Qarabağın işğaldan azad edilməsindən sonra ermənilər hüquqi tərəfdən Azərbaycana qarşı iddia qaldırmaq şanslarının olduğunu bilə-bilə buradakı bəzi abidələrə qarşı “erməni” damğası vurmağa cəhd edirlər. Onların belə cəhdlərindən biri də Şuşada hazırda təmir edilməkdə olan Qazançı kafedral kilsəsini erməniləşdirməkdir. Ermənilərin “Kazançetsots” adlandırdıqları kilsə barədə iddiaları da gülüncdür və çox təəssüf ki, bizim bəzi mediada da bu yanlış məlumatlar verilir ki, ermənilər də bundan yararlanırlar.
Dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, hətta bəzən dövlət qəzetlərində yazılır ki, guya rus əsgərləri ibadətlərini və bəzi dini ayinlərini rahat icra etsin deyə 1858-ci ildə rus komandanlığının göstərişi ilə zəng qülləsi, 1868-1887-ci illərdə kilsə tikilib.
“Guya kilsənin tikintisində işləmək üçün indiki Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kəndindən Şuşaya erməni əhali köçürülüb. Yerli əhali Culfadan gələn erməniləri “qazançılar” adlandırıblar. Elə bu səbəbdən də kilsənin adına Qazançı kilsəsi deyiblər. Bu cür yanlışlıq etmək olmaz. Ermənilərin iddia etdiyi kimi, bu kilsəni Naxçıvanın Qazançı kəndindən bura köçən ermənilər 1722-ci ildə tikməyiblər. Əgər tiksəydilər, Qazançı kafedral kilsəsində erməni-qriqoryan memarlıq üslubunu və ən azı ornamentlərini burada görmək olardı. Onda əks sual yaranır: niyə onun memarlıq üslubu erməni kilsə memarlığından fərqlənir?
Kilsə əvvəllər, 1722-ci ilə qədər, Alban memarlığına aid birnefli məbəd olub. Təkcə Şuşada olan Qazançı kilsəsi ilə bağlı deyil, ümumiyyətlə, Azərbaycanın Qarabağ bölgəsində olan Alban xristianlıq dövrünə aid olan abidələr də saxtalaşdırılıb. Bunlardan biri də adı çəkilən məbəddir. Alban memarlıq məktəbinə daxil olan Şuşadakı məbədin rus işğalına qədər memarlığı dördbucaqlı, planlı, birnefli zalı olub. Şərq hissəsində yarımdairəvi apsis, sağ və sol tərəflərində müqəddəsliklər olub. Şimal divarında vəftiz şrifti qorunub saxlanılıb. Silindrik tonoz pilasterlərdən yuxarı qalxan uzununa və eninə tağlara söykənirdi. Damı gövdəli, torpaq bəndi olub. Əhəng məhlulu ilə yarı emal edilmiş əhəng daşından tikilmiş idi. Pəncərə və qapı açılışları, tağlar və altlıqlar təmiz yonulmuş daşlardan hörülmüş idi. Yeganə giriş cənubdan açılırdı. Qeyd edim ki, erməni kilsələrinin memarlıq üslubunda iki giriş olur, tək giriş isə Alban memarlıq məktəbinə məxsusdur. İbadət zalı yeddi pəncərə ilə işıqlandırılıb.
Qaynaqlar yazır ki, “Məbədin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Diofizit kilsələrinin memarlıq nöqteyi-nəzərdən altar hissəsi döşəmə səviyyəsindən 25 sm-dən başlayaraq, maksimal hündürlüyü 50 sm olub. Keşişin orada etdiyi hərəkətlərin kilsəyə ibadətə gələn şəxslər tərəfindən görülməsi qadağandır.
Bir faktı da qeyd edim ki, Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində, eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.
Bəs niyə Qazançı adlanır? Qeyd etdiyim kimi, buranın adının Culfa rayonunun Qazançı kəndi, yaxud qazançılar ilə heç bir əlaqəsi yoxdur. Ona qalsa, Zəngilan, Ağdərə, Goranboy, Ağdam, Şörəyel və Ağbaba mahalında da Qazançı adını daşıyan kəndlər olub. Bu məntiqdən baxsaq, ən yaxın ərazi elə buralar sayılırdı, Naxçıvandan niyə dəvət edirdilər, özü də erməniləri? O dövrdə ermənilərin sayı nə qədər idi ki, Culfada?
Bu məbəd türkdilli qədim bulqarların Kazan/Qazan tayfasının adı ilə bağlıdır. Mənbələrə görə, onlar ilk dəfə eramızdan əvvəl II əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəliblər. Eramızın ilk əsrlərində hunların, suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşıblar. Cənubi Azərbaycan ərazisində, habelə Ukrayna, Başqırdıstan, Tatarıstan, Qərbi Sibir və s. yerlərdə də qazanlarla bağlı toponimlər mövcuddur. Xristian dininə aid olan bulqarların Kazan-Qazan tayfası da Şuşada ibadət üçün özlərinə birnefli məbəd inşa ediblər. Onların tayfalarına görə də Kazançı/Qazançı adlanıb bura. Buna görə də Qazançı oykoniminin əsasında dayanan Qazan komponenti qədim bulqar tayfalarından birinin adıdır.
Ona görə də bu kilsənin nə ruslara, nə də ermənilərə aidiyyəti var. Ruslar Qarabağı işğal edəndən sonra əsgərlərin ibadəti üçün yer azlıq edirdi deyə, buranı onlar ilk günlər genişləndirib pravoslav kilsəsinə çeviriblər. Kilsənin üzərindən asılan zəng, Şuşadakı rus komandanlığının tələbi ilə Rusiyanın Tula şəhərində hazırlanaraq, hərbçilərin köməyi ilə Şuşaya gətirilmişdi. 1868-1887-ci illərdə isə Alban məbədini sökərək onun xarabalığı üzərində, rus provaslav kilsə memarlığı üslubunda yeni kilsə tikiblər. Adını da qoyublar “Müqəddəs Xilaskar Kafedralı”. Bir məlumatı da bildirim ki, hətta ermənilərin özlərinin kitablarında yazılır ki, “Qazançı kilsəsinin əsası 1858-ci ildə “başqa kilsənin üzərində” qoyulub, 1868-87-ci illərdə tam inşa edilib”. Hətta Mesrop Taxiadyanın 1820-ci ildə yazdığı “Ermənistana səyahət” kitabında 1820-ci illərə qədər burda Alban kilsəsinin olduğu tam aşkar yazılır.
Qeyd edim ki, rus işğalından sonra 1816-cı ildə ilk kilsə, ikincisi 1822-ci ildə, üçüncüsü 1832-ci ildə və dördüncüsü – Qazançılar 1887-ci ildə tikilib. 1827-ci il noyabrın 4-də I Nikolayın fərmanı ilə İrəvanın baş məscidi dəyişdirilib xristian kilsəsinə (в честь Покровка Пресвятой Богородицы) çevrildi”, - Z. Əliyev qeyd edib.
Şahanə Rəhimli
Musavat.com