Rusiyanın “Vneşekonombank” (VEB) dövlət korporasiyasının rəhbəri, baş nazirin keçmiş müavini İqor Şuvalov üçün yeni lüks təyyarə alınıb.
Musavat.com xəbər verir ki, hazırda sanksiya altında olan bu bank Kiprdəki ofşor firma vasitəsilə “Bombardier Global 6000” təyyarəsi sifariş edib.
Həmin təyyarənin göyərtə nömrəsi RA-67777 olaraq qeyd olunub. Gömrük sənədlərinə əsasən, onun dəyəri 67,3 milyon dollar olub. Razılaşma 2022-ci ilin iyununda baş tutub.
Təyyarəni satan isə Cənubi Kiprin “Genetechma Finance Limited” ofşor şirkəti olub. Bu şirkətin adı skandal Panama sənədlərində də keçir.
Məlum olub ki, 70 milyonluq RA-67777 biznes-jeti ancaq İqor Şuvalova xidmət edir. İyunun 19-da Şuvalov və onun “Bombardier”i Vyetnamda görünüb. İyulun 17-də isə İqor Şuvalov yeni “Bombardier” ilə Yujno-Saxalinskə uçub və orada qubernatorla görüşüb.
“Bombardier”li uçuşlar mayın 26-da Daşkənd sammitində, mayın 16-da Pekində keçirilən sammitdə də qeydə alınıb.
Yeni təyyarə Şuvalova BƏƏ-dəki villasına da uçmağa imkan verib. Aprelin 21-də “Bombardier” Dubaya enib.
Xatırladaq ki, Şuvalovlar ailəsi milyarder Dmitri Rıbolovlevin villasının qonşuluğunda 8 milyon dollarlıq villa alıb.
Musavat.com