, İsmayıla hücum, Praqaya hücum.

O, rus xalqının ən sevimli sərkərdələrinin başında gəlir. Suvorov öz ordusunda ciddi nizam-intizam qursa da, necə deyərlər, tabeçiliyində olanlara zülm etsə də, əsgərlər onu sevirmişlər. Ona görə də o, rus folklorunun qəhrəmanına çevrilib. Suvorov “Qələbə elmi” kitabı yazıb, qələbə qazanmağın düsturunu xırdalayıb.


Barklay de Tolli (1761-1818)

Onun əsas döyüşləri belədir: Oçakova hücum, Praqaya hücum, Pultusk döyüşü, Prussiya-Eylau döyüşü, Smolensk döyüşü, Borodino döyüşü, Torn mühasirəsi, Bautzen döyüşü, Drezden döyüşü, Kulm döyüşü, Leypsiq döyüşü, La Rotierre döyüşü, Arcy-sur-Aubes döyüşü, Fer-Şampenua döyüşü, Parisin tutulması.

Göründüyü kimi, de Tolli döyüşə-döyüşə, işğal edə-edə Çexiyadan, Almaniyadan keçib, düz Parisə qədər gedib.

Onun əsas fərasətli işi o olub ki, "yanmış torpaq" taktikası icad edib. Bu, düşmənin hücumu qarşısında geri çəkilə-çəkilə hər şeyi yandırmaqdır – düşmənin əlinə əsgərlər və heyvanlar üçün azuqə keçməsin deyə.

Mixail Kutuzov (1745-1813)

kutuzov.jpg (21 KB)

Onun əsas döyüşləri bunlardır: İsmailə hücum, Austerlitz döyüşü, 1812-ci il müharibəsi: Borodino döyüşü.

Mixail Kutuzov məşhur hərbi liderdir və sevimli sərkərdələrdəndir. Rusiya-Türkiyə müharibəsində gözünün birini itirəndə II Yekaterina onun haqqında deyib: “Kutuzovu qorumaq lazımdır. O, mənim böyük generalım olacaq”. Kutuzov başından iki dəfə yaralansa da, hər iki yara o zaman ölümcül hesab edilsə də, sağ qalıb. O da Barklay de Tollinin taktikasını tətbiq edib, yandıra-yandıra geri çəkilmək ustası olub, sonra qəsbkarları gəldikləri yerə qədər qovub. Onun qatıldığı Borodino döyüşü 19-cu əsrin ən böyük və ən qanlı döyüşlərdən biridir. Hər iki tərəfdən 300 mindən çox insan döyüşüb və döyüşçülərin üçdə biri yaralanıb və ya öldürülüb.


Skopin-Şuiski (1587-1610)


Skopin-Şuiski də nüfuzlu sərkərdə sayılır. Onun əsas şücaəti odur ki, Bolotnikov üsyanını yatırıb, Moskvanı II Dmitrinin (Yalançı) mühasirəsindən azad edib.

Dmitri Donskoy (1350-1389)

Orta məktəbin tarix kitabından şagirdlərə yaxşı bəlli olan Donskoy Litva ilə müharibədə, Mamay xan və Toxtamış xanla savaşda fərqlənib.

Kulikovo döyüşündəki qələbəyə görə Dmitri İvanoviçə “Don” ləqəbi verilib. Bu döyüşün bütün ziddiyyətli qiymətləndirmələrinə və boyunduruq dövrünün təxminən 200 il davam etməsinə baxmayaraq, Dmitri Donskoy rus torpağının əsas müdafiəçilərindən biri hesab olunur.

Pyotr Baqration (1765-1812)

baqrat.jpg (8 KB)

Baqration rus olmasa da, ruslara xidmət etdiyinə görə ruslar onu rus sərkərdəsi sayırlar. Gürcü krallarının nəslindən olan Pyotr Baqration həmişə qeyri-adi cəsarəti, soyuqqanlılığı, qətiyyət və əzmkarlığı ilə seçilib. Döyüşlər zamanı o, dəfələrlə yaralansa da, heç vaxt döyüş meydanını tərk etməyib. 1799-cu ildə İsveçrə yürüşü zamanı Suvorov Alp dağlarını keçəndə Baqrationun əsl general olması üzə çıxıb.

Knyaz Pojarski (1578-1642) Moskvanın polyaklardan azad edilməsində qəhərmanlıq edib, Romanovların Rusiya taxtına gəlməsində həlledici rol oynayıb

Mixail Vorotinski (1510 - 1573) Krım və Kazan tatarlarına qarşı hərbi kampaniyalar aparıb, Molodi döyüşündə qəhrəmanlıq edib.

rokos.jpg (480 KB)

Konstantin Rokossovski (1896-1968) I və II dünya müharibələrinin, eləcə də Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olub, marşal rütbəsinə yüksəlib, Polşada müdafiə naziri işləyib.

Yermak (?—1585) Sibirin fatehi sayılır. Uraldan o tərəfdə yaşayan azsaylı xalqların ordusu olmamasından istifadə edən Yermak Timofeeyviç böyük bir ərazini rus torpaqlarına qatıb. Çar İvan Qroznı onu "böyük biabırçılıq qorxusu ilə" geri qaytarmaq və ondan Perm bölgəsini qorumaq üçün istifadə etmək istəyərkən, məlum olub ki, Yermak artıq Kuçumun paytaxtını tutub.

Aleksandr Nevskinin (1220-1263) əsas döyüşləri Neva döyüşü, litvalılarla müharibə və buz üzərində döyüş olub. Nevski Almaniya, İsveç və Litva feodallarına qarşı uğurlu yürüşlər edib. Ruslar fəxr edirlər ki, Aleksandr Nevski 12 hərbi əməliyyat keçirib və heç birində uduzmayıb.

Boris Şeremetyev (1652-1719) Krım və Azov kampaniyalarında, Şimal müharibəsində fərqlənməsi ilə məşhurdur.

Aleksandr Menşikov (1673-1729) monarxdan "hersoq" titulu alan yeganə zadəgandır. Şimal müharibəsinin qəhrəmanı olaraq generalissimus rütbəsi alan Menşikov ömrünü sürgündə başa vurub.

Peter Rumyantsev (1725 - 1796) Rusiya-İsveç müharibəsində, Reyn kampaniyasında, 7 illik müharibədə, iki dəfə Rusiya-Türkiyə müharibəsi (1768-1774 və 1787-1791-ci illərdə) sərkərdəlik edib. Qraf titulu alıb, Rusiya hərbi doktrinasının banisi hesab olunur.

Qriqori Potyomkin (1739-1796) Rusiya-Türkiyə müharibəsində (1768-1774), Qafqaz müharibəsində (1785-1791), sonra yenə Rusiya-Türkiyə müharibəsində (1787-1791) komandanlıq edib. II Yekaterinanın sevimlisi olub, general feldmarşal rütbəsi alıb.

Aleksey Yermolov (1772-1861)

yermol.jpg (106 KB)

1812-ci il müharibəsində iştirak edən Yermolov xalqın yaddaşında “Qafqazın ramedicisi” kimi qalıb. O. sərt hərbi siyasət yeridib, amansızlıqlar edib.

Pavel Naximovun (1803-1855) əsas döyüşləri Navarino döyüşü, Çanaqqalanın mühasirəsi, Sinop döyüşü, Sevastopolun müdafiəsi olub.

Mixail Skobelev (1848-1882) əvvəlcə Avropanın göbəyində, Polşada döyüşüb (1863), sonra Asiyanın mərkəzinə, Xivəyə (1873), Kokanda hücum edib (1875-1876), Rusiya-Türkiyə müharibəsində iştirakçı olub.

Vasili Çuykov (1900-1982) Rusiyadakı vətəndaş müharibəsidə, Qırmızı ordunun Polşa kampaniyasında, sovet-fin müharibəsində, yapon-Çin müharibəsində, sovet-alman müharibəsində komandanlıq edib, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı alıb.

İvan Konyev (1897-1973) I və II dünya müharibələrində, Rusiyadakı vətəndaş müharibəsində iştirak edib, o da Jukov kimi “Qələbə marşalı” hesab olunur. Berlin divarının tikintisinə Konev rəhbərlik edib. 1941-45 müharibəsində ona "Suvorov" ləqəbi verilib.

marşalkonjuk.jpg (70 KB)

Georgi Jukov (1896-1974) ən məşhur sovet marşalıdır, faşist Almaniyası üzərində qələbənin iki rəmzi adından biridir. Bundan başqa, o I dünya müharibəsində, Rusiyada vətəndaş müharibəsi, Xalxin-Qol döyüşlərində iştirak edib, 1956-cı ildə Macarıstanda xalq üsyanının silah gücünə yatırılmasında da “əməyi” olub. Jukovun tənqidçiləri onu milyonlarla sovet əsgərini mənasız yerə qırğına verməkdə, qələbələrini milçək kimi qırılan insanların hesabına qazanmaqda itttiham edirlər.

Aleksandr Vasilevski (1895-1977) I və II dünya müharibələrində, Rusiyada vətəndaş müharibəsində iştirak edib, 1942-1945-ci illərdə sovet hərbi rəhbərliyində Stalin və Jukovdan sonra üçüncü fiqur olub, marşal rütbəsi, qəhrəman adı alıb.

Bunlardan başqa, Dmitri Xvorostinin (1535/1540-1590), Mixail Şeyn (1570-ci illərin sonu - 1634), İvan Patrikeyev (1419-1499), Daniel Xolmski (? - 1493), Vladimir Kornilov (1806-1854) da “böyük rus sərkərdələri” hesab olunur.

Təbrizi işğal edən İvan Paskeviç, Gəncəni tutandan sonra Bakını da işğal etməyə çalışan, İçərişəhərin girəcəyində, Qoşa Qala qapısında başı kəsilən Pavel Sisianov “böyük sərkərdələr”in sırasında yer almırlar.

Təbii ki, iki dəfə rəhbərlik etdiyi diviziyanı aparıb diricə faşistlərə satan, öz ölkəsinə və millətinə qarşı vuruşan general Andrey Vlasov da bu siyahıya düşməyib.

Gördüyünüz kimi, “böyük sərkərdələr”in demək olar ki, hamısı işğalçı orduya başçılıq ediblər. Biri Çanaqqala boğazını mühasirədə saxlayıb, o biri Sibiri işğal edib, başqa biri Xivə və Kokandın üzərinə hücum edib, digəri İsveçrə, Polşa, Litva, İsveç, Almaniya, Fransa və başqa ölkələrə hücum edərək “qələbələr” qazanıb. Rusiyanı böyük ölkə edən məhz bu marşallar, generallar, sərkərdələr olub.

İndi Putin, Lavrov və patriot ruslar öz tarixlərinə, iz qoymuş sərkərdələrinə baxır, ümid edirlər ki, indiki müharibədə də ortaya parlaq strateji zəkalı bir general çıxacaq və Ukrayna üzərində qələbə qazancaq.

Amma bu, real görünmür. Birincisi, indiki rus generallarının əksəriyyəti “parket generalları”dır, poliqon görməyiblər, isti kabinetlərdə otura-otura general olublar. İkincisi, indi dünya yiyəsiz deyil. Rusların köhnə sərkərdələri azsaylı xalqları, özlərindən zəif dövlətləri ram edə biliblər. Hazırda isə bütün Avropa onlara qarşıdır.

Araz Altaylı, Musavat.com

 

18.06.2023 09:01
4647